Nazirlər Qarabağa böyük qayıdışla bağlı görüləcək işləri müzakirə etdilər - FOTO
Ölçü:

Dekabrın 3-də UNEC İqtisadi Forumu 2021 “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda keçirilən sonuncu panel ilə yekunlaşıb.

Koordinat.az xəbər verir ki, forumun panelində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev iştirak ediblər.

Panelin açılışında çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğalçı Ermənistanın 30 ilə yaxın dövrdə Qarabağın təbiətinə vurduğu ciddi ziyanlardan söz açıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda hazırda mərhələli şəkildə bərpa işlərinin aparıldığını deyib. M.Babayev sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın və təmiz ətraf mühitin təmin olunmasının əsas strateji istiqamətlər kimi göstərildiyini bildirib.

Nazir Azərbaycanın 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaratmaq barədə niyyətindən də danışıb: “Həmin ərazilərin bərpası zamanı "yaşıl" kənd təsərrüfatı, "ağıllı şəhərlər və kəndlər” konsepsiyasının tətbiqi, "yaşıl" enerji zonasının yaradılması və geniş ərazilərdə meşələrin bərpası bu hədəfə çatmağa imkan yaradacaq. Qlobal iqlim dəyişmələri fonunda “Yaşıl enerji zonaları”nın yaradılması regional səviyyədə ölkəmizin yaşıl inkişafının təmin edilməsinə töhfə olacaq”.

M.Babayev işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rol oynadığını, bu baxımdan görüləcək tədbirlər çərçivəsində akademik sektorla, o cümlədən UNEC və digər təhsil ocaqları, beynəlxalq elmi-tədqiqat institutları ilə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Sonra kənd təsərrüfatı naziri İnam Kərimov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi istiqamətində aparılan işlərdən söz açıb. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindən prioritet sahələrdən biri kimi elan olunduğunu və kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasının davam etdiyini bildirib.

“Artıq azad edilmiş torpaqlarımızda payızlıq və yazlıq əkinlər aparıləır”, deyən nazir bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinin təmin edildiyini diqqətə çatdırıb.

Forumda çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yanğın Qarabağda rəqabətqabiliyyətli biznes mühitinin yaradılmasının çox mühüm amillərdən biri olduğunu deyib. O, Qarabağda konqres mərkəzlərinın yaradılmasının, Davos forumu kimi önəmli tədbirlərə məhz həmin ərazilərin ev sahibliyi etməsinin strateji önəm daşıdığını bildirib. ATİB sədri işğaldan azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılmasını da önə çəkib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev işğaldan azad olunan ərazilərdə reallaşdırılacaq “yaşıl enerji” layihələri barədə məlumat verib. O, “yaşıl enerji zonası” konsepsiyasının hazırlanması üzərində işlər aparıldığını deyib. Qababağın günəş və külək enerjisi potensialından söz açan T.Əmmayev Cəbrayıl və Zəngilanın günəş, Laçın və Kəlbəcər rayonlarının isə külək enerjisi potensialı ilə zəngin olduğunu diqqətə çatdırıb.

Forumun moderatoru, Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev Qarabağa böyük qayıdışın dayanıqlılığının vacibliyindən danışıb. Dayanıqlılığın birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə əlaqəli olduğunu deyib.

Fond rəhbəri Qarabağın təhsil mərkəzinə çevrilməsi məsələsinə də toxunub: “Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir. Eyni zamanda, Qarabağın elmi potensialından istifadə edilməsi böyük və uzun yoldur. Burada dayanıqlı məskunlaşma insanların bilik və bacarıqlarının inkişafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiyası prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması nəzərdə tutulur”. R.Hacıyev Ağdamda xüsusi təhsil kvartalının yaradılacağının və həmin ərazidə Qarabağ Universitetinin təməlinin qoyulacağını da deyib.

İştirakçıların böyük maraqla dinlədikləri çıxışlardan sonra suallar cavablandırılıb.

“Zəfər yolu” devizi ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan, 3 gün yerli və beynəlxalq nümayəndələrin, ictimaiyyətin diqqət mərkəzində olan UNEC İqtisadi Forumu öz işini uğurla başa vurub.


03.12.2021 18:05:00
Oxuma sayı: 135