İrəvan Soçi razılaşmasını pozur
Ölçü:


Dekabrın 1-də üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb: Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmlara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək.

Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə görüşdə razılaşmanın olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan müqaviləyə Ermənistan üçün qəbuledilməz olan “dəhliz” məsələsini daxil etməyə çalışır.

Qriqoryanın sözlərindən iki nəticə çıxır:
1. İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir;
2. Rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir: Zəngəzur dəhlizini rəsmiləşdirir.

İrəvan bununla təkcə Bakı yox, Moskvaya qarşı da çıxır. Çünki Soçi görüşündə iki nəticə əldə edildi.
- sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması: bu, yekun bəyanata daxil edilib;
- kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması: bu, yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupunun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu.

Putinin çıxışında “dəhliz” ifadəsinə istinad etməsi və “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” açıqlaması deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub. Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun çıxış etməsi idi.

İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub. Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq. Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir: 10 dekabrda Baydenin demokratik sammitinə Ermənistan da dəvət edilib; 15 dekabrda Brüsseldə Avropa İttifaqının quracağı masa var;

Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada “yox” deyə bilir. Və bu proses Əliyevin Soçidə verdiyi mesajın – regionda təhlükəsizlik razılaşmaların nəticələrinin icrasından asılıdır – praktiki tətbiqinə zərurət yarada bilər.

Asif Nərimanlı

 

03.12.2021 09:31:00
Oxuma sayı: 152