Hər Quran oxuyandan molla olmaz - başına araqçın qoyub özlərini molla kimi təqdim edənlər...
"Quran oxuyana da, cümə günü məscidə gedib namazı qılanlara da cəmiyyət olaraq molla gözü ilə baxırıq. Mollalığın özü zaman-zaman müəyyən təhriflərə uğrayıb".
Koordinat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, Heydər məscidinin imamı Hacı
Ağasəid Yaqubov Lent.az-a açıqlamasında deyib. O, bildirib ki, sovet dövründə mollalar başqa cür formalaşdırılıb, ondan əvvəl daha yüksək rütbəli adamlar olub: "Onlar gedib xaricdə, xüsusilə Səmərqənddə təhsil alıb daha sonra kənd məscidlərində mədrəsə formasında dərslər keçiblər. Dini dərslərdən əlavə dünyəvi elmlər də tədris ediblər. Sovet dönəmində öndə olan din xadimləri, cəmiyyətin içində sayılıb-seçilən ağsaqqal və ziyalı olan şəxslər repressiyaya uğradı, cəmiyyətin arasından sıxışdırılıb çıxarıldı. Mollalıq sinfinin gücü, savadı azaldı. Bundan sonra adi insanlar başladı mollalıq etməyə. Sovet dövründə demək olar ki, müəyyən işlərdən yayınan, savadı olmayan, Quran oxumağı bacaran adamı molla kimi təqdim edirdilər. Ya da bir balaca səsi olan və mərsiyə deməyi bacaranı məclislərə “yaxşı molla” adı ilə dəvət edirdilər. Ona görə də bu gün molla deyəndə bizim beynimizdə Sovet dövrünün mollaları canlanır".
Hacı Ağasəidin sözlərinə görə, müstəqillik dönəmində Azərbaycanda bu sahədə də vəziyyət dəyişib: “Qafqaz Müsəlmanları İdarəsinin səyi nəticəsində universitet fəaliyyətə başladı, mədrəsələr işlədi və orada təhsil alanlar üçün xaricdə də təhsil almaq imkanı yaradıldı. Onlar xaricdə təhsil alıb qayıdandan sonra mollalıq sinfində öz işlərini icra etməyə başladılar”.
Bəs, indi molla statusu necə müəyyənləşdirilir? Bunun üçün xüsusi sənəd varmı?
Bəs, indi molla statusu necə müəyyənləşdirilir? Bunun üçün xüsusi sənəd varmı?
QMİ-nin nümayəndəsi bu suala belə cavab verib: "Son dönəmlərdə ali savadlı, əlində diplomu olan və ya hansısa mollanın yanında təhsil alan şəxs molla adını qazanıbsa, QMİ-də təyin olunmuş attestasiyadan keçir, orda savadı bəlli olur, onun edə biləcəyi işlər müəyyənləşdirilir və status verilir. Yəni vəsiqə verilir. Bu gün də din xadimi həm molla, həm də məsciddə imam adı rəsmi olaraq keçməkdədir. Təbii ki, qəbiristanlıqlarda, məscidlərdə Quran oxuyub başına araqçın qoyanlar özlərini molla kimi təqdim etsələr də, QMİ-də attestasiyadan keçib vəsiqə almırlarsa, onlar molla hesab olunmurlar. Məscidlərdə yüksək rütbəli din xadimləri hətta imam adını almaq üçün məscid icmaları tərəfindən təsdiq olunmuş sənədlərini təqdim edir və QMİ onun imam olub-olmamasına qərar verir. İndi rəsmi olaraq molla deyil, imam adı keçir”.
22.09.2021 15:45:00
Oxuma sayı: 16967