Dolub-boşalan büdcə: 8 ayda gəlirimiz 15 ,9 milyard, xərcimiz isə 15,6 milyard manat olub
Ölçü:

2021-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 937,5 milyon manat, xərcləri 15 milyard 626,8 milyon manat təşkil edib, büdcənin icrasında 310,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,6 faizi qədər profisit yaranıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 2021-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 76,1 milyon manat, xərcləri isə 13 milyard 681,6 milyon manat təşkil edib.

Daxilolmaların 21 faizi əlavə dəyər vergisi, 15,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 46,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 20,86 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 19,55 faizi təhsil və səhiyyənin, 14,30 faizi sosial müdafiə və sosial təminatın, 14,23 faizi ümumi dövlət xidmətlərinin, 7,61 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 23,45 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

20.09.2021 18:12:00
Oxuma sayı: 16824