Trans-Avrasiya Daşımalarının Beynəlxalq Əlaqələndirmə Şurasının iclası olub
Ölçü:


Rusiyanın paytaxtı Moskvada Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının 30-cu plenar iclası videokonfrans formatında təşkil edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Koordinat.az-a verilən məlumata görə, iclasda Avropa, Asiya və MDB ölkələrinin dəmir yolları qurumlarının rəhbərləri, dövlət təşkilatlarının nümayəndələri, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın icraçı katibi, müxtəlif ölkələrin qabaqcıl ekspeditorları, liman şirkətləri, telekommunikasiya və marketinq şirkətlərinin nümayəndələri təmsil olunublar. Tədbirdə Şuranın sədri, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov “Trans-Avrasiya daşımalarının inkişaf perspektivləri, çağırışlar və meyillər” mövzusunda məruzə ilə çıxış edib.

Açıq dialoq formatında davam edən tədbirdə Trans-Avrasiya multimodal daşımaların hazırkı vəziyyəti və gələcək planları, eləcə də TDƏŞ-in nəqliyyat əlaqələrinin inkişafındakı rolu barədə dövlət qurumları, dəmir yolu rəhbərləri, nəqliyyat-ekspeditor təşkilatları və assosiasiyaları arasında fikir mübadiləsi aparılıb.

ADY-nin sədri Cavid Qurbanov təşkilatın 30-cu yubiley iclası münasibəti ilə iclas iştirakçılarına təbrikini çatdırıb və iclasın uğurlu keçəcəyindən əminliyini ifadə edib. O, rəhbərlik etdiyi səhmdar cəmiyyətinin 2 il öncə, 2019-cu ilin sentyabr ayında Şuraya daimi üzv qəbul edildiyini xatırladaraq, bunun ölkəmiz üçün yük daşımaları sahəsində yeni imkanlar açdığını, fəaliyyət dairəmizin daha geniş beynəlxalq marşrutları əhatə etməsinə şərait yaratdığını diqqətə çatdırıb. Cəmiyyət sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində ərazilərimizi işğaldan azad etməsinin region ölkələri ilə dəmir yolu sahəsində əlaqələrin inkişafına, müxtəlif qlobal əhəmiyyətli ölkələrin bir-biriləri ilə daha qısa, sərfəli dəmir yolu, digər kommunikasiya bağlantılarına şərait yaratdığını xüsusi vurğulayıb. Şura çərçivəsində ADY-nin müəyyən işlər gördüyünü qeyd edən sədr, o cümlədən infrastruktur sahəsində aparılan işlər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttinin rekonstruksiyası və Astara terminalının tikintisi barədə məlumat verib, həmçinin Rusiyanın Uzaq Şərq limanlarından istifadə edilərək Asiya –Sakit okean regionu ölkələrindən Azərbaycandan tranzit keçməklə, Türkiyə və Avropaya yük daşımalarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialından istifadə olunması perspektivlərini xüsusi qeyd edib.

İclasda Şuranın üzvü olan aparıcı ekspeditor və operator şirkətlərinin rəhbərləri Trans-Avropa daşımalarında uğurlu intermodal nəqliyyat xidmətlərini təqdim edib, rəqabətqabiliyyətli nəqliyyat-loqistika məhsullarının yaradılması təcrübəsini bölüşərək beynəlxalq yük daşımalarında dəmir yolu və dəniz limanlarının infrastrukturunun səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər səsləndirib. Multimodal xidmətlərin davamlı fəaliyyətinin zəruri elementləri kimi dəniz limanlarının dəmir yolları ilə effektiv qarşılıqlı əlaqəsinin qurulması və yük daşımaları üzrə digər loqistika iştirakçıları ilə sinxronizasiya yollarına da nəzər salınıb.

Tədbir iştirakçıları dəniz limanlarının rəqabət mövqelərinin saxlanılmasında yüklərin diversifikasiyası, xərclərin optimallaşdırılması və konteynerlərdən istifadə təcrübəsini bölüşüblər.

Sonda Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının təşkilati məsələlər, o cümlədən yeni üzvlərin qəbulu, İşçi qrupların iş planlarının təsdiqi və digər məsələlər müzakirə edilib.
17.09.2021 10:59:00
Oxuma sayı: 193