Kreml iki seçim arasında: ya Ermənistanı yola gətirməli, ya da Azərbaycanla münasibətlər korlanmalı
Ölçü:


“Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçılarla yanaşı, Rusiyanın da regional problemləri artıb. Xankəndidə su kəsilir, rusiyalı hərbçilər su daşıyırlar, silah anbarında partlayış baş verir, alovu söndürməyə çalışırlar, mobil əlaqə kəsilir, bunun bərpası haqqında düşünmək məcburiyyətində qalırlar. İndi də rusiyalı hərbçilər tökülüşüblər Gorus-Qafan yoluna, ərazimizə düşən və azərbaycanlı sərhədçilərin bağladığı yolu açmağa çalışırlar”.

Koordinat.az
-ın məlumatına görə, bunu Qarabağ ətrafında baş verən son hadisələri şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, rusiyalı hərbçilər özlərini Abxaziyada, Cənubi Osetiyada, qeyri-rəsmi var olduqları Dnestr və Donbas bölgəsində daha rahat hiss edirlər: "Çünki həmin bölgələrdə ayırıcı xətlər bəllidir, toqquşmalar yox dərəcəsindədir, mövqelərini qoruyurlar. Qarabağ və Azərbaycan-Ermənistan sərhədində isə durum tam fərqlidir, Moskvanın vasitəçiliyi ilə müharibənin bitməsini şərtləndirən iki bəyanatın qəbul olunmasına baxmayaraq, toqquşmalar və gərglinliklər davam edir, faktiki münaqişənin yeni fazasına daxil olmuşuq, anti-terror əməliyyatın həyata keçiriləcəyi də istisna deyil”.

Ekspert bildirib ki, Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı dəstəkləyir, onu yenidən silahlandırır, Qarabağda erməni separatçıları ilə təmas içindədir, o biri tərəfdən isə Azərbaycanla münasibətləri korlamaq istəmir: “Ancaq Moskva üçün ikisini bir arada tutmaq getdikcə çətinləşir. Azərbaycan cəmiyyəti Rusiyanın siyasətindən narazıdır, əksəriyyət ordunun Laçın dəhlizini nəzarət altına almasını və Qarabağdakı separatçıların tərksilah olunmasını tələb edir. Ermənilərin artan təxribatları bizdən bu prosesi sürətləndirməyi tələb edir. Belə olan halda Kreml iki yoldan birini seçməlidir: ya Ermənistanı təxribatlardan çəkindirməli, iki dövlət arasında sülh sazişinin imzalanmasını, sərhədlərin müəyyənləşdirilməsini, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını sürətləndirməli və bununla bölgədə sabitliyə nail olmalı, ya da Ermənistana və onun təxribatlarına dayaq durmaqla tədricən Azərbaycanla münasibətləri gərginləşdirməlidir”.
26.08.2021 13:32:00
Oxuma sayı: 2764