415 müəllim işə qəbul üçün müsabiqədən uğurla keçdi
Ölçü:


24 avqust tarixində biologiya, ingilis dili, musiqi, rus dili, coğrafiya və tarix fənləri üzrə keçirilən müsahibələrin nəticələri elan olunub.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, iştirak edən namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Qeyd olunan fənlər üzrə 415 namizəd uğur qazanaraq müddətsiz əsaslarla çalışmaq imkanı əldə edib.

Uğur qazanan namizədlər 30 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), dörd ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Bu səbəbdən namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etdirməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

25.08.2021 18:12:00
Oxuma sayı: 4961