Xeyriyyəçilik: yaşanan və yaşadılan ənənələr
Ölçü:


Elşən ƏLİYEV,
Əməkdar jurnalist

Bakının 32 kəndinin hər birinin özünəməxsus xüsusiyyətləri var.  Xəzər rayonun inzibati ərazisindəki Buzovnanın özəllikləri onun əhalisinin məşğuliyyətində, təsərrüfatçılıq ənənələrində, həyat tərzində ehtiva olunur. Burada yaşayışa üç min il əvvəl başlandığı söylənilir. Xəzərin sahilində - qumluq və qayalıq ərazidə yerləşən kəndin insanları təbii şəraitin xüsusiyyətlərinə uyğun istiqanlı və dəyanətli, mehriban və mərddirlər.

Abşeronun digər kəndləri kimi tarixi abidələrlə zəngin olan  Buzovna özünün ziyalıları, elm və sənət adamları ilə də fəxr edir.  Özlərini qədim türk tayfası olan boz oğuzların törəmələri sayan buzovnalıların yaşlısı da, cavanı da doğma kəndin tarixinə yaxşı bələddir. Kəndin əhalisinin kimliyi haqqında ilk yazılı mənbə rus şərqşünas-səyyah İlya Beryozin (1818-1896) "Dağıstan və Cənubi Qafqaza səyahət" əsəridir.

Ölkəmizin sosial-iqtisadi inkişafına xas olan sürətli yeniləşmə Xəzər rayonu, xüsusən, Buzovna üçün də xarakterikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş miqyaslı quruculuq işləri ilə yanaşı, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti dövründəki xidmətləri, Heydər Əliyev Fondunun gördüyü işlər böyük ehtiramla xatırlanır. Dövlətimizin rəhbərlərinin diqqəti və qayğısı sayəsində Xəzər rayonunun və onun yaşayış məntəqələrinin dinamik inkişafı davam edir. Sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirilməsi ilə yanaşı, xeyriyyə tədbirləri də əhalinin həssas təbəqələrinin rifahına müsbət təsir göstərir.  

Buzovna sakinləri - Əməkdar artist hacı Mirzə Ağabəyli, Məşədi Qərib və Cümə məscidlərinin imamı hacı Şəhriyar Salami, tanınmış ziyalı hacı Əlisurət Məmmədov, "Əli ayağı" ziyarətgahının imamı hacı Maarif Niftullayev ilə söhbətimiz bu qədim yurdda nüfuzlu şəxslər tərəfindən əsası qoyulmuş və bu gün də vətənpərvər, səxavətli insanların davam etdirdiyi xeyriyyəçilik ənənələri barədə oldu.

Hacı Mirzə Ağabəyli deyir ki, hər bir kənd öz xeyriyyəçilərini yaxşı tanıyır. Xüsusən də, kənd ağsaqqalları, ağbirçəkləri və din xadimləri... Məsələn, Buzovnanın nüfuzlu nəsillərindən birinin nümayəndəsi hacı Namulla bəyin xeyriyyəçiliyi barədə söhbətlər yüz ildən çoxdur ki, nəsildən-nəsilə ötürülür. Onun ata-babası din xadimi, özü isə tanınmış tacir olub. Hacı Mirzə belə bir əhvalat nəql edir: "Namulla bəyin Mərdəkanda bir əczaçı dostu varmış, hərdən gedib ona baş çəkərmiş: birlikdə çay içər, söhbət edərmişlər... Bir dəfə Namulla bəy əczaxanada olduğu vaxt oraya yaşlı bir qadın gəlir və dərman istəyir. Əczaçı ona dərmanın iki saata hazır olacağını bildirir. Qadın Buzovnadan gəldiyini, iki saatdan sonra havanın qaranlıqlaşacağını və kəndə qayıtmağa çətinlik çəkəcəyini bildirir. Namulla bəy qadına deyir ki, "Ana, sən resepti ver əczaçıya qayıt, mən buzovnalıyam, evə gələndə sizin dərmanınızı da gətirərəm".  Bu hadisədən sonra Namulla bəy doğma kəndinin adamlarının bu məsələdə əziyyət çəkməməsi üçün öz evinin bir hissəsini, təmənnasız olaraq, əczaxana üçün ayırır". Başqa bir əhvalatda isə bildirilir ki, Azərbaycanın hər yerində aclıq olan vaxtlarda Namulla bəy ticarət işləri ilə əlaqədar Krasnovodskdaymış (indiki Türkmənistan Türkmənbaşı şəhəri)... Aclığın Buzovnaya da sirayət etdiyini eşidir və qardaşı Nəcəfə teleqram vurur ki, orada anbarları aç, kənddə hər ailəyə yeddi girvənkə arpa və buğda payla, qoy camaat bir müddət dolana bilsin. Vaxt ötür, Namulla bəy Bakıya qayıdır. Qardaşı Nəcəf onun Bakıda olmadığı müddətdəki haqq-hesabı təqdim edəndə, Namulla bəy görür ki, buğda və arpa camaata paylanmayıb. Səbəbini soruşanda qardaşı deyir saxladım ki, baha satıb, çox pul qazanaq. Namulla bəyin qardaşına acığı tutur: "Bu camaat acından qırıldıqdan sonra səninlə mən kimə lazımıq?" - deyir. Bax, Buzovnada belə xeyriyyəçi kişilər və xeyriyyəçilik ənənələri olub...

Hacı Mirzə Ağabəyli Azərbaycanda xeyriyyəçilik ənənələrinin yaranmasında misilsiz xidmətləri olan Hacı Zeynalabdin Tağıyevın, Ağamusa Nağıyevin adlarını xüsusi ehtiramla çəkir. On beş il əvvəl o, "Yük" filmində Ağamusa Nağıyevin obrazını canlandırıb. Əməkdar artist qənaətcilliyinə görə camaat arasında "xəsis" kimi tanınan Ağamusaya Hacı Zeynalabdinin dediyi sözləri xatırladır: "Ağamusa, tanrı bu günah dünyasında hamının çiyninə daşımaq üçün bir yük qoyub. Ona ömür yükü deyirlər. Ömür yükümüz nə qədər ağır olsa, izimiz də bir o qədər dərin qalar... Yoxsa bu fani dünyada yaşamağa dəyməz".

Hacı Mirzə deyir ki, camaatın necə dolandığı bir məclislərdə bilinir, bir də dükanlarda... Xüsusən də, çörək, ərzaq dükanlarında... İndi qədim əşyalar muzeyini xatırladan "Bərəkət" çörək dükanını iyirmi beş il əvvəl açdığını bildirən Hacı Mirzə deyir: "Ötən illər ərzində kimlər camaata nə köməklik göstəribsə, hamısı bu dükanın sirridir. Müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər dükanımızın "nisyə dəftəri"ndəki borcları bağlayıblar".  
"İmkansızlıq" nədir? Hacı Mirzə sənət adamı olaraq, belə bir mənzərəni təsvir etməklə bu sualın cavabını verir: "Baxırsan ki, azan vaxtıdı, yağış yağır, bir uşaq bayırdan yüyüyərək özünü dükana çatdırır: "Anam deyir ki, on-on beş günlüyə bizə hər gün iki çörək nisyə verə bilər?" Bilirəm ki, dul qadındır, əri vəfat edib, dörd uşaq böyüdür. Çörəkləri veririk. On beş gündən sonra qadın gəlir ki, bəs göyərti əkmişdim həyətdə, pula getmədi. Ona deyirik ki, sən narahat olma, hər gün uşaq gəlib çörəkləri götürsün". Hacı Mirzə son dörd ildə məhz belə imkansız adamların ehtiyaclarını, dükana yaranan borclarını bir nəfər şəxsin müntəzəm ödədiyini, lakin adının heç vaxt açıqlanmasına razı olmadığını bildirir. Hacı deyir: "O, müqəddəs dinimizin tələbini əsas göstərir: sağ əlin verdiyini sol əl bilməməlidir. Yoxsa bəziləri kimi, özünü televiziyalarda, sosial şəbəkələrdə reklam etmək ədəb-ərkana, dinə-imana sığan məsələ deyil".

Şan-şöhrət üçün xeyirxahlığı İslam dini qəbul etmir. Əsl xeyriyyəçi nəinki heç yerdə öz adının çəkilməsini istəməz, heç yaxşılıq etdiyi şəxslərin də bunu kiməsə bildirməsinə razı olmaz. "Əl tutmaq Əlidən qalıb", - deyərlər. Xeyriyyəçiliyin elmi, savadı, qəhrəmanlığı, şücaəti və mərhəməti ilə müsəlman aləminin ideallarından, peyğəmbər əleyhissəlamın ən sadiq ardıcıllarından olan görkəmli bir şəxsiyyətin adına bağlanması təsadüfi deyildir. Buzovnanın gənc din xadimi, Məşədi Qərib və Cümə məscidlərinin imamı hacı Şəhriyar Salami ibrətamiz misallar çəkir, müqəddəs "Qurani-Şərif"in ayələrinə istinad edir. "Əl-Bəqərə" surəsində öz malını çox sevməsinə və ona ehtiyacı olmasına baxmayaraq, Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara və digər imkansızlara verənlər həqiqi yaxşılıq edənlər kimi səciyyələndirilir. Müqəddəs dinimiz insanları yalnız yaxşılıq və xeyirxahlıq etməkdə birləşməyə çağırır. "Qurani-Şərif"in "Əl-Maidə" ("Süfrə") surəsinin ikinci ayəsində deyilir: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin".

Xəzər rayonunda, xüsusən də, Buzovnada hazırda davamlı xeyriyyəçilik fəaliyyəti göstərən, lakin adının çəkilməsinə razı olmayan o hörmətli və nüfuzlu şəxs nəinki şəhid ailələrinin, müharibə əlillərinin, veteranların və imkansızların ehtiyaclarının ödənilməsinə müntəzəm maddi dəstək göstərir, üstəlik, qəsəbənin dini-tarixi abidələrinin, bu qədim yurdun mədəni-mənəvi irsinin qorunmasına və zənginləşdirilməsinə də kömək edir. Onun maddi dəstəyi ilə Buzovnadakı Cümə məscidində isti döşəmə quraşdırılıb, Məşədi Qərib məscidi üçün ləvazimat alınıb, təkcə yerli camaatın deyil, respublikamızın müxtəlif guşələrindən və xaricdən gələn qonaqların da müqəddəs bir məkan kimi baş çəkdikləri "Əli ayağı" ziyarətgahında bərpa və abadlaşdırma işləri aparılıb, digər sosial yönümlü tədbirlər görülüb. Hər il Qurban və Ramazan bayramlarında məscidlərdə ehsanatlar təşkil edilir, sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq payı təqdim olunur.

Hacı Əlisurət Məmmədov deyir ki, koronavirus pandemiyası ilə bağlı sərt karantin rejimi, iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq edildiyi dövrlərdə xeyriyyəçi vətəndaş Buzovnada və digər qəsəbələrdə humanist fəaliyyətini daha da genişləndirib. Belə ki, sərt karantin rejiminin davam etdiyi müddətdə 250-yə yaxın ailəyə ayda iki dəfə ərzaq payı verilib. Bu zaman ərzaq yardımı göstəriləcək ailələr qəsəbənin nüfuzlu ağsaqqalları, din xadimləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanları nümayəndələrinin iştirakı ilə müəyyənləşdirilib. Şəhid ailələri, müharibə əlilləri və veteranlarının ehtiyaclarına isə xüsusi diqqət və qayğı ilə yanaşılır. Xeyriyyəçinin xahişi ilə, Buzovnanın din xadimləri və nüfuzlu şəxsləri 44 günlük Vətən müharibəsinin Xəzər rayonundan olan şəhidlərinin ailələrinə baş çəkib, onlar üçün ayrılmış maddi yardımı çatdırıblar. Hacı qeyd etdi ki, hazırda Buzovnadakı daha yeddi dükanda imkansız ailələrə pulsuz çörək və bəzi zəruri ərzaq məhsullarının verilməsi təmin olunur.

Xəzər rayonu paytaxtımızın sürətlə inkişaf edən inzibati ərazilərindən biri, Buzovna qəsəbəsi isə onun ilbəil siması gözəlləşən bir guşəsidir. "Abşeron qəsəbələrinin memarlıq siması" adlı müsabiqənin ötən ilin sonunda keçirilmiş ikinci mərhələsində məhz bu qəsəbənin əsaslı bədii üslub və mühit məkan konsepsiyasının, landşaft planlaşdırma, küçə və məhəllələrin memarlıq həllinin müəyyənləşdirilməsi, əhalinin mövcud ictimai-iqtisadi şəraitinin yaxşılaşdırılması imkanları nəzərdən keçirilib, müsabiqənin qalibi olan layihələr seçilib. Bu layihələr əsasında tezliklə Buzovnanın yeni siması yaranacaq.  Təbii ki, yeniləşən bu qədim yaşayış məskəni öz tarixi ənənələrini də qoruyub saxlayacaq və onu sevənlərin sayəsində daha zənginləşdirəcəkdir. Əminik ki, əsasını mərd və səxavətli kişilərin qoyduğu, bu gün Buzovnada yaşadılan xeyriyyəçilik ənənələrinin geniş yayılması, imkanlı şəxslərin bu savab işə könül verməsi dövlətimizin apardığı sosial siyasətə mühüm dəstək olar.
13.08.2021 14:44:00
Oxuma sayı: 1701