Füzuli Hava Limanı sınaq uçuşlarına hazırlanır
Ölçü:

"Füzuli Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib".

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Valeh Əmiraslanov bildirib. Onun sözlərinə görə, bu müddət ərzində uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağı çıxarılıb, əks dolu işləri aparılıb, konstruksiya lay-lay verilərək tamamlanıb: "Hazırda uçuş enmə zolağında üst lay deyilən aşınma qatı vurulur. Bunun bir hissəsi tamamlanıb. Digər hissələrdə isə konstruksiyanın alt layının asfalt qatı vurulur. Sükan yoluna asfalt vurulması üçün konstruksiya tələblərinə uyğun olaraq işlər tamamlanıb, yaxın zamanlarda asfalt işlərinə başlanılacaq. Sahəsi 60 min kv.m olan perronda da tamamlanma işləri gedir. Sükan yolunda asfalt işləri bitdikdən sonra paralel perrona da keçəcək. Burada 8 hava gəmisinin dayanması nəzərdə tutulub. Bina və qurğulardan isə terminal binasında işlərin 60-70 faizi tamamlanmaq üzrədir. Metal konstruksiya tam bitib, dam üzlüklə üzlənir. Köməkçi binalar 2 ədəd tutumu 250 kub metr olan, 1 ədəd 500 kub metr olan su rezervləri tam tiklib yoxlanılıb. Müvafiq izolyasiya işləri yerinə yetirilib".

V.Əmiraslanov deyib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 km olan hava xətti çəkilib və sahə daxili 10 kilovoltluq daxili kabellər çəkilib. Uçuşların enməsinin təmin olunması üçün naviqasiya avadanlıqları alınıb quraşdırılıb: "Eyni zamanda, gecə vaxtı hava gəmilərinin uçuş-enmə zolağına enməsini təmin etmək üçün işıq siqnal sistemi quraşdırılıb. İşığın yaxın zamanda tamamlanması gözlənilir. Ümumilikdə işıq siqnal sisteminin 85-90 faizi tam yerinə yetirilib. Hava limanı beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının payız aylarında istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Ancaq laboratoriya yoxlamaları sınaq uçuşundan əvvəl avqustun 25-dən sonra həyata keçiriləcək".


30.07.2021 13:11:00
Oxuma sayı: 348