Gəncə, Zaqatala, Göygölə avtobuslarla gecə reysləri bərpa edildi
Ölçü:

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif istiqamətlərinə sərnişindaşımada gecə reyslərinin sayı artırılıb.

Bu barədə Koordinat.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əvvəl gecə reyslərinin istiqamətlər üzrə sayı iki idisə, indi beşə çatdırılıb:

"Gecə reysləri fəaliyyətə başlayanda iki istiqamətə gecə sərnişindaşıma təşkil olunmuşdu. İndi üç istiqamət də əlavə olunub. Qırmızı Körpü və Şəki istiqamətləri ilə yanaşı, bu gün gecə saatlarından etibarən sərnişinlər gecə reysləri ilə Gəncə, Zaqatala, Göygöl istiqamətlərinə də gedib-gələ biləcəklər" - deyə bildirilir.

Qeyd edək ki, xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. İyulun 15-dən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilib. Daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında iyulun 15-dən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biliblər.

Məlumat üçün əlavə edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olunur. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.

29.07.2021 12:44:00
Oxuma sayı: 524