“Koronavirusun “Delta” variantı deyildiyi qədər də ölümcül deyil” - Azərbaycanlı alim
Ölçü:

“İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, “Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9 % ölüm faizi göstərən “Alfa” variantı ilə müqayisədə “Delta”nın ölüm faizi 0,2 % təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: “Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, “Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə daha ölümcüldür”.

Koordinat.az
xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. O, bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu “Delta” variantı ilə baş verib: “mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. “Delta” növü peyvənd olmayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir”.

N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistika 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxma sayı ilə bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları müqayisə edildikdə görülür: “Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1 000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1 000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə “Delta variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda “Alfa” variantı ilə eynilik təşkil edir”.

13.07.2021 10:59:00
Oxuma sayı: 14459