Zərdüşt bəyin məxməri faşizmi
Ölçü:


Xalid KAZIMLI 

Bu ölkədə çoxlarının əqdiəli demokrat, dönməz liberal kimi qəbul etdiyi bir siyasətçi-politoloq var, durub-durub elə söz deyər, elə fikir bildirər ki, diktatura tərəfdarının əli üzündə qalar, qatı faşistin gözü kəlləsinə çıxar.

Oxucuları çox intizarda saxlamayaq, bu adam Zərdüşt Əlizadədir.

Biz yaşda və təcrübədə olan adamlar onu düz otuz ildir tanıyırıq.

Bu uzun illərdə çoxlarının Zərdüşt Əlizadəyə münasibəti ən azı ziddiyyətli olub. Bəzən onun hansısa fikrinə haqq verirsən, görürsən, düz deyir, ədalətli olmağa, pafosa uymamağa çalışır, bəzən də görürsən, o qədər ədalətsiz, qərəzli fikirlər bildirir ki, o fikirlərin nəinki yaşamaq, heç səslənmək haqqı da yoxdur.

Məsələnin üstündən “onun da xasiyyəti bu cürdür” deyib keçmək olardı, amma cənab Əlizadə adının unudulmasına qarşı olan tiplərdəndir, heç vəchlə yaddan çıxmasına imkan vermir, mütləq adından söz etdirir.

Onun üçün (elə başqaları üçün də) bunu etmək çox asandır. O, cəmiyyətdə həssas məsələ sayılan hansısa mövzuda tərsinə söz danışanda, eləcə də çoxlu tərəfdarları, lap deyək ki, müridləri olan tarixi şəxsiyyətə dair xoşagəlməz söz deyəndə minlərlə insanın açıq sinrinə toxunmuş olur və artıq həftə boyunca, bəzən bir ay ərzində adının hallandırılacağına təminat var.

Ancaq Zərdüşt Əlizadə və onun kimi düşünənlər heç vaxt real təhlükə vəd edən, daha dəqiqi, güclü qohum-əqrəbası olan personalara sataşıb özlərini təhdid qarşısında qoymazlar, onlarınkı zəif hesab etdikləri şəxslərdir. Elə adamlar ki, onların nə qohumlarının, nə tərəfdarlarının əlində hər hansı bir güclü rıçaq yoxdur, onlar istəsələr belə, cənablara yamanlıq (təqib, həbs, şərləmə və s.) edə bilməzlər.

Hərdən adam düşünür ki, necə olub, belə bir şəxs xalq hərəkatına qoşulub, millətin ümdə mənafeləri üçün mübarizə aparıb. Əslində, buna çox sadə izah verənlər, onların hərəkata hansısa qüvvələr tərəfindən sızdırıldığını iddia edənlər də var, amma ortada, necə deyərlər, “tutulmayan oğru, xandan-bəydən doğru” prinsipi var, nə qədər ki, arxivlər açılmayıb, birmənalı söz demək mümkün deyil.

Bu gün yalnız onu birmənalı demək olar ki, Zərdüşt bəy xalq hərəkatının liderlərindən üç nəfərə xüsusi qərəzi ilə seçilir. Bunlardan biri və birincisi xalq hərəkatının lideri Əbülfəz Elçibəy, ikincisi sabiq parlament sədri İsa Qəmbər, üçüncüsü sabiq daxili işlər naziri İsgəndər Həmidovdur.

Elçibəy Zərdüşt Əlizadənin xalq hərəkatındakı karyerasını bitirmiş, onu AXC-dən istefa verib Sosial-Demokrat Partiyası yaratmağa vadar etmiş şəxsdir, Əlizadənin ona qarşı qərəzini anlamaq mümkündür.

İsa Qəmbər hərəkat illərində daima Elçibəyin yanında olub və Əlizadə intellektual müstəvidə həmişə ən çox onunla toqquşub və çox zaman uduzub. Bu da ona qarşı qərəzin səbəbidir.

İsgəndər Həmidov isə 1993-cü ilin əvvəlində Zərdüşt Əlizadəyə şəxsi münaqişə zəminində əl qaldrııb. Bu hadisənin səbəbi isə Əlizadənin Həmidovu “kürd oğlu” adlandırması olub. Həmin fiziki təzyiqin qərəzi də, budur, 24 ildir ki, unudulmur.

Ən qəribəsi odur ki, bir zamanların alovlu demokratı, millət, etnik qrup söhbəti edən şəxsləri açıq mətnlə faşist adlandıran Əlizadə indi qərəzkar olduğu şəxsləri “kürd” adlandırır və açıq-aşkar faşist mövqedən çıxış edir. Bu, ən azı məxməri faşizmdir.

Azərbaycan kimi ölkələrin vətəndaşları istənilən millətdən ola bilər. Biz hansısa bir etnik qrupun hegemonluğunu ölkə konstitusiyasında həkk etdirən dövlətlərdən deyilik. Ayrıca, hər hansı bir millətə məxsus olmaq ayıb sayıla bilməz. Bu ölkədə hansısa etnik qrupa mənsubluq adamın siyasətlə məşğul olmaq hüququnu da məhdudlaşdırmır.

Adları çəkilən şəxslər də, hətta hipotetik olaraq, kürd millətindən olsalar belə, bu, onlara nəinki minus sayıla bilməz, hətta böyük üstünlük qazandırardı və biz ikiqat minnətdarlıqla xatırlayardıq ki, bu şəxslər məhz özlərini Azərbaycan türklərinin müstəqilliyi uğrunda mübarizəyə həsr ediblər.

Ancaq hər şeyin bəs-bəlli ortada olduğu bir zamanda Zərdüşt Əlizadə kimilərinin dönüb-dönüb adamların etnik kimliyini mübahisə mövzusuna çevrimələri, öz qərəzlərini bu amil üzərindən sürdürmələri heç xoşagələn deyil və qınanılacaq hərəkətdir.

Ona qalsa, bu qardaşları da milli mənşə etibarilə qeyri-türk sayan və bunu onlara baş qaxıncı edənlər var. Bu da yanlışdır. Bu da faşizmdir. Söhbət vətəndaşdan, onun oynadığı tarixi roldan, həyata keçirə bildiyi planlardan və yetişə bilmədiyi niyyətlərdən getməlidir.

Adları çəkilən şəxslərin səhvi, nöqsanı ola bilər, amma niyyətləri hər zaman açıq, xalqın istiqlalı və istiqbalından yana olub. Əsas məsələ budur.

17.02.2018 19:57:23
Oxuma sayı: 731