“AZMAN-HOLDİNQ”də Silahlı Qüvvələr Gününü ilə bağlı görüş - FOTOLAR
Ölçü:


“Bəlkə də dünyada yeganə xalqıq ki, müharibənin başlanmasına sevinmişik. Çünki torpaqlarımızı işğaldan azad etmək bizim üçün çox vacib və müqəddəs bir vəzifə idi. Bu missiyanı rəşadətli ordumuz, onun qəhrəman əsgər, gizir və zabitləri şərəflə yerinə yetirdilər”.

Koordinat.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “AZMAN-HOLDİNQ”in rəhbərliyinin  birinci və ikinci Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri ilə keçirdiyi görüşdə səsləndirilib.

Görüşdən əvvəl holdinqin 44 günlük Vətən müharibəsində şəhid olmuş iki əməkdaşının - Əli Mehman oğlu Nağıyevin və Əbülhəsən Balaş oğlu Eyvazovun məzarları ziyarət edilib.  Sonra holdinqin mərkəzi ofisində gələn görüş işçtirakçıları burada şəhidlərin xatirə guşəsi ilə tanış olublar. Görüşdə holdinqin tərkibindəki şirkət və müəssisələrdə işləyən müharibə veteranları, şəhidlərin valideynləri, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər.

Holdinqin mətbuat meneceri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov görüş iştirakçılarını salamlayaraq, onları əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, inkişaf mərhələri, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi rəşadət, xüsusən, 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə haqqında danışıb. Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna xidmətləri qeyd olunub, Prezident İlham Əliyevin hərbi quruculuq sahəsində apardığı islahatların əhəmiyyəti vurğulanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni faşizmini məhv edərək, torpaqlarımızı işğaldan qurtarmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının xalqımızda hədsiz sevinc və qürur hissi doğurduğu, şanlı Qələbəmiz uğrunda canını-qanını əsirgəməyən cəsur vətən övladlarının qəhrəmanlığının tariximizə qızıl hərflərlə yazıldığı və daim ehtiramla xatırlanacağı bildirilib.

Görüşdə birinci Qarabağ müharibəsinin veteranı, holdinqin əməkdaşı Namiq Həsənov, 2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı, "Zəfər" İctimai Birliyinin sədri Sevinc Alızadə, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı Sübhan Məlikov, şəhid atası Balaş Eyvazov çıxış edərək, rəşadətli Silahlı Qüvvələrimiz, qəhrəman hərbçilərimiz haqqında fikirlərini bildirib, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən dövlət qayğısından bəhs edib, həmçinin “AZMAN-HOLDİNQ”in rəhbərliyinin onlara daim maddi-mənəvi dəstək verdiyini vurğulayıblar.
Görüş holdinqin rəhbərliyi adından şəhidlərin ruhuna “Manqal” restoranında ehsan verilməsi ilə başa çatıb. Axırda şəhidlərin valideynlərinə və 44 günlük Vətən müharibəsinin veteranı olan əməkdaşlara  Silahlı Qüvvələri Günü münasibətilə hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, hazırda “Azman Holdin”in tərkibindəki qurumlarda birinci və ikinci Qarabağ müharibəsinin veteranı olan 35 nəfər çalışır.  Holdinqin iki əməkdaşı 44 günlük Vətən müharibəsində şəhid olub.
29.06.2021 16:13:00
Oxuma sayı: 538