Mikayıl Cabbarov vergidən toplanan gəlirləri açıqladı - 5 ayda 3,8 milyard manat
Ölçü:

İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb: "Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1% icra edilib. Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd. 754 mln. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib".

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icrası 131,7 % təşkil edib. Büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb.

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 milyon manat təşkil edib. Bununla da, proqnoza 121,1% əməl edilib. Rüb ərzində büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb.

2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 387,3 milyon manat təşkil edib. Koronavirus pandemiyası vergi yığımlarına da təsir göstərib. Belə ki, ötən il dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 387,3 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 3,7% azdır. Bununla yanaşı, dövlət büdcəsinə daxilolmalar üzrə plan 2,7% artıqlaması ilə yerinə yetirilib. Dövlət büdcəsinə vergi daxilolmaları 2020-ci ildə ölkə üzrə ÜDM-in 10,2%-ni təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz bəndi çoxdur.

Qeyri-neft sektoru xətti ilə vergi daxilolmaları 5 milyard 608,7 milyon manat təşkil edib, bu isə 2019-cu illə müqayisədə 3,2% çoxdur.


Read more: https://sputnik.az/news/20210621/427274808/-Mikayl-Cabbarov-vergilrin-durumu-bard-aqlama-yayb.html
21.06.2021 17:37:00
Oxuma sayı: 20331