Fəzail İbrahimli həmkarı Fəzail Ağamalı haqqında: "17 ildir "Fəzail" adının altına basdırdığı minaları təmizləyirəm"
Ölçü:


Milli Məclisin iki deputatı Fəzail Ağamalı ilə Fəzail İbrahimli arasında böyük səs-küyə səbəb olan qalmaqal yaranıb.

Koordinat.az
xəbər verir ki, bu ilin oktyabrında Fəzail Ağamalının oğlunun qəza törətməsi xəbəri yayılsa da, sonradan bunun Fəzail İbrahimlinin oğluna aid olduğu təsdiqini tapıb. Fəzail Ağamalı isə “Yeni Müsavat”a müsahibəsində xəbərin yanlış yayılmasında həmkarını günahlandırıb: “Həmkarım Fəzail İbrahimlinin cinayət törədən oğlunun adını  övladımın adı ilə dəyişərək, düşünülmüş şəkildə oğlumu gündəmə gətirməsi çox böyük namərdlikdir. Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi”.

Deputat Fəzail İbrahimli Modern.az-a açıqlamasında həmkarına daha sərt cavablar verib: “Fəzail Ağamalı mətbuata verdiyi müsahibəsində mənimlə bağlı da danışıb. Burada məsələ belədir. Əgər şəxsiyyətimə təhqiramiz formada toxunulmasa idi, hesab edərdim ki, 70 yaşlı kişidir. Səhhətində problemlər var. Buna görə keçmək olar. Təəssüf ki, 70 yaşlı insan “gözünü yumub ağzını açaraq” məni ittiham edib. Deməli, oktyabrın əvvəllərində “Fəzail Ağamalının oğlu qəza törədib” adlı yazı  saytların birində getdi. Elə oldu ki, həmin sayt bununla bağlı təkzib verərək, xəbərin yanlış olduğunu bildirdi və üzr istədi. Amma şər-böhtan məsələsində bunun adı ilk ağla  gəldiyindən jurnalist də Ağamalının adını yazıb. Fəzail Ağamalı adını siyasi və şəxsi həyatda elə təqdim edib, bu adın altına elə minalar basdırıb ki, 17 ildir bu minaları təmizləməklə məşğulam. Elə imic formalaşdırıb ki, mənfi məsələlərdə Fəzail Ağamalının adı gündəmə gəlir. İndi də Fəzail Ağamalı məni namərdlikdə ittiham edib. Axı mən müsahibə verib deməmişəm “bu Fəzail Ağamalının oğludur, mənim oğlum deyil”. Sadəcə, məndən soruşublar, demişəm ki, oğlum qəza törətməyib, yıxılana kömək edib. Bunu deməklə  məsələni öz üzərimə götürmüşəm. Axı “oğlumun xəbəri yoxdur” deməmişəm”.

Fəzail İbrahimli deyir ki, bu məsələdə qərəz var: “Fəzail Ağamalının bu ittihamlarında qərəz var. 2 ay bundan qabaq olmuş hadisə hardan bunun yadına düşüb? Fikirləşdim ki, bu neçə vaxtdı ortada yoxdur.  Onun bu hərəkəti gündəmdə qalmaqdan çox, içindən gələn bir hala bənzəyir.

Əslində bu da Fəzail Ağamalının həyat tərzidir. Şirin-şirin müsahibə verdiyin qəzet  Türkiyə restoranında oturduğun kefli formada olan şəklini yaymışdı. İndi oturub həmin qəzetə tərtəmiz cümlələrlə səmimi müsahibə verirsən və Fəzail İbrahimlini namərdlikdə günahlandırırsan. Amma hər kəs bilir ki, sən kimsən. Özünə cəmiyyətdə mənfi imic formalaşdırmısan. İndi mənim adımı öz adınla eyniləşdirirsən. Ağsaqqal vaxtında belə söhbətlər edirsən. Biz neçə vaxtdır ki, Allaha dua edirik, Fəzail müəllim sağalsın, işinin başına dönsün. Bu da durub hansı məsələlərlə gündəmə gəlir... Sadəcə bir sözünə görə Fəzail Ağamalıya təşəkkür edirəm: “Biz ayrı-ayrı adamlarıq”. Doğru deyib. Təsdiqləyirəm. Allah eləməsin biz eyni adamlar olaq. Bu mənə çox ağır olardı”.
15.11.2017 10:53:00
Oxuma sayı: 92