Putinin İlham Əliyevə zənginin sirri: Qarabağ ətrafında nə baş verir?
Ölçü:

İki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla  Rusiya Prezidenti Vladimir Putin arasında Moskva görüşü baş tutub. Tərəflər arasında müzakirə prosesi 3 saatdan çox davam edib. Ötən gecə isə V.Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Qarabağ ətrafında müzakirə aparıb.

Koordinat.az xəbəır verir ki, elə həmin vaxt İkinci Qarabağ Müharibəsində itkin düşən hərbçilərin və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisində yaxalanan terrorçuların yaxınları Ermənistanda aksiya keçirərək Müdafiə Nazirliyini blokadaya alıblar. Hadisə ilə əlaqədar Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov təcili Yerevana səfər edib.

Maraqlıdır, Ermənistanda nə baş verir? Ermənistandakı etirazların səbəbi Əliyevlə-Putin danışıqlarında Azərbaycanın xeyrinə hər hansısa qərarın qəbul edilməsi ola bilərmi?

Politoloq Fikrət Sadıxov "Yenisabah"a açıqlamasında ilk əvvəl Vladimir Putinlə Nikol Paşinyanın görüşündən söz açıb. Onun sözlərinə görə, Moskva görüşü zamanı Putin açıq şəkildə Paşinyana işarə etdi ki, əsas məqam Paşinyanın Rusiyaya loyallığıdır: "Putin konkret olaraq, “Sən heç bir tərəfə baxmadan birbaşa Rusiya ilə müttəfiqlik münasibətlərini davam etdirməlisən”, - fikrindən çıxış etdi. Bu, açıq şəkildə hiss olunurdu. İki gün əvvəl Rusiya telekanallarında Paşinyanın əsas rəqibi olan eks-prezident Robert Köçəryan da çıxış elədi, Rusiya ona şərait yaratdı və bununla Moskva Paşinyana bir növ, “Bax, sən özünü loyal şəkildə aparmasan, bizə münasib bir namizəd var”, - dedi”.

Politoloq müzakirə edilən problemlərin əsas məğzinin üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb: “Paşinyan açıq şəkildə prosesləri ləngidir və kommunikasiyaların açılmasına bir sıra problemlər yaradır. Bu məsələ Rusiyanın xoşuna gəlmir. Axı kommunikasiyaların açılması Rusiyanın da maraqlarına cavab verən bir amildir. Hətta Putinin dərhal Prezident İlham Əliyevə zəng vurması da sirr deyil. Rusiya Prezidenti bu addımı ilə, “Paşinyan sən mənim hərbi-siyasi müttəfiqimsən, mənim forpostumsan, amma Azərbaycanla mən strateji partnyorluq münasibətlərimi bundan sonra da inkişaf etdirəcəm” - dedi”.

Ermənistan Müdafiə Nazirliyinin blokadaya alınması məsələsinə gəldikdə isə həmsöhbətimiz erməni vətəndaşlarının bu həmləsinin təəccüb doğurmadığını vurğulayıb: “Aydın məsələdir ki, saziş imzalanandan sonra ermənilər bizim ərazimizə diversantlar, terrorçular göndərir və sonradan onların adını hərbi əsir qoyur. Bu şəxslər hərbi əsir deyil, biz bunu dəfələrlə izah etmişik və onlara öz mövqeyimizi bildirmişik. Baş verən proseslər Ermənistan Müdafiə Nazirliyinin günahıdır. Çünki həmin 62 nəfərin Azərbaycan torpaqlarına göndərilməsi onların qərarıdır. Valideynlər də nazirliyi blokadaya alaraq onlardan uşaqlarının qanını tökməmələrini tələb edirlər. “Niyə digər dövlətin ərazisinə uşaqlarımızı göndərirsiniz, məqsəd nədir?”, - deyirlər. Erməni xalqının müəyyən hissəsinin rəhbərliyə qəzəblənməsinə əsas var. Terrorçuları kim ərazimizə göndəribsə, etiraf etsin, ondan sonra artıq Azərbaycanın bu məsələyə qarşı mövqeyi aşkar olacaq. Ermənistan etiraf etməlidir ki, torpaqlarımıza diversantları göndəriblər və onlar hərbi əsir deyil, heç vaxt olmayıb”.
09.04.2021 12:56:00
Oxuma sayı: 264