AMEA-da prezident seçkilərinə görə toplantı
Ölçü:


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan prezidenti seçkiləri ilə bağlı toplantı keçirilib.

Koordinat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Ölkə başçısının cari ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə dair müvafiq sərəncamını xatırladan alim bununla cənab Prezidentin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyatzadə hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış İlham Əliyevə səs verməyə çağırıb: “İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. Şura sədri vurğulayıb ki, gənclər üçün Prezident Mükafatının təsis edilməsi, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə "İlin gənc alimi" mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşv iq edir. Gənc alim və mütxəssislərin dövlət başçısına daim güvəndiyini söyləyən F.Salmanov AMEA-da çalışan, eləcə də hər bir Azərbaycan gəncini cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

Tədbirdə çıxış edən digər natiqlər də İlham Əliyevin siyasətini dəstəklədiklərini, fəaliyyətini yüksək qiymətləndirdiklərini, növbəti seçkilərdə yekdilliklə ona səs verəcəklərini bildiriblər.

Tədbirdə Azərbaycan prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası kollektivinin bəyanatı da qəbul edilib. Bəyanatda qeyd olunur ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Bildirilir ki, Azərbaycan Respublikasının elm adamlarının 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
14.02.2018 13:04:00
Oxuma sayı: 338