Mikayıl Cabbarovun vergi  konsepsiyası
Ölçü:


"Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni konsepsiyanı təqdim etdi”.

Koordinat.az xəbər verir ki, bu barədə "Sherg.az”a vergilər naziri Mikayıl Cabbarovun "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışlarından danışarkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev bildirib. O diqqətə çatdırıb ki, yeni nazir martın 31-nə qədər bütün vergi subyektlərinin vergi məcəlləsi ilə bağlı təkliflərini göndərməsini xaiş edib: "Bu, ictimai iştirakın səviyyəsinin artırılması ilə bağlı məsələdir. Eyni zamanda maraqlı tərəflərin vergi məcəlləsinin hazırlanmasında iştirak etməsi elan olundu. Vergi orqanlarda pozitiv məqamlarla yanaşı, neqativ halların baş verməsi barədə də fikirlər səsləndirildi. Məsələn, bəzi hallarda ikiqat vergitutmanın olması, gizli iqtisadiyyat problemi, vergi ödəyicilərinin qanunsuz vergilərə cəlb edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında inamlı münasibətin qurulması, bu sahədə şəffaflığın təmin edilməsi problemləri qeyd edildi. Nazirin sözlərinə görə, vergilər haqqında qanunvericiliyə 28 dəfə dəyişiklik edilib. Bu isə vergi ödəyicilərinə müsbət təsir etməyib. Yeni qanunvericiliyi öyrənmək, tətbiq etməklə bağlı problemlər ortaya çıxır. Bütün vergilərin ödənilməsində könüllülük prinsipinin stimullaşdırılması üçün zəruri tədbirlərin görülməsi vacibdir”.

Vergi yoxlamalarının azaldılmasına toxunan Ə.Nuriyev hesab edir ki, yeni nazirin çıxışında məsafədən yoxlanış sistemi, elektron qaydada ödənişlərin qəbul edilməsi zərurəti vurğulanıb: "Kadrların hazırlanması prosesində metodologiyanın tətbiqi məsələsi də ortaya qoyuldu. M. Cabbarov qeyd etdiyi vergi münasibətlərində yeni yanaşmalar həm sahibkarların, həm vergi orqanlarının – bütövlükdə dövlətin maraqlarına uyğundur. Verginin tam olaraq toplanması dövlətin qüdrətinin artmasına da təkan verir.

Nazirin çıxışında "vicdanlı yanılma” məsələsi xüsusi qeyd edildi. Məsələn, hesabat verilərkən, bilmədən səhvlərə yol verilə bilər. Əsas məsələ vergidən bilərək yayınma hallarının aradan qaldırılmasıdır. Buna şərait yaradan müəssisələr, onların rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.

14.02.2018 11:57:45
Oxuma sayı: 40