Kəlbəcərli girovların ailəsi “Qırmızı Xaç”dan narazılılıq edir: "Boş-boş açıqlama yayırlar”
Ölçü:


Ötən həftə Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Koordinat.az xəbər verir ki, bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.  O qeyd edib ki, şəxslərdən ailələrinə məlumatlar çatdırılıb, eyni zamanda ailələrinə çatdırılması üçün məlumatlar götürülüb.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev Modern.az-a açıqlamasında Komitənin bu açıqlamasında bərk hiddətlənib: “Kim baş çəkib, kimə baş çəkib?! Mən iki aydır ki, qardaşımdan xəbər almıram. Deyirlər ailələrinə çatdırılması üçün məlumatlar alınıb. Hanı o məlumatlar, hanı məktub, hanı video?! Əgər başçəkmə olmayıbsa, niyə bu cür boş-boş açıqlamalar yayırlar?!”.

Dilqəm Şahbazın oğlu Kürdoğlu Əsgərov da bu ay ərzində atasından hər hansı vasitə ilə məlumat almadığını vurğulayıb. 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-cilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. O da hazırda girovluqdadır.

 
14.02.2018 11:48:36
Oxuma sayı: 403