Jurnalistlərin peyvəndlənməsi ilə bağlı çağırış
Ölçü:

Azərbaycan Mətbuat Şurası üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında jurnalistlərin ayrı-ayrı ölkələrin nəzərdə tutduqları qrafikdən kənar peyvəndlənməsi ilə bağlı məsələ qaldırıb.

Mətbuat Şurasından Koordinat.az-a verilən məlumata görə, təşəbbüsü assosiasiyanın digər üzv təşkilatları müsbət qarşılayıb. Qurum bununla bağlı dünya ölkələrinin hökumətlərinə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, informasiyalı olmaq hər bir şəxsin başlıca hüquq və azadlıqlarındandır. Jurnalistlər isə bunun təmin olunmasında mühüm rol oynayırlar. Onlar özlərinin vəzifələrini həyata keçirərkən müxtəlif əhali kateqoriyaları içərisində olurlar. Bu peşə sahiblərini nəinki sıravi şəxs, eyni zamanda insanlara informasiya çatdıran vasitəçi kimi qorumağa ehtiyac var.

İndiyədək dünyada 600-dən artıq jurnalistin COVID-19-un qurbanına çevrildiyinin, çoxlu sayda media təmsilçisinin virusa yoluxaraq sağaldığının, bir çoxunun müəlicəsinin davam etdiyinin vurğulandığı müraciətdə o da bildirilib ki, pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən COVID-19-un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin COVID-19 əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin peyvəndlənməsi həyata keçiriləcək. Bununla bağlı mexanizm yaxın günlərdə açıqlanacaq.
05.04.2021 14:59:00
Oxuma sayı: 35