Milli Məclis sədrinin müavini: “Məqsəd Ələti cəlbedici məkana çevirməkdir”
Ölçü:



Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Koordinat.az
xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, sənəd Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb.

Onun sözlərinə görə, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlət başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş işçi qrup hazırlayıb.

İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Milli Məclis sədrinin müavini deyib: “Əgər biz azad iqtisadi zonlarla bağlı işimizi uğurlu qurmasaq heç kim bu zonlara investesiya qoymayacaq. Qanun layihəsi hazırlananda dünyada olan ən qabaqcıl təcrübə, qanunlar və qaydalar öyrənilib. Bu qanun qəbul olunduqdan sonra digər qanunlarda uğunlaşdırma aparılacaq. Yeni qanunun konsepsiyası beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb. Qarşıda qoyulan məqsəd Ələti cəlbedici məkana çevirməkdir”.

Qanun layihəsi I oxunuşda qəbul edilib.
13.02.2018 16:37:00
Oxuma sayı: 240