Göy üzündə yazılan misralar
Ölçü:


Süleyman QARADAĞLI

Onun imzasını ilk dəfə təbiət mövzusunda yazdığı iki şeirlə sevmişəm...

1979-cu ilin yay günü...

Ali məktəbə qəbul olunmağın sevincini yaşadığım həmin günlərdə qəzet köşkündən aldığım sarı üzlü "Azərbaycan" jurnalında dərc olunan roman, povest, hekayə və şeirləri çox maraqla oxudum. Amma elə həmin nömrədə o vaxtadək heç vaxt imzasına rast gəlmədiyim müəllifin təbiət mövzusundakı şeirləri məni əməlli-başlıl sehirləmişdi:

zirvə açıb yaxasını günəşə,
duman basıb, dərədə ağ gecədi;
ildırımın tək səbiri gəlmədi,
qara bulud göy üzündə çeçədi;

O vaxtadək belə obrazlı düşüncə, təbiəti belə gözəl təsvir edən şeir oxumamışdım. Həmin şeiri oxuduqca təbiət lövhələrinin bədii təsvirinə, metaforalara və demək olar ki, şeirin hər misrasında onun çəkdiyi poetik lövhələrə heyran qalmamaq olmur:

tellərini döşə yayıb qız bulaq,
dağ çayına pay göndərir yüz bulaq;
bir qayanı yarıb çıxan buz bulaq,
düyməsindən pərvazlanan qönçədi;

Xeyli müddət bu şeirlərin müəllifi, onun kimliyi haqqında öyrənmək istədim. Bakı Dövlət Universitetində tələbəlik illərində məndən bir kurs aşağıda oxuyan Rəşad Məcidlə həmişə tənəffüslərdə ədəbiyyat, poeziya haqqında söhbət edər, fikir mübadiləsi aparardıq. Həmin söhbətlər zamanı gördüm ki, Rəşad da bu şeirləri əzbər bilir. Hətta dedi ki, bir dəfə təsadüfən bu şeirlərin müəllifi Nazim Əhmədli ilə yol yoldaşı da olub.

Sonralar Nazimin daha bir gənclik dostu Faiq Şükürbəyli ilə də onun yaradıcılığı barədə dəfələrlə söhbət etdik. Məlum oldu ki, 70-ci illərin ortalarında Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alan Nazim Əhmədli həmin dövrdə orada oxuyan Faiqlə yaxın dost olub. Onun poetik istedadı, bənzərsiz təbiət şeirləri barədə indi folklorşünas-alim, filologiya elmləri namizədi olan Faiq Şükürbəyli ilə də çox söhbət etmişik.

Onun imzası məni o qədər özünə valeh etmişdi ki, Laçın rayonunda çıxan "Laçın" qəzetinin daimi oxucusuna çevrilmişdim. Füzulidə çıxan "Araz" qəzeti redaksiyasında işlədiyimdən qəzetin hər nömrəsini alıb oxuyur və Nazimin imzasını axtarırdım. Məsələ burasındadır ki, o dövrdə rayon qəzetləri öz nömrələrini bir-birlərinə göndərirdilər. Onun bir sıra gözəl şeirlərini də məhz həmin qəzetin səhifələrindən oxumuşam:

bu dağların hərəsi bir oğuldu,
bir nağıldı bulaqların hərəsi.

Gizlətməyin yeri yoxdur, bu şeirlərin təsiri ilə bir neçə təbiət şeiri də yazmışam. Diqqətli oxucu bu şeirlərdə nəfəs, ruh yaxınlığını yəqin ki, hiss edər:

Ağappaq qar bağlayıbdı şal dağa,
Ağ naxışla vurulubdu xal dağa.
Daş-qayası çat-çat olmuş çal dağa
Yaxınlaşdım - dişlərini qıcadı.

İş elə gətirdi ki. sonralar, daha doğrusu, ötən əsrin 90-cı illərində Nazimin özü ilə də tanış oldum, yeni kitablarını mənə bağışladı. Hər dəfə görüşəndə o sadiq oxucularından biri kimi həmişə yeni çapdan çıxan kitablarını mənə verirdi. Mən də həmin kitabları birnəfəsə oxuyur, onun poetik dünyası, duyğuları ilə tanış olur, obrazlı düşüncə tərzini, metaforalarını, axıcı və rəvan poeziya dilini vurğunluqla izləyirdim. Təəssüf ki, yaradıcılığının ilk illərində yazdığı o gözəl təbiət şeirlərini sonralar heç bir kitabda tapa bilmədim. Bəlkə də hansısa kitabında təbiəti vəsf edən həmin lövhələr çap olunub, amma mənim acgözlüklə oxuduğum kitabların heç birində onlara rast gəlmədim.

Doğrudur, təbiətlə bağlı misralara indi də Nazimin şeirlərində rast gəlmək olur. Məsələn:

yarpağı qatdıyır payız,
içimi odduyur payız;
yay gedir, addıyır payız,
yaz gəlir, qışdan bilirəm.

Və yaxud:

yenə gələr tozanağı,
süpürər dağdan aşağı;
payızın dəli sazağı
yenə məni gic eliyər;

Lakin bu dəfə həmin misralar təkcə peyzaja da olduğu kimi işlədilmir, özündə şairin mənəvi dünyasının, daxili aləminin alt qatlarını ifadə edən fikir və duyğuların ifadəçisinə çevrilir, daha böyük yük daşıyır.

Nazim Əhmədli poeziyası öz bənzərsizsizliyi, özünəməxsusluğu ilə də diqqəti çəkir. Şair klassik şeir formasına sadiq qalsa da, poetik düşüncə tərzi, qafiyələri, misralarının düzümü ilə oxucusunu heyran edir. Onun poeziyası həm də öz axıcılığı, dilinin rəvanlığı, sadəliyi ilə də seçilir. Hətta bu şeirlər o qədər axıcıdır ki, nə vaxt başlayıb nə vaxt qurtardığını hiss eləmirsən. Amma çox sürətlə oxuduğun bu şeirlərdə çox dərin və incə mətləblər oxucunu xeyli düşünməyə vadar edir.

Dünyanın faniliyi, gəldi-gedərliliyi, bir göz qırpımında uçub-gedən ömür-gün haqqında "Dədə-Qorqud" dastanından üzü bəri çox deyilib, çox yazılıb. Nazim də bu mövzuya özünəməxsus şəkildə toxunub:

ruhum hara yollandı,
gözün-könlüm dolandı;
sonda hər şey yalandı,
nə əvvəl, nə axır var.

Onun bu münasibəti bir qədər də Şükuhinin məşhur misralarını xatırladır:

Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Bir əvvəl var, bir axır var deyirlər,
Bu bir sözdür, nə əvvəl var, nə axır.

Şairin misraları ilk baxışda sadə və adi təsir bağışlayır, lakin bu adilikdə bir qeyri-adilik, hamıya məlum olan mətləblərin şairanə ifadəsi də var. Yurd itkisi, doğma torpaq həsrəti onun da yaradıcılığından yan ötməyib:

ta onsuz da, olan oldu,
hər şey bir ağ yalan oldu;
yurd-yuvamız talan oldu,
heç bilmədik, kim elədi.

Nazim Əhmədlinin şeirləri ilmə-ilmə, naxış-naxış toxunmuş xalı, gəbə kimidir. Həmin xalıdan bircə ilmənin sökülməsi bütövlükdə onun sökülməsi, naxışların pozulması deməkdir. Bu şeirlər elə bil göylərdən gəlir. Bu, heç də təsadüfi deyil, çünki şair özü hər şeyi göylərdə axtarır. O, yaşadığımız dünyanın orbitindən çıxaraq başqa dünyalara üz tutur. O, öz orijinal deyim tərzi ilə özünü düşündürən, narahat edən həmin problemləri oxucuya da ötürür, onu düşünüb-daşınmağa problemlərin həlli yolunu axtarmağa çağırır. Bu sadə, aydın və çox axıcı bir şəkildə qələmə alınmış misraların arxasında dünya binnət olandan ta bu günə qədər süzülüb gələn fəlsəfi bir hikmət, bir ruh dünyası dayanır. Nazimin yaradıcılığı onu bir ruh adamı, ruh şairi kimi oxucuya təqdim edir. Onun poeziyasına mistik fəlsəfi düşüncə tərzi, sufi dünyagörüşü hakimdir. Bəlkə də elə buna görədir ki, bu dünyadan umduğu "bir qanadlıq lələk, bir batman söz"dür. Şair saf ruhu ilə göylərə çəkilib özünün poetik dünyasından süzülüb gələn misraları göy üzündə lələklə yazıb göndərməyi düşünür:

saçlarını əy, üzümə,
dəysin küləyi, üzümə;
çəkilirəm, göy üzünə,
dönəcəm, mələk olanda.

Ruhuna, ürəyinə sağlıq, Nazim Əhmədli - göy üzünün şairi!

20.03.2021 17:13:00
Oxuma sayı: 22745