Cift qan banklarının yaradılması tibb elminə nə vəd edir...
Ölçü:

Rasim CƏFƏRLİ,
ATU-nun cərrahi xəstəliklər kafedrasının dosenti,
tibb elmləri doktoru

Məlumdur ki, insan orqanizmi müxtəlif növ  hüceyrələrlə zəngin olan bir biokütlədir. Hər bir hüceyrə ayrı-ayrılıqda mükəmməlliyi ilə seçilir və onların spesifik bir funksiyaları vardır. Bunların arasında öz unikallığı ilə fərqlənən “kök hüceyrələr” isə zədələnmiş və ya ölmüş hüceyrələri əvəzləyərək, təmir və tikinti rolunu oynayırlar. Digər çoxsaylı xassələri ilə də kök hüceyrələr orqanların funksional fəaliyyətinin tənzimlənməsində iştirak edirlər.

Hazırda eksperimental və kliniki tədqiqatlarla kök hüceyrələrin müxtəlif xəstəliklərin müalicəsində effektivliyi sübut olunur. Onların kultivasiyası, saxlanılması və istiqamətli differensiasiyaya nail olunması üçün tədqiqatlar davam etdirilir. Günümüzdə müəyyən xəstəliklərin müalicəsində sonuncuların effektivliyi sübut olunub. Tədqiqatlar davam etdirilir və bir sıra digər aktual xəstəliklərin kök hüceyrələrlə müalicəsi də yaxın gələcəkdə öz həllini tapacaqdır. Göstərilənləri nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində müxtəlif növ kök hüceyrə bankları yaradılması ən perspektivli bir istiqamət kimi gündəmdədir. 

Əksər tədqiqatçıların fikrincə cift qanı bioloji xüsusiyyətləri ilə fərqlənən və kök hüceyrələrlə zəngin olan bir mənbədir. Sonuncudan alınmış kök hüceyrələr (CKH) hazırda hematoloji xəstəliklərin müalicəsində uğurla istifadə edilir. Hüceyrə texnologiyalarının davamlı inkişafı CKH pluripotentliyini (müxtəlif növ hüceyrələrə differensiasiya etmə qabiliyyətli) və yüksək plastikliyini aşkara çıxarmışdır ki, bu da onların yaxın gələcəkdə daha geniş sayda xəstəliklərin müalicəsində istifadəsinə zəmin yaradır. 

Lakin qeyd etmək lazımdır ki, insan həyata bir dəfə gəlir və yaxın gələcəkdə cift qanı   hüceyrələrin müxtəlif xəstəliklərin müalicəsində perspektivlərini nəzərə alınmaqla, ölkəmizdə “Cift qanı” banklarının yaradılması vacibdir.

CKH bank sisteminin yaradılmasının qısa tarixçəsi

Hazırda dünyanın aparıcı klinikalarında sümük iliyinin (kök hüceyrələr) transplantasiyası onkoloji və hematoloji xəstəliklərin müalicəsində geniş tətbiq edilir. Göstərilən xəstəliklərin müalicəsi zamanı “yeni” hemopoetik kök hüceyrələr (HKH) mənbəyinə ehtiyac duyulmaqdadır. Sümük iliyi transplantasiyası ilə yanaşı, kök hüceyrələr periferik qandan alınaraq istifadə edilmişdir.  Bir qədər sonra isə tədqiqatçılar tərəfindən CKH transplantasiyasından sonra hemopezin bərpası və sümük iliyinin repopulyasiyası effektləri müəyyən edilmişdir.

1988-ci ildə Fankoni anemiyasına görə əziyyət çəkən xəstəyə yeni doğulmuş qardaşından alınmış CKH transplantasiyası həyata keçirilmişdir. Məs bu tədqiqatın nəticələrinin nəşrindən sonra həmin ildə ABŞ, sonra isə Avropada ilk “Cift qan bankları” yaradılmışdır. Hazırda dünyada 100-dən artıq sayda “Cift qan bankları” mövcuddur. İlk zamanlarda transplantasiyalar siblinqlərə (qardaşlara) həyata keçirilirdisə, hazırda qohumluq əlaqəsi olmayan insanlara da həyata keçirilir.
NET CORD təşkilatının məlumatına əsasən, 2005-ci ilin noyabr ayında  qeydiyyatdan keçən cift qan banklardan alınmış HKH transplantasiyasının sayı 3942 olmuşdur. Həmin dövrdə donor banklarında 104447 nümunə mövcud olmuşdur. 24 yanvar 2006 ildə isə 21 ölkədə qeydiyyatdan keçən 37 bankda 216000 cift qan nümunələri təqdim edilmişdir.

1992-ci ildə dünyada illik doğuş sayı ortalama olaraq 120000000 idisə, 1992-2004 illərdə CQ banklarında 400000 nümunə mövcud olub.  Ümumiyyətlə digər mənbələrindən fərqli olaraq, kök hüceyrələrin ciftdən alınması proseduru ana və yeni doğulmuş uşağa heç bir zərəri yoxdur.

Cift qan banklarının növləri

Cift qan (CQ) nümunələri kommersiya və qeyri-kommersiya banklarında saxlanıla bilər. Hər bir bankda CQ uşağın valideyinlərinin razılığı əsasında saxlanılır. Lakin kommersiya banklarında cift qanın saxlanılması üçün ödənişlər valideyinlər tərəfindən  aparılırsa (personal saxlanılması üçün), qeyri-kommersiya banklarında CQ nümunələrinin saxlanılması ictimayi istifadə məqsədi ilə yığılır. Sonuncular donor banklarıdır və bunların maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir.  
Kommersiya banklarının fəaliyyəti.

Avropada CQ nümunələrinin saxlanılması üçün kommersiya bankları məhdud saydadırsa, ABŞ və Kanadada bunların fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Avropada kommersiya bankları Avstriya, Belçika, Almaniya, Niderland, Polşa və Böyük Britaniyada mövcuddur. İtaliyada isə qanun lakin dövlət banklarının fəaliyyətinə icazə verir. Oxşar situasiya Asiya və Avstraliyada mövcuddur. 

CQ nümunələrinin fərdi saxlanılması üçün kontrakt 18-20 il müddətində aparılır. CQ nümumələrinin saxlanılmasına qərar verən valideyinlər öncədən müvafiq bank nümayəndəsini xəsəbərdar edir və uşaq doğulduqda CQ kuryerlər tərəfindən ünvana çatdırılır.

Avropa və ABŞ-da razılıq verən valideyinlər öncə 150 avro və ya 175 ABŞ dolları məbləqdə ilkin ödəniş etdikdən sonra prosessinq 1200-1500 ABŞ dollara başa gəlir. Avropada isə CQ nümunələrinin 18-20 il saxlanılması 1185-1800 Avroya başa gəlir.

Keyfiyyət təhlükəsizliyi və müvafiq qanunvericilik

CQ banklarının fəaliyyətində sonuncuların alınması, təhlükəsiz qaydada saxlanılması üçün metodikalar ümumqəbuledilmiş üsullara əsaslanmalıdır.  2004-cü ildə CQ-dan alınmış kök hüceyrələrinin keyfiyyəti və təhlükəsiziyi, alınması, həyat fəaliyyətinin yoxlanılması, işlənməsi və saxlanılması  üçün Avropa standartları (Direktiva - 2004/23/EC) qəbul edilmişdir. Avstraliya, Almaniya və Fransa GMP (good manufacturing practice) şəraitində CQ prosessinq standartlarına əsasən fəaliyyət göstərirlər. Eyni standartlarla Avropanın EUROCORD bank şəbəkəsi fəaliyyət göstərir.
Bəzi hallarda banklar sümük iliyi və ya periferik qan transplantasiyası təşkilatlarının (Foundation for the Accreditation of Cellular Therapy (FACT), American Assosciation of Blood Banks (AABB)) qəbul etdiyi standartlara uyğun fəaliyyət göstərirlər.

Kommersiyalaşma prosesi. CKH xassələrinin öyrənilməsi, onların tətbiqi üçün perspektivdə  imkanların artmasını göstərir. Bununla əlaqəli olaraq, cift qan banklarının tərkibində biotexnoloji kompaniyalar yaradılır. Məs kommersiya tipli cift qan banklarının yaradılması “stem cell business” –in formalaşmasına təkan vermişdir. ABŞ da hal hazırda 40 yaxın kommersiya tipli cift qan bankları mövcuddur. 2004-cü ilin statistikası göstərir ki, ABŞ-da 4 million doğuş həyata keçirilir ki, bunların 140000 (3.5%) cift qanın saxlanılması üçün müraciət etmişdirlər. Bankların illik gəliri təxminən 125 mln dollar həcmində olmuşdur.

Perspektiv istiqamətlər. CQ bank sisteminin aşağıda göstərilən perspektiv istiqamətləri var:
1.Hüceyrə transplantasiyası üçün cift qişasının, hüceyrə və toxumalarının saxlanılması potensialının artırılması
2.CQ hüceyrələrinin hematoloji və qeyri-hematoloji xəstəliklərinin müalicəsində tətbiqi göstərişlərinin artırılması
3. Hematoloji kök hüceyrələrin ex vivo şəraitində biokütləsinin artırılması

Beləliklə, son 20 ildə cift qandan alınmış kök hüceyrələrin  transplantasiyası eksperimental prosedurdan hematoloji və genetik xəstəliklərin ümumqəbul edilmiş müalicə üsulunun tətbiqinə qədər çatmışdır. Bununla yanaşı, cift qan banklarının sayı da dünyada artmışdır. Qeyd edilənləri nəzərə alaraq, ölkəmizdə “Kök hüceyrə” banklarının təşkil edilməsi Milli strategiyanın bir qolu kimi hesab edilməlidir.  


05.03.2021 17:38:00
Oxuma sayı: 12369