Pakistanın Baş Qərargah rəisi Vilayət Eyvazov və Elçin Quliyevlə görüşüb
Ölçü:


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Koordinat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazir beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyi vurğulayıb.

N.Raza isə Pakistan və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.

General Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti bu gün həm də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin qəbulunda olub.
Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaş­lığın perspektivləri müzakirə olunub.

Hər iki görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulanıb.

Xatırladaq ki, Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza dünən Prezzident İlham Əliyevin və müdafiə naziri Zakir Həsənovun da qəbul unda olub. Bundan əvvəl isə o, Şəhidlər xiyabanına gələrək Azərbaycanın  suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş vətən oğullarının məzarlarını ziyarət etmişdir.
05.03.2021 14:37:00
Oxuma sayı: 53