Bayıldakı sürüşmə ilə bağlı xəbərdarlıq
Ölçü:


Son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə  qismən dağılıb.

Koordinat.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sürüşmə zonasındakı son vəziyyətə aydınlıq gətirib. O, deyib ki, Bayıl yamacındakı sürüşmə sahəsi 6,9 hektar ərazini əhatə edir: “Təhlükəli zonada 106 ev siyahıya alınıb. Ərazinin 70 faizindən şam, zeytun və digər ağaclar əkilib. Sürüşmənin qarşısının alınması üçün müəyyən növ ağacların kökü 15 metrdən artıq getməlidir ki, kütləni saxlaya bilsin. Şamın kökü yana yayılır, dərinə getmir. Orada ağaclar sürüşüb hərəsi bir yamacda qalıb. Müvafiq orqanlar tərəfindən təhlükəli zonaya düşən 106 ev siyahılaşdırılıb, 90 evdən sakinlər çıxarılıb”.

Nazirlik rəsmisi qeyd edib ki, 2004-cü ildən həmin ərazi sürüşməyə meylli ərazi kimi coğrafi koordinatları ilə birlikdə konturlaşdırılıb, hesabat şəklində müvafiq orqanlara təqdim olunub: “İndiki proseslər o vaxt verdiyimiz konturların daxilində gedir. Ola bilər ki, vəziyyət 10 gün stabil olsun, 5 il stabil olsun, sonra anidən torpaq sürüşə bilər. Orada ümumiyyətlə tikinti aparmaq, yaşayış sahəsi salmaq olaz”.
 
12.02.2018 13:09:00
Oxuma sayı: 620