Səfir: "İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır"
Ölçü:


"İran Azərbaycanın yaxın qonşusu olaraq bir sıra imkanlara sahibdir ki, Qarabağın bərpasında Azərbaycan dövləti və xalqına köməkliklər göstərə bilər. İran xalqı və dövləti Azərbaycanın ərazilərinin işğaldan azad edilməsinə və bölgədə yaranan yeni şəraitə qəlbən sevinirlər. İran dövləti və xalqı bu bölgənin tez bir zamanda dirçəlməsində maraqlıdır".

Koordinat.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Trend"ə müsahibəsində deyib.  O, qeyd edib ki, Azərbaycanın yüksək səviyyəli rəsmiləri, xüsusilə Cənab Prezident İlham Əliyev dost ölkələri, o cümlədən İranı işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka dəvət edib: "İran dövləti bunu əsas götürərək Qarabağın bərpa olunmasına hazır olduğunu elan edib. Hazırda İran tərəfi Azərbaycan dövlətinin azad olunan ərazilərlə əlaqədar baş planlarının elan olunmasını gözləyir".

Səfir İran şirkətlərinin bərpa işlərində iştirakını bir neçə cəhətdən məqsədəuyğun hesab edir. O, qeyd edib ki, işğaldan azad edilmiş ərazilər çoğrafi baxımdan İranın yaxınlığında yerləşir. Bu baxımdan İranın tikinti materialları, xammalı digər ölkələrlə müqayisədə daha ucuzdur, işçi qüvvəsi daha ucuz başa gəlir: "Ən əsası bu ərazilərin bərpasına İranda maraq böyükdür. Eyni zamanda ərazilərin bərpasına başlamazdan öncə, bu ərazilərin minalardan, partlamayan silah-sursatlardan təmizlənməsi əhəmiyyətli məsələdir. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi və onun tabeliyində olan şirkətlər bu bölgəyə gəlməyə hazır olduğunu və ərazilərin təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər. Bu şirkətlər humanistlik çərçivəsində ərazilərin bir hissəsini heç bir xərc olmadan, digər hissələri isə müqavilə çərçivəsində minalardan təmizləməyə hazırdırlar".

Seyid Abbas Musəvi bildirib ki, iki ölkə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət və hərbi sahələrdə əməkdaşlıqları artıra bilərlər: "Hazırda prioritet azad olunan ərazilərin bərpasında iştirak etmək və iki ölkənin iqtisadi münasibətlərini artırmaqdır. Fikrimcə, iki ölkə münasibətləri yaxın gələcəkdə strateji şərik münasibətlərinə çevriləcək. Belə ki, iki ölkə bir-birinin imkanlarından faydalana bilər. Bu istiqamətdə xüsusilə tranzit, nəqliyyat imkanlarından istifadə etmək olar. İki ölkənin münasibətləri regional əməkdaşlıqlar üçün örnəyə çevrilə bilər. İki dost və qonşu ölkə arasında bütün istiqamətlərdə həmişə yaxşı münasibətlər olub. Son illər ərzində Azərbaycan və İran münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İranın ətrafında 15 ölkə qonşu ölkə hesab olunur. Hər bir ölkənin özünəməxsus yeri var. Lakin bu ölkələr arasında Azərbaycan prioritet və əhəmiyyət kəsb ölkələrdən biridir".
03.03.2021 15:38:00
Oxuma sayı: 59