Rəsmi Bakıdan bəzi Avropa ölkələri parlamentlərinə etiraz
Ölçü:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə reaksiya verib.

Koordinat.az
-ın məlumatına görə, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva son günlər bəzi Avropa ölkələrinin qanunverici qurumları tərəfindən Ermənistan və Azərbaycan arasında əsirlərin mübadiləsi məsələsi ilə bağlı qəbul edilən qətnamələr barədə fikirlərini bildirib. O qeyd edib ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir.

"Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Doğrudur ki, son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər. Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub. Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya Parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb. Burada ən önəmli məsələ kimi, Parlamentin ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığını və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd etdiyini vuruğulamaq istərdim. Ümumiyyətlə, artıq ikinci dəfədir ki, İtaliya Parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanmış və tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunmuşdular.

Bununla yanaşı, bu ilin 25 fevral tarixində Niderland Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən “Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı” Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu. Niderland Parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub. Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış etmiş, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif etmişdi. Buna rəğmən qətnaməyə düzəliş edilməmişdi. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.

Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir və bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir”.
03.03.2021 13:27:00
Oxuma sayı: 52