Qarabağda anti-terror əməliyyatları aktuallaşır
Ölçü:

"Qarabağda genişmiqyaslı əməliyyat o səbəblə mümkün deyil ki, orada Rusiya sülhməramlıları var".

Koordinat.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib. O, Qarabağda müharibənin yenidən başlaması üçün Rusiya sülhməramlıları oradan tamamilə çəkilib getməlidir.  Amma indiki halda Qarabağdakı qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üçün anti-terror əməliyyatı ola bilər: "Lakin Qarabağda anti-terror əməliyyatı ola bilər. Çünki bu, məhdud əməliyyatdır, yəni irimiqyaslı müharibə demək deyil. Amma müharibə sülhməramlıların dövründə olmayacaq".

Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələri zərərsizləşdirmək üçün lazımi qüvvəsi var: "Anti-terror əməliyyatını, adətən, xüsusi təyinatlı dəstəmiz həyata keçirir. Lakin hazırda əsas olan odur ki, anti-terror əməliyyatından daha çox diplomatiya güclü işləsin və Laçın dəhlizinin başındakı sərhədə biz nəzarət edə bilək. Neçə ki biz o sərhədə nəzarət edə bilməyəcəyik, belə hallar kütləvi şəkildə olacaq”.

Xatırladaq ki, ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan, bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən üçtərəfli bəyanatın müddəaları rəsmi Yerevan tərəfindən pozulur. Belə ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti Azərbaycanın ərazilərində - Xocalı, Xankəndi və Xocavəndə hərbi xidmət üçün göndərilir. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Yerevanda müdafiə nazirliyinin önündə toplaşan əsgər valideynlərindən aldığı müsahibələrdən aydın olur ki, erməni hərbi çağırışçılar mülki şəxs adı altında Qarabağa daşınır. Övladlarının gizli yolla Qarabağda xidmətə cəlb edilməsinə etiraz edən valideynlər buna görə Paşinyan hakimiyyəti ünvanına sərt fikirlər səsləndirirlər.

Azərbaycan Xarici İşlər Nazirliyi də erməni hərbi qulluqçuların mülki şəxs adı altında Ermənistandan Qarabağa daşınmasına etiraz bildirib, bununla bağlı bəyanat yayıb. Bütün bunların fonunda Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təxris olunmuş hərbçiləri təkrar səfərbərliyə cəlb etməsinə dair məlumatlar da yayılmaqdadır.
01.03.2021 14:47:00
Oxuma sayı: 39