İri dövlət şirkətləri dövlət büdcəsinə yük olmaqdan qurtaracaqmı?
Ölçü:


“Azərbaycanda dövlət şirkətlərinin idarəetməsi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə büdcədən pulların “sağılması” üçün istifadə olunur. Belə davam edə bilməz”.

Koordinat.az
xəbər verir ki, bu sözləri prezident İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında İnvestisiya Holdinqinin yaradılması ilə bağlı sualı cavablandırarkən deyib. Dövlət başçısı qeyd edib ki, dövlət şirkətlərində idarəetmə sisteminin təkmilləşdirilməsi üçün İnvestisiya Holdinqi yaradılıb: “Dövlət şirkətlərində idarəetmə sistemi axsayır. Müasir tələblərə cavab vermir. Demək olar ki, heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir. Bir və ya ikisi istisna olmaqla. Belə davam edə bilməz. Digər tərəfdən strateji infrastruktur, hal-hazırdakı vəziyyəti və Qarabağdakı vəziyyəti nəzərə alsaq dövlətin əlində qalmalıdır. Bu birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Fərz etsək ki, bizim dövlət şirkətlərimiz bu gün korporativ idarəetmə üsulu ilə işləsəydilər, onlar indi bərpa layihələrinə pul qoymazdılar. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaq, lazımi nəzarəti təmin etməkdir.”

Prezident bildirib ki, dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür: “Hətta Azərbaycanın ən böyük vergi ödəyicisi olan Dövlət Neft Şirkəti də bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Bu belə olmaz. Başqalarını demirəm. Bir neçə istisnalar var bəlkə də. Amma əksəriyyəti səmərəsizdir. Buna son qoymaq lazımdır. Kim yeni qaydalarla, düzgün və şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək.

Amma dövlət şirkətlərinin özəlləşdirməsinə gəlincə, bu dəqiq bu il olmayacaq. Amma bəzi dövlət şirkətləri özəl kapitalı hesabına inkişaf etməlidir. Birinci növbədə enerji sahəsini qeyd etməliyik, özəl investisiyalar üçün bu sahəni açmışıq”.

Prezident qeyd edib ki, bu şirkətlərin əksəriyyəti səmərəsizdir: “Rəhbərliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşməsi baxımından kim yeni qaydalarla dürüst, şəffaf işləmək istəməsə məsuliyyətə cəlb olunacaq”.

26.02.2021 17:13:00
Oxuma sayı: 48