Qara qərq olan Bakı... - Bəzi yollar meriyanın idarəçiliyindən alınıbmış
Ölçü:


Bakıya yağan ilk qar paytaxtımızın “makiyaj”ının silinməsinə səbəb oldu. Nəqliyyatın hərəkətində, yollarda, kommunal xidmətlərin göstərilməsində yaranan ciddi problemlər açıq göstərdi ki, şəhər təsərrüfatı bu duruma qətiyyən hazır deyilmiş. Halbuki bir neçə gün öncədən sinoptiklər qarlı, şaxtalı hava dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər.

Koordinat.az xəbər verir ki, Bakının qışa hazır olmamasının əsas səbəbi idarəçiliyin düzgün qurulmaması ilə izah olunur. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov “Press Klub”a bildirib ki, paytaxtın bəzi əraziləri – Bibiheybət yolu, Zığ yolu, Salyan şossesi, Baksol və Kürdəxanı yolları, Masazır dairəsi, Digah, Mehdiabad onların idarəçiliyində deyil: “Həmin ərazilər rayon kommunal strukturları, bələdiyyələr və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Bizim əraziyə daxil olan küçə və yolların problemləri dərhal aradan qaldırılır. Tədarük görülüb, ona görə də vəziyyət o qədər də pis deyil. Duz ehtiyatı, xüsusi avtomobillər və qurğular nəzərdə tutulmuşdu və biz hazırlıq işlərimizi görmüşdük”.

Qurum rəsmisinin sözlərinə görə, çox şey yağan qarın miqdarından, havanın temperaturundan asılıdır: “Bakı böyük şəhərdir və hardasa problem qala bilər. Əməkdaşlarımız tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir, problemləri görən kimi, dərhal aradan qaldırırlar. Məsələn, Yasamalda “Bizim market”in qarşısında olan problem sosial şəbəkədə yayıldı və ora 5 dəqiqə ərzində tərtəmiz təmizləndi. Ona görə də mərhələli şəkildə şəhər ərazisini təmizləyirik.”

Başqa bir problem sürücülərin əlverişsiz hava şəraitində şəxsi avtomobilləri ilə tədarüksüz şəkildə yollara çıxması, nəticədə qəza vəziyyətlərinin yaranmasıdır. Əlbəttə, metronun bağlı olduğu və digər ictimai nəqliyyat növlərinin lazımi səviyyədə çalışmadığı bir şəraitdə şəxsi avtomobillərdən istifadə etmək məcburiyyəti də yaranır. Amma qış təkərlərindən istifadə etməyən, yararsız təkərlərlə yola çıxan sürücülər həm özləri, həm də digər vətəndaşların həyatını təhlükəyə atırlar.
25.02.2021 16:13:00
Oxuma sayı: 49