Paşinyan tərəfdarlarını meydana çağırdı - xalqa müraciət edəcək
Ölçü:

Ermənistan baş naziri Nikol Paşinyan 16:00-da xalqa müraciət edəcək.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, çıxış Yerevanın Respublika meydanında baş tutacaq. Meydanda hazırda baş nazirin tərəfdarları ilə istefa tərəfdarları arasında toqquşmalar baş verir.

Siyasi icmalçı Asif Nərimanlı mövzunu şərh edərkən deyib ki, Paşinyanın öz tərəfdarlarını “Azadlıq” meydanına çağırması onun istefa vermək niyyətində olmadığını, İrəvanda qarşıdurmanın küçə toqquşmasına qədər gedə biləcəyini göstərir: “Rusiya (xüsusilə Ermənistan ordusunun Baş Qərargahında güclü təsirə malik olan hərbi sənaye-kompleksi) Paşinyanın “İsgəndər” açıqlamasını bağışlamayacaqdı, bağışlamadı da. Burada iki versiya önə çıxır:
- Ya Putin Rusiyası Nikolla müəyyən dövr üçün işləmək planından vaz keçir və məsələni kökündən həll etmək istəyir;
- Ya da Rusiya hərbi-sənaye kompleksi Ermənistan ordusundakı qrupları həəkətə keçirir (Rusiya daxilində müharibədən sonra yaranmış reallığı qəbul etməyənlərin olduğu məlumdur)”.

Asif Nərimanlının sözlərinə görə, Ermənistanda çevriliş regiondakı proseslərin axarına da bu və ya digər formada təsir edəcək: “İndi hər şey Nikol Paşinyanın “Azadlıq” meydanında nə qədər adam çıxara biləcəyi və Qərbin nə edəcəyindən asılıdır”.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı və onun müavini Tiran Sarkisyanı vəzifəsindən azad edib. Baş Qərargahda bütün idarə rəisləri, ordu birləşmələrinin komandirləri Paşinyanın istefasını tələb edirlər.

Paşinyan bu tələbi dövlət çevrilişinə cəhd kimi dəyərləndirib. O, xalqı meydana çıxmağa səsləyib: “Bütün tərəfdarlarımı meydanlara toplaşmağa çağırıram. Yaxın zamanda mən canlı yayımda xalqa müraciət edəcəm”.
25.02.2021 13:50:00
Oxuma sayı: 56