Pensiya yaşı niyə artırılır? - nazirlik rəsmisindən açıqlama
Ölçü:

“Bu gün cəmiyyətdə elə fikir formalaşıb ki, 65 yaş həddi çoxdur, əgər başıma nəsə gəlsə pensiya ala bilməyəcəyəm. Bu, yanlış təfəkkürdür. Qanunvericilikdə 3 pensiya növü varsa onun biri yaşa görədir. Digərləri isə əlilliyə görədir”.

Koordinat.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.O, qeyd edib ki, ölkədə 30 yaşında əlilliyə görə pensiya alan vətəndaşlar var: “Vətəndaş istənilən yaşda pensiyaçı ola bilər. 65 yaşa çatıb yaşa görə pensiya almaq həddinə gəlinibsə deməli sağlamlığında problem olmayıb”.

Şöbə müdiri bildirib ki, 25 il sığorta stajı və 28 illik pensiya kapitalı tələbindən ikisindən biri olarsa pensiya almaq hüququ qazanır: “Əgər vətəndaşın 25 ilə uyğun stajı yoxdursa, ancaq lazım olan kapitalı varsa yaşa görə pensiyaçı ola bilər. Əvvəl pensiyanın təyin olunması üçün sənəd toplanması üçün uzun müddət vaxt tələb olunurdusa, bu ilin yanvar ayının 1-dən pensiya yaşına çatan şəxslər avtomatik şəkildə topladığı kapitala uyğun olaraq pensiya təyin olunur”.

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik olaraq bununla bağlı araşdırma aparırıq. Sosial iqtisadi inkişaf baxımından Azərbaycana yaxın ölkələrlə müqayisələr edilir. Onun sözlərinə görə, elm və texnologiyaların, səhiyyənin inkişafı insanların həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradır: “Buna görə də dünya ölkələrində pensiya yaş həddi mərhələli şəkildə artır. Bu, mütəmadi prosesdir. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda orta ömür uzunluğu 77 ildir, pensiyaya çıxma yaşı isə 65-dir. Sosial şəbəkələrdə Azərbaycanda pensiya yaş həddinin yüksək olması ilə bağlı səsləndirilən fikirlər yanlışdır”.

E.Abbasov qeyd edib ki, bu gün ölkədə 1 milyon 232 min pensiyaçı var, onların 54 faizi 12 ildən artıq pensiya alır: “Bu pensiyaçıların kapitalı artıq bitib, biz onları Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesablarına qarşılayırıq. Pensiyalardan biri yaşa görədir. Bundan əlavə, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalar verilir. Yalnış təfəkkürü qırmalıyıq ki, insan yalnız 65 yaşda pensiya alır".

23.02.2021 13:59:00
Oxuma sayı: 36