İlham Əliyev: "Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb”
Ölçü:


 
“1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bildi və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyuldu”.
 
Koordinat.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.
 
Dövlət başçısı bildirib ki, iqtisadi islahatlar, onların təməli də məhz o illərdə qoyulub: “Biz beynəlxalq aləmdə fəal siyasət apararaq, Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bildi. Ondan sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var”.
 
Azərbaycan prezidenti eyni zamanda bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq: "Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıb. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək”.
 
Prezident qeyd edib ki, Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı çox aydın hədəflər var: “Neft-qaz sahəsində bütün vəzifələr icra edildi. “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti uzadıldı. “Cənub Qaz Dəhlizi”nin icrası da uğurla gedir. Əminəm ki, gələn il biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Bütövlükdə “Cənub Qaz Dəhlizi”nin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. Mən burada da heç bir problem görmürəm. Sadəcə olaraq biz qrafik üzrə getməliyik. Avropa İttifaqı da Azərbaycanı bu layihənin həyata keçirilməsində aparıcı ölkə kimi tanıyır. Doğrudan da bizim bu layihənin icrasında rolumuz danılmazdır və aparıcıdır”.
 
Nəqliyyat sahəsinə gəldikdə isə dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylər yüklərin həcminin artırılmasına yönələcək: “İndi biz bu məsələ üzərində çalışırıq. Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz ərazimizdə demək olar ki, bütün işləri gördük. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarımızı ortaya qoymağa hazırıq. Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq. Azərbaycanda müasir texnologiyaların inkişafı da gündəlikdə duran məsələdir. Üçüncü süni peykin orbitə çıxarılması da gündəlikdə duran məsələlərdən biridir. Gələcək fəaliyyətimizlə bağlı əlbəttə ki, hər bir sahə üzrə konseptual yanaşma var. Mən əgər bu gün bütün planlar haqqında danışsam, bir neçə saat vaxt lazım olacaq. Mən bu gün sizin və ictimaiyyətin diqqətinə gələcəkdə əsas, önəmli istiqamətlər üzrə görüləcək işlər haqqında fikirlərimi çatdırdım. Bir daha demək istəyirəm ki, bu planların reallaşması üçün bütün imkanlar var. Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik. Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.
 
14.11.2017 17:00:00
Oxuma sayı: 86