Ötən il sahibkarlara 127 milyon manat güzəştli kredit verilib
Ölçü:


2020-ci ildə Fond tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib.

Koordinat.az
-ın məlumatına görə, bunu Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb:
“Kreditlərin 57%-i aqrar sektorun (istehsal və emal), 43%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79%-i regionların, 21%-i isə Bakı qəsəbələrinin payına düşür”.

Kənan Nəcəfov bildirib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə ötən ilin iyun ayından iki proqramın - kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanıb: “Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq rəqəmsal Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. 2020-ci ildə bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Bu müraciətlərdən kredit tələbatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilmişdir. Zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 86.1 milyon manat təşkil edir. Zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74.8 milyon manat olub”.

Sədr qeyd edib ki, digər dəstək mexanizmi olan sahibkarların 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat faiz subsidiyasının verilməsi nəzərdə tutulur: “Bunun da 50 milyon manatı dövlət büdcəsinin, 50 milyon manatı isə Fondun vəsaiti hesabına həyata keçirilir. Bu mexanizmə əsasən, faiz subsidiyası sahibkarların 10 mart 2020-ci il tarixinə mövcud kreditləri üzrə kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında 12 ay ərzində verilir. Ötən il bu mexanizm çərçivəsində sahibkarların kredit qalığı 483 milyon manat 1992 müraciəti üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərarlar qəbul edilib və artıq 1365 kredit üzrə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib”.

K.Nəcəfov deyib ki, 2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur: “Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır”.

09.02.2021 12:46:00
Oxuma sayı: 45