Fərəc Quliyev: "Sürüylə ermənini gətirib Qarabağa yığmaqla deyil ki!" - MÜSAHİBƏ
Ölçü:

Rusiya sülhməramlılarının fəaliyyəti heç kimi qane etmir. Azərbaycanda artıq Prezident də daxil olmaqla hər kəs məsələ ilə bağlı bağlı mövqe ifadə edib. Biz sülhməramlıların öz çərçivəsi daxilində fəaliyyətini istəyirik".

Koordinat.az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev "Yenisabah"a müsahibəsində belə deyib. Həmin müsahibəni olduğu kimi təqdim edirik:
-Rusiya sülhməramlılarının Qarabağda mövcud olması da buna bağlıdır. Əslinə, onları heç kim dəvət etməyib. Yaranmış situativ şəraitlə əlaqədar onlar burdadılar. Sülhməramlı adı altında gəlib hər şeyə müdaxilə etməklə bizim hüquqlarımızı tapdalayırlar. Mülki idarəetməyə müdaxilə etmək, orada humanitar yardım adı altında müxtəlif fəaliyyətlər göstərməklə çərçivələrini aşırlar. Azərbaycanda bütün kəsimlər onlarla bağlı etirazını bildirib. Ortaq bəyanatın 4-cü bəndinə görə sülhməramlı adı altında hərbi kontingent buraya daxil olanda həm Ermənistan ordusunun, həm separatçıların tör-töküntüləri buradan çıxmalı, paralel yerləşmə olmalıydı. Amma onlar hələ də çıxarılmayıb. Sonrakı məqamlarda oraya müxtəlif qüvvələrin gətirilməsi problemi yarandı. Biz oradakı mülki idarəetməyə müdaxilədən məmnun deyilik.  Hesab edirəm ki, qarşıdurma yaratmadan qısa zamanda onların ölkəmizi tərk etməsi üçün tədbirlər görülməlidir. Artıq monitorinq qrupu və sülhməramlılar olmadan erməni əsilli və türk soylu azərbaycanlıların bir yerdə yaşaması ilə bağlı faktlar toplanmalıdır. Əslində yaşayış üçün mühiti özümüz də yarada bilərik. Çünki sülhməramlı adı altında heç bir iş görməyənlərin işini bir-iki gün ərzində Azərbaycanın xüsusi xidmət orqanları, hərbçilərimiz gördülər və terrorçuları zərərsizləşdirdilər. Hesab edirəm ki, narazılıqlar açıq şəkildə bildirilməlidir. Sülhməramlılar ya tam şəkildə o çərçivənin daxilində fəaliyyət göstərməlidirlər, ya da bu etirazlar toplandıqdan sonra onların çıxma prosesi haqqında düşünmək lazımdır.

- Sülhməramlıların ermənilərin Qarabağa köçürülməsinində xüsusi canfəşanlıq göstərməsi ən çox narazılıq doğuran məqamlardan biridir. Rəsmi məlumata görə, bu günədək Qarabağa 27 min erməni köçürülüb. Elə bu faktın özü narahatlıq üçün əsas deyilmi?

- Əlbəttə, əsasdır. Atəşkəs sazişinə əsasən, məsələ belə qoyulmuşdu ki, bütün qaçqınlar və məcburi köçkünlər öz yurdlarına qaytarılacaq və BMT-nin burada xüsusi bir qrupu iştirak edəcək. Çünki onların nəzarəti ilə bu iş görülməlidir. Amma birtərəfli qaydada yalnız erməni əsilli azərbaycanlılar oraya köçürülür. Köçürüləndə də tam olaraq kim olduğu bilinmir. Mən dəfələlərlə məsələ qaldırmışam, yenə  o fikirdəyəm ki, Laçın  dəhlizində Azərbaycanın gömrüyü, sərhəd xidməti və polis postu olmalıdır. Sürüylə ermənini gətirib bura yığmaqla deyil ki! Gələ bilərlər, amma qısa zamandan sonra 1988-ci ilədək burada doğurulmayanların köçürülməsinə imkan verilməyəcək. Onlara ümid verirlər ki, başqa ölkənin pasportu ilə burada yaşayacaqlar. Amma elə şey mümkün deyil. Deportasiya olunacaqlar. Xankəndidən 12 minədək Azərbaycan türkü qovulub. Onların geriyə qaytarılması ilə bağlı işlər görülməlidir. Ermənilər orada 12 500 adamın mənzilini gəlib tutublar. Suriya və başqa yerlərdən köçürülən ermənilər azərbaycanlıların mənzillərində yaşayıb. Onlar evləri boşaltmalıdır və azərbaycanlılar oraya köçürülməlidir. Xankəndidə ermənilərin qondarma bir qurumu vardı. Ona meydan verməsələr, məsələ bu həddə çatmaz. Bu problem də irad kimi göstərilməlidir. Guya mülki idarəetməni bunlar həyata keçirir. Onların nəinki belə bir hüququ yoxdur, hətta cinayətkardırlar. Ona görə də mən ictimaiyyətin narahatlığını bölüşürəm. Hesab edirəm ki, Azərbaycan tərəfi ardıcıl olaraq işlər görür. Biz narazılıqlarımızı dövlət daxilində bir-birimizə qarşı qoymaqla məşğul olmalı deyilik. Bu faktları toplayıb bir yerdə bizi qane etməyən hərəkətləri işıqlandırmalıyıq. Çünki bu məsələdən hakimiyyət də məmnun deyil.

 - Sülhməramlı qüvvəyə rəhbərlik edən general Muradovun Dağlıq Qarabağdakı separatçı rejimin başçısı ilə tez-tez görüşməsini necə qiymətləndirirsiniz?
- Arayikə Azərbaycan Prokurorluğu 8 maddə ilə cinayət iş qaldırıb. Əslində, onu çoxdan həbs edib verməliydilər. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı imkanları var. Sadəcə biz beynəlxalq ictimai rəyi nəzərə alıb sülhməramlıların gəlməsinə icazə verdik. Amma onlar aidiyyəti olmayan işlərlə məşğul oldular. Ölkə prezidenti də onlara, “Humanitar yardım adı altında gəlib burada sizə aid olmayan işlərə müdaxilə edirsiniz, biz erməni əsilli vətəndaşlarımıza müəyyən şərait yaradılsın deyə göz yumuruq, amma bizim o imkanımız var ki, Arayiki də zərərsizləşdirək, hətta başqa işlər də görək”, - dedi.  Düşünürəm ki, idarəetməyə başlayan kimi lazımi işləri görəcəyik. Amma indi bunların üzərinə düşən sadə bir məsələ var: Əgər Arayiki həbs etmirlərsə, heç olmasa onunla əməkdaşlıq da etməsinlər. Rusiya sülhməramlıları Ermənistanın hər hansı bir qurumunun nümayəndəsini oraya dəvət etməli deyil. Çünki bura Azərbaycanın daxilidir. Nə çətinlik, onları düşündürən nə sual varsa, Azərbaycan Prezidentinə, onun Administrasiyasına müraciət etməlidirlər. Burada Ermənistan dövlətinə aid olan heç bir şey yoxdur.

- Sizcə, Azərbaycan bu problemlərdən xilas olmaq üçün hazırda hansı addımları atmalıdır?
- Bu məsələ ilə bağlı hökumətin vizyonunu bəyənirəm və qəbul edirəm. Ölkə başçısı Moskva görüşünə getməzdən əvvəl mövqeyini sərt şəkildə ortaya qoydu. Ermənistan Xarici işlər nazirinin torpaqlarımıza gəlməsinə irad bildirdi.  Biz onlara xəbərdarlıq etdik. Bizim icazəmiz olmadan orada heç bir işin görülməməli olduğunu vurğuladıq.  Qapalı  4 saatlıq görüşdə də təbii bu məsələlərə toxunuldu. Artıq bir çox məsələlər var ki, təhlükəsizlik xidmətləri, polis orqanları fəaliyyətlərinə uyğun müəyyənləşdiriblər. Prinsipcə əsas məsələ o olmalıdır ki, Azərbaycanın suverenliyi şəksizdir və bu onun bütün ərazisinə şamil olunur.  Xocalı, Xocavənd, Xankəndi  də Azərbaycanın digər əraziləri kimi ölkəmizin mülki idarəetməsindədir. Orada ermənilərin də, başqalarının da fəaliyyəti ilə bağlı tək söz sahibi Azərbaycandır. Bu prinsipləri əsas götürərək tədbirlər görülməlidir.

- Qarabağda hadisələrin bundan sonrakı inkişafı barədə nə deyə bilərsiniz? Bölgədə separatizmin kökünü kəsmək mümkün olacaqmı?

- İnşallah, mümkün olacaq. Türkiyə sülhməramlıları gələndən sonra işlərimizdə müəyyən qədər irəliləyiş müşahidə ediləcək. Rusiya sülhməramlılarının özbaşınalığı müəyyən qədər yığışdırılacaq. Azərbaycan ictimaiyyətinin ictimai nəzarəti yüksək səviyyədədir. Qısa zaman sonra bu ərazilərdə Azərbaycan tamamilə öz mülki idarəetməsini təmin edəcək. Buna heç kimin şübhəsi olmasın.
29.01.2021 16:58:00
Oxuma sayı: 163