Sonuncu zəngə cavab verməyən komandir - şəhid polkovnik Zaur Cəfərovun döyüş yolu
Ölçü:


Dünyaya göz açdığı kənd 28 il idi ki, təcavüzkar Ermənistanın tapdağı altında qalmışdı. Digər ərazilərimizdən fərqli olaraq, bu kəndin bəxti onda gətirmişdi ki, camaat qocalı-qarılı, böyüklü-kiçikli 113 gün dağlara çəkilərək, erməni vandallarının doğma ocaqlarını söndürməyə, tar-mar etməyə imkan verməmişdi.

Bütün bu olmuşlar 4 mart 1980-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş Cəfərov Zaur Hüseyn oğlunun uşaqlıqdan yaddaşına yazılmışdı.
Atası Hüseyn Cəfərov əvvəllər Kəlbəcərdəki Televiziya Stansiyasında, sonralar isə rabitə qovşağında, əmisi Əli isə uzun illər Bakı Metropolitenində baş mühəndis  vəzifəsində işləyib, Əməkdar mühəndis kimi təqaüdə çıxıb.

Zaur doğulduğu Başlıbel kənd orta məktəbində birinci sinfə getsə də, 1993-cü il aprelin əvvəllərində Ermənistanın Kəlbəcəri işğal etməsi nəticəsində ailəsi ilə birlikdə Dəlidağın ətəklərindəki körpəlik beşiyindən perik düşüb. Ailə əvvəlcə Qax rayonuna, sonra isə işlə əlaqədar Bakıya köçməyə məcbur olub. Ona görə də Zaur orta təhsilini 1997-ci ildə Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki şəhid Azər Namazov adına məktəbdə başa vurub.

Qardaşı Niyaməddin  müəllim deyir ki, babalarımız Cəfərov Həsənlə Həsənov Həsən 1941-1945-ci illər müharibəsinin veteranları, bibimiz oğlu Yalçın isə Birinci Qarabağ savaşlarında şəhid olub: ”Hələ 13 yaşında ikən ata yurdumuz, ana Vətənimiz Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi, qaçqınlıq-köçkünlük, qohumlarımızdan 9-nun bu yolda şəhid olması gənc Zaurun yaddaşına həkk olurdu. Bundan başqa, 49 başlıbellimizin mühasirəyə salınaraq Tuneldə girov götürülmələri, 113 gün kaha və mağaralarda ac-susuz qalıb doğma kəndi qoruyarkən 18 nəfərimizin son nəfəsədək döyüşsələr də, düşmən tərəfindən amansızcasına qətlə yetirilmələri onu rahat buraxmırdı. O dəhşətli günlərdə qarlı-boranlı dağ-daşlarla əsirlikdən xilas olmaq üçün canlarını qurtarmaq istərkən 8 nəfər başlıbellinin şəhidlik zirvəsinə ucalmaları  isə heç vaxt onun yadından çıxa bilməzdi...”

Şəksiz ki, o, bütün bu amansızlıqları yaddaşına yazmaqla hərbçi olmağa qəti qərar verib. Vaxtı və zamanı gələndə düşməndən qisas almasını isə unutmurdu. Orta məktəbi müvəffəqiyyətlə başa vuran Zaur buna görə də sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib  və istəyinə nail olub.

2000-ci ildə NATO ölkələrinin - qardaş Türkiyə, Macarıstan və Rumıniyada keçirilən təlim və kurslara qatılan Zaur Cəfərov burada bilik, təcrübə və vərdişlərə yiyələnərək, əsl hərbçi kimi yetişib.

Ali Hərbi Məktəb bitirərək Dövlət Attestasiya Komissiyyasının 2001-ci ildə qəbul etdiyi qərarla Raket Artilleriya Qoşunlarının döyüş fəaliyətinin idarə edilməsi, operativ taktiki raket yerüstü artilleriya və sahil raket artilleriya silahlarının bakalavr dərəcəsini alan Zaur Cəfərov getdikcə bu sahədə mütəxəssis kimi tanınmağa başlayıb.

2002-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində də kursu müvəffəqiyyətlə bitirən Zaur Cəfərov hərbi xidmətinin bir hissəsini Naxçıvan dağlarında keçib. 2003-cü ildə o, artilleriya batareya komandiri, 2005-ci ildə artilleriya divizya komandirinin texniki təminat üzrə müavini, 2008-ci ildə artilleriya diviziyasının qərargah rəisi, diviziya komandirinin müavini, 2014-ci ildə isə artilleriya divizyasının komandiri kursunu bitirib.
Ordu sıralarında xidmət göstərməyi ehtiyata buraxılmaqdan üstün tutan Zaur Cəfərov 2014-cü ildə imtahan verərək, Silahlı Qüvvələrin Hərbi Akademiyasınnın magistratura pilləsinə daxil olub. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsinədək yüksələn Zaur Cəfərov xidmətini şərəflə davam etdirib. Diviziya komandirliyindən, Artilleriya rəisliyinə, daha sonra hərbi hissə komandirinin müavini və  hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksələn polkovnik-leytenant  2016-cı ilin “Aprel döyüşləri”ndə və 2020-ci ildə Ermənistanın Azərbaycan sərhədlərinə Tovuz rayonu istiqamətində təcavüzü zamanı öz əsgərləri ilə birlikdə ön cəbhədə olub və qəddar düşmənə qarşı barışmaz mövqeyini ortaya qoyub.

Komandir Zaur Cəfərov 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində də öz briqadasi ilə döyüşlərin şiddətli yerində olub. O, bu günü 28 il gözləmişdi. Düşmənin döyüş mövqelərində qoyub qaçdığı ağır hərbi texnikanı qənimət kimi götürərək, özü idarə edirdi. Komandir və döyüş dostları, general Polad Həşimovla İlqar Mirzəyevin və bibisi oğlu Yalçın Mustafayevin, eləcə də istər Başlıbelin mühasirədə qaldığı günlərdə, istərsə də Xocalıda əsir götürülən qız-gəlinlərin qisasını almaq üçün özünü hər an ölümün üstünə atırdı. Lakin, o, təcrübəsiz deyildi. Buna görə də hər dəfə düşmənə ağır itkilər verərək, qənimətlə geri dönürdü.Onun idarə etdiyi briqada düşmənin tank alayının 4 tankını vurub, 3-nü qənimət kimi ələ keçirib. Xeyli sayda “Ural”,  “KamAZ”, QAZ- 33”, “UAZ” və digər markalı avtomobil, “D-30”, “D-44” və digər topları qənimət götürərək düşmənə tərəf çevirib istifadə etdirib.

Niyaməddin müəllim deyir: “ Zaur yaxşı bilirdi ki, döyüşdə ən yaxşı taktika düşmən texnikasını onun əleyhinə çevirməkdir. Bunun çox sarsıdıcı olduğunu bildiyi üçün, bu taktikadan çox istifadə edirdi. İlk səddlərin yarılmasında düşmənin yüzlərlə canlı qüvvəsin məhv edən komandir günlərlə yuxu və aclığın yada düşmədiyin deyirdi. Düşmənə göz açdırmayan briqadanın artilleriya silahları, erməni xüsusi təyinatlılarının kolonunu vuraraq bir neçə “URAL”, “UAZ”  və xeyli canlı qüvvəsini mövqelərə yerləşmədən məhv etmişdi. Döyüşdən qayıdan motoatıcı qoşun döyüşçüləri onun yoxluğun çox hiss etdiklərin dəfələrlə vurğulayırlar...”

Bir dəfə döyüşlərin şiddətli vaxtı xəbər alır ki, Niyaməddin müəllimin tələbəsinin qardaşı Ələkbər Ələsgərov şəhid olub. Komandir 22 yaşlı şəhid Ələkbərin adını əbədiləşdirmək üçün ağır döyüşlərin getdiyi bir vaxtda düşmən tankını qənimət kimi ələ keçirib üstünə “Şəhid Ələkbər Ələsgərov” yazdırıb və təsəlli üçün şəklini çəkib onun valideynlərinə göndərib. Bu, o demək idi ki, “Ələkbərin qanı yerdə qalmadı”.

...Şəhadətindən üç gün öncə qardaşı  Binazənə zəng edib deyir ki, “oğlum Həsəni gətirin, nədənsə,  görmək istəyirəm”. Oğlu Həsən və bir neçə qohumlar onun yanına gediblər. Zaur Cəfərov o günlər qohumlardan daha bir xahiş edib. İlqar Mirzəyevin, Polad Həmişovun, eləcə də bibisi oğlu Yalçın kimi neçə-neçə cəngavər  qəhrəmanlarımızın qisasını aldığını və dəfələrlə ağır şəraitdən sağ-salamat çıxdıqları üçün qurban kəsmələrini istəyib.

...Şəhadətindən bir neçə saat öncə yazdığı statuslarına görə, qohum-əqraba nigaran qalaraq ona zəng edib, cavab almadıqları üçün mesaj yazıblar. Amma, nə zəngə, nə də ki, mesaja cavab verməyən Zaur Cəfərov  sən demə...

2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə, Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı öz minik maşını ilə mövqeləri təyin etmək və düşməndə olan tank mərmisi atan, modfikasiya edilmiş topları qənimət kimi götürmək üçün, gecə saatlarında yola düşüb.

Bu da gecənin zülməti, sıx meşə, minalı yol... Qəfil qada da demək olar, düşmənin hiyləgərliklə qurduğu pusqu da... Komandirin maşını minaya düşür. Düşmən üzərinə gedən cəsur bir igidimiz də bu yolda şəhid olur...

Həmin gecə komandir Zaur Cəfərovun əsgərləri hansı halda idisə, ailədə də həmin həyəcan yaşanmışdı. Son zəng susmuşdu. Ömür-gün yoldaşı Gülbəniz xanımın balaları Səlbinin, Zəhranın, atasını döyüş mövqelərində necə cəngavər komandir olduğunu gözləri ilə görən balaca Həsənin ürəyinə nəsə dammışdı... Axı, seyid nəslindən olan komandir Zaurun ürəyinə daman həmişə başına gəlirdi. Anası Məleykə xala hələ də Zaurunun erməni pusqusuna, minasına düşməsinə inanmır: “...Axı, o, həmişə tədbirli olurdu, ay bala, birdən o olmaz eyyy”.  Bacısı Şəhla isə deyir ki, yox, ay ana, son mesajında nəyəsə işarə edirdi - arxada qalanların gözlərini yollardan çəkirdi qardaşım: “Kimdir Azərbaycan şəhidi? Özünü ana torpağa fəda edəndir!!! Bir sözlə, səngərdə gözünü yumub şəhidlik zirvəsinə çataraq bir göz qırpımında İmam Hüseynin yanında gözünü açandır!”

Dəhşətli anlar onun şəhid olması deyildi. Şəhid komandirin tabutuna toxunmaq valideynlərinə 9 gündən sonra qismət oldu. Dəhşət bu idi ki, ana sonucu dəfə balasının üzünü görə bilmirdi. Lakin bu dəhşətli anların arxasında bir qürurvericilik hissi yaşanırdı: Vətən oğulları canlarını ondan əsirgəmirdi. Düşmən bundan qorxub qaçır, əsir yurdlarımız azad edilirdi.

Oktabrın 19-da Zaur Cəfərov valideynlərinin  müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Ramana qəsəbəsində salınan yeni yaşayış məhəlləsi Şuşaya gətirildi. Son məkanı isə İkinci Fəxri Xiyaban oldu.

Ölümündən sonra Azərbaycan Prezidentinin fərmanları ilə təltif olunan şəhidlərimizin sırasında polkovnik-leytenant Zaur Cəfərovun da adı var. O, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

Əlbəttə, şəhid komandirimizin Vətənə göstərdiyi xidmətlərə görə təltifləri yalnız bunlardan ibarət deyil. O, hələ hərbi xidmət illərində “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medallarını, “Qüsursuz xidmətə görə” medalının isə hər üç dərəcəsini qazanıb.
Yerin behişt olsun, cənab komandir! Qisasın qiyamətə qalmadığını şərəflə təsdiqlədin!

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

24.01.2021 13:22:00
Oxuma sayı: 54