Rövnəq Abdullayev SOCAR-da söz və səlahiyyət sahibi olmaq imkanlarını itirir
Ölçü:


“Son zamanlar dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın qeyri-effektiv çalışması, problemlərin olması, xərclərin şişirdilməsi ilə bağlı rəsmi səviyyədə açıqlamalar olmuşdu. Hətta Prezident səviyyəsində də dövlət şirkətlərinin işi ilə bağlı ciddi iradlar bildirilmişdi. Habulki, illərdir müstəqil ekspertlər bununla bağlı danışıblar. Amma, həmin zamanlar bu məsələ çox da müzakirə olunmurdu. Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı və SOCAR-ın idarəedilməsi bu holdinqin tərkibinə daxil edildi. Növbəti addım kimi isə Müşahidə Şurası yaradılır. Müşahidə Şurası SOCAR-ın fəaliyyəti ilə bağlı məsələlərin həll olunmasında iştirak edəcək və nəzarət mexanizmini həyata keçirəcək”.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının yaradılmasını şərh edərkən bildirib. O, "Modern.az"a açıqlamasında deyib ki, Müşahidə Şurasının yaradılmasında əsas məqsəd SOCAR-ın qeyri-effektiv xərcləmələrinin qarşısının alınması, rentabelli çalışmasına nail olmaqdır: “Çünki SOCAR çox qəribə bir şirkətdir. Həm ən çox vergi ödəyən, həm də dövlət büdcəsindən ən çox dotasiya alan şirkətlərdən biridir. Ümumiyyətlə, neft, qaz, enerjidən başqa bir çox sahələrdə də SOCAR-ın törəmə şirkətləri, xəstəxanadan tutmuş idman meydancalarına qurumları var. Yəqin ki, bunların da təmizlənməsi, aktivlərin normal idarə olunan hala gətirilməsi prosesi baş verəcək".

Ekspert bu məsələdə açıq qalan bir məqama da münasibət bildirib: "Əgər SOCAR İnvestisiya Holdinqin tərkibindədirsə və idarəetməni Müşahidə Şurası yerinə yetirəcəksə, o zaman SOCAR-ın birbaşa rəhbərliyi, yəni prezident və vitse-prezidentlərin işi nədən ibarət olacaqdır? Mikayıl Cabbarov işlək sistemin qurulması üçün məsul şəxs təyin edilib. Düşünürəm ki, növbəti addım kimi SOCAR-ın çoxpilləli idarə etmə mexanizmi dəyişdiriləcək. Yəni ya SOCAR-ın rəhbərliyində dəyişiklik olacaq, ya da ümumiyyətlə idarə etmə funksiyaları Müşahidə Şurasına ötürülməsi prosesi baş verəcək. Mikayıl Cabbarovun və ümumilikdə Müşahidə Şurasının rolu işlək bir sistemin qurulmasından və ona nəzarət etməkdən ibarətdir. Növbəti addım kimi yaxın gələcəkdə həm Müşahidə Şurasının, həm də İnvestisiya Holdinqin yol xəritəsini görmək yaxşı olardı. Yəni gələcəkdə hansı addımların atılmasının gözlənilməsi ilə bağlı hələ ki, ipucları yoxdur".

Natiq Cəfərli hesab edir ki, bu məsələdə iqtisadiyyat nazirinin rolu işlək bir sistemin qurulmasından ibarətdir: "SOCAR-ın idarəetməsinin effektivliyi artırılandan sonra Müşahidə Şurası da öz missiyasını bitirmiş olacaq. Müşahidə Şurası ya SOCAR-ın birbaşa idarəetməsini həyata keçirməlidir, ya da keçid dövrü üçün nəzərdə tutulmuş orqana çevrilməlidir. Bu, gələcəkdə atılacaq addımlardan ibarətdir. Mikayıl Cabbarov bura işlək bir sistemin qurulması üçün məsul şəxs kimi təyin edilib”.

 
24.01.2021 10:24:00
Oxuma sayı: 51