Ermənilər Ağdərə-Kəlbəcər yolunda maşın kolonunun qarşısın kəsdi - FOTO
Ölçü:

Ermənilər Heyvalı kəndində (işğalçılar bu kəndi "Drombon" adlandırır) Kəlbəcər-Ağdərə yolunu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsib. Yolu bağlamaqla bölgədə növbəti təxribat törətməyə çalışan erməni Rusiya sülhməramlıların hadisə yerinə gəlməsini tələb ediblər.  

Koordinat.az
xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hazırda Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə rus hərbçiləri yeridilib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla  “Vardenis”ə (Basarkeçər) getməyinə şərait yaradılsın.  Onların sözlərinə görə, "Laçın dəhlizi" ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol  qət etməlidirlər, halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər.

Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək onların əsəbləri ilə oynayırlar. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər.

Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında "Artsax" ifadəsi işlədən rus general ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirib. O, ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır.

"Onlar artıq  belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm..." -deyə Rusiya generalı əlavə edib.

O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək "Yaşasın Sovet İttifaqı!" söyləyib...

Ağdərə-Kəlbəcər yolunun açılmasına gəlincə, rus general bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.
19.01.2021 09:34:00
Oxuma sayı: 103