Türkiyə "Laçın dəhlizi"ndəki yanlışlığa görə Rusiyaya iradını çatdırıb: "Azərbaycandan icazə alınmalıdır
Ölçü:


"Qarabağda atəşkəsə əməl olunması üzrə Monitorinq Mərkəzi Ağdam rayonunda yerləşəcək. Konteynerlər artıq gedib, tikinti başlayıb".

Koordinat.az
-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.O, qeyd edib ki, bu mərkəzdə ilkin mərhələdə Rusiya və Türkiyənin hər birindən 60 hərbçi qulluq edəcək: "Bizim hərbçilərimiz oraya yola düşməyə başlayıb. Bu, kiçik müşahidə mərkəzi olacaq, amma zərurət olacağı təqdirdə genişləndirmək mümkün olacaq. Gələcəkdə zərurət yaranacaqsa, biz Azərbaycanla danışacağıq və hər zaman lazımı dəstəyi göstərəcəyik".

Mövlud Çavuşoğlu onu da bildirib ki, Türkiyə Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı təşviq edir. O bildirib ki, bu məsələyə dair Azərbaycandan hər hansı bir şikayət gəlməyib.

Türkiyə xarici işlər baziri əlavə edib ki, əsas məsələ rusların "Laçın dəhlizi"ndən hərəkətə icazə verməsilə bağlıdır. Onun sözlərinə görə, Türkiyə bu məsələyə görə iradlarını Rusiya tərəfinə çatdırıb: "Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kvo müəyyənləşsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. Biz Rusiyaya “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.

Çavuşoğlu qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı hər hansı problemin olacağı gözlənilmir. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu məsələ bir daha siyasi təsdiqini tapıb.

15.01.2021 17:56:00
Oxuma sayı: 121