Ermənistandakı müxalifət lideri Paşinyanı Elçibəylə müqayisə etdi
Ölçü:


Ermənistanda müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan Rusiyanın RBK agentliyinə müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Baş nazir Nikol Paşinyanı 1992-1993-cü illərdə Azərbaycana rəhbərlik edən Əbülfəz Elçibəylə müqayisə edib.

Koordinat.az
xəbər verir ki, Vazgen Manukyan hazırkı Baş nazirin inqilab yolu ilə hakimiyyətə gəldiyini və erməni xalqının bunun acısını çəkdiyini söyləyib: "Rəngli inqilablar dalğasında hakimiyyət başına əsasən hakimiyyət idarə etməyə hazır olmayan səriştəsiz insanlar gəlir. Paşinyan cəmiyyəti keçmişlərə və yenilərə bölərək, onu parçalayıb. Rəngli inqilablar baş vermiş Ukraynada və başqa yerlərdə də belə olub".

Vazgen Manukyan deyib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qalib gəlib: "Əbülfəz Elçibəyin rəhbərlik etməsi 1992-1994-cü illərdə bizə çox kömək etdi. O zaman hələ "məxməri inqilab" termini yox idi, lakin o, məhz belə nöqteyi-nəzərdən çıxış edən insan idi. İndi də Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi".

Manukyan hesab edir ki, Serj Sarkisyan hakimiyyətdə qalsaydı, sadəcə müharibə başlanmazdı. Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ danışıqlarını əngəllədi, bir sıra bəyanatları ilə ona gətirdi ki, Qarabağ problemi ərazi davasıdır, millətin öz müqəddəratını müəyyən etmək məsələsi deyil və Azərbaycana "müharibə başlamaq olar" fikrinə gəlməyə imkan verdi.

Xatırladaq ki, Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ikinci Prezidenti olub. O, Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk Prezident hesab olunur.
15.01.2021 10:57:00
Oxuma sayı: 42