Təqsirsiz həkimin taleyi ilə oynayanlar kimlərdir? - Vəkildən etiraz
Ölçü:


"Real" Tibb Klinikasında əməliyyatdan 8 saat sonra 3 yaşlı Arzu Qurbanlının qusaraq boğulub ölməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin növbəti iclası fevralın 14-də keçiriləcək. Bu iclasda bir sıra ziddiyyətli məqamların açılacağı gözlənilir.

Koordinat.az xəbər verir ki, bunu təqsirləndirilən şəxsin müdafiəçisi Əli Hüseynov bildirib. Onun sözlərinə görə,  Respublika Baş Ekspertiza Birliyinin verdiyi rəylərlə məhkəmə araşdırmaları arasında kifayət qədər ziddiyyətlər var. Bu səbəbdən  məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə təkrar komissiyon məhkəmə tibbi ekspertizasının keçirilməsi və bu komissiyaya mütəxəssis anestezioloq qismində Səhiyyə Nazirliyinin Baş Anestezioloq-Reanimatoloqu, Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və Reanimatologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, əməkdar həkim Aydın Qədirovun cəlb edilməsi qərara alınmışdır. Eyni zamanda məhkəmə icrası qərarı ilə bağlı Səhiyyə Nazirinin tapşırığı ilə A.Qədirovun göstərilən ekspertizanın keçirilməsində iştirakının təmin olunması tapşırılmışdı: "Yəni A.Qədirov Sumqayıt məhkəməsinin qərarı və bu qərarın icrası ilə bağlı Səhiyyə Nazirliyinin göstərişi ilə ekspertizanın keçirilməsinə cəlb edilib. A.Qədirov ekspertizanın anestezioloji hissəsi ilə bağlı mütəxəssis anestezioloq kimi öz rəyini tərtib edərək, ümumi ekspertiza rəyinin tərtib edilməsində istifadə edilməsi üçün Respublika Ekspertiza Birliyinə təqdim edib. A.Qədirovun tərtib etdiyi rəy ittiham tərəfinin maraqlarını müdafiə edən ekspertlərin xoşuna gəlmədiyinə görə onlar vəziyyətdən çıxışı məhkəmə qərarını pozaraq ekspertizaya özlərinin münasib saydıqları adi anesteziologiya və reanimasiya şöbəsinin assisenti işləyən, bizdə olan məlumata görə heç bir elmi dərəcəsi, anesteziya sahəsində hər hansı xidmətləri olmayan bir nəfəri mütəxəssis anestezioloq qismində ekspertizaya cəlb etməkdə, onun fikirlərini rəyə yazaraq A.Qədirovun 23 səhifədən ibarət dolğun, elmi əsaslandırılmış rəyini isə ekspertiza rəyinə əlavə qoşma kimi göstərməkdə tapmışlar. Bununla da ekspertlər hesab etmişlər ki, onlar A.Qədirovun kifayət qədər obyektiv, lakin ittiham tərəfinin və onunla eyni mövqedən çıxış edən ekspertlərin maraqlarına cavab verməyən rəyini zərərsizləşdirə bilmişlər".

Vəkil ümid edir ki, həmin ekspertlər məhkəmə qərarının şərtlərindən kənara çıxdıqlarına və məhkəmə tərəfindən müəyyən edilmiş mütəxəssis anestezioloqun rəyinin əvəzinə digər şəxsi mütəxəssis-anestezioloq kimi ekspertizaya cəlb etmələrinə görə məhkəməyə cavab verməli və bunun səbəblərini aydın şəkildə izah etməli olacaqlar: "Statusundan asılı olmayaraq, heç bir ekspertin və ya ekspertiza müəssisəsinin təqsirsiz və savadlı bir həkimin taleyi ilə oynamağa haqq yoxdur. Bu istəkdə olan hər bir insan kimliyindən asılı olmayaraq qanun qarşısında çox ciddi cavab verməlidir".


08.02.2018 11:22:49
Oxuma sayı: 673