Moskva görüşündə itkilər və qazanclar: Sülhməramlılardan narazılıq qapı arxasında qalıb?
Ölçü:


Bakı və İrəvanda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqların nəticələri tamamilə əks şəkildə qiymətləndirilib. Azərbaycanda – bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması barədə razılıq əldə edildiyi üçün – toplantı məhsuldar sayılıb. Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanı zəif iradə və mövqelərin növbəti təslimçiliyində təqsirləndirib: Ermənistan cəmiyyətində əsirlərin qaytarılması ən vacib prioritet hesab olunur, lakin bunun əvəzində, danışıqlarda Azərbaycanın israr etdiyi iqtisadi gündəm müzakirə edilib.

Həm Bakı, həm də İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında dünən Moskvada Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutan görüşün nəticələrini fəal şəkildə müzakirə edirlər. Görüşdə üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması” ilə məşğul olacaq işçi qrupun yaradılması barədə razılıq əldə olunub.

Söhbət iki əsas sahədən gedir. Birincisi, bu, Ermənistanın Sünik bölgəsindən keçməli olan Azərbaycanın əsas hissəsindən anklava – Naxçıvana uzanan dəhlizdir. İkincisi, İrəvandan, Naxçıvandan keçməklə, eyni Sünik bölgəsinə uzanan dəmir yolu. Hər iki marşrut sovet dövründə fəal şəkildə istifadə olunurdu, lakin Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı ilə mövcudluğu dayandırılıb.

Bu nəqliyyat yolları bağlandığına görə Rusiya da vaxtı ilə zərər görüb. Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiyadan Gürcüstana qatarların hərəkəti qeyri-mümkün olduqda, Ermənistan əsas müttəfiqi və Rusiyaya Türkiyənin dəmir yolları ilə olan əlaqəsini itirib.

Nəticədə, Ermənistanın dəmir yolları faktiki olaraq İrəvan və Tiflisi birləşdirən kiçik bir hissəyə qədər azalıb və Rusiyadan göndərilən mallar isə yalnız hava şəraitinə görə müntəzəm olaraq bağlanılan Gürcüstan Hərbi Magistral yolu ilə nəql edilib.

İranla iqtisadi əlaqələrin genişləndirilməsi Ermənistan üçün ciddi bir yardım ola bilər, ancaq ölkələrin yalnız bir dağ yolu ilə bağladığını nəzərə alaraq, bu günə qədər o mümkün deyildi.

Beləliklə, Moskvada imzalanan sənəd nəzəri cəhətdən hər üç tərəfi razı salmalıdır: Azərbaycanın Naxçıvana və Türkiyəyə, Rusiyanın Türkiyə və Ermənistana, Ermənistanın Rusiya və İrana gedən yola ehtiyacı var. Ancaq yalnız İlham Əliyev danışıqlardan sonra faktik olaraq özünü yeganə qalib hiss edib. Nikol Paşinyan çıxışında nailiyyətlərə deyil, həll olunmamış məsələlərə, hər şeydən əvvəl Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsinə, həmçinin, hərbi əsirlərin taleyinə diqqət yetirib.

Paşinyanın məyusluğunu digər erməni siyasətçilər də bölüşürlər, baxmayaraq ki, onlar danışıqların “uğursuzluğunda” baş nazirin özünün günahkar olduğuna əmindirlər.

Məsələn, “Parlaq Ermənistan” Partiyası parlament fraksiyasının rəhbəri Edmon Marukyan iqtisadi dəhlizlərin blokadadan çıxarılmasının keçənilki 9 noyabr tarixli üçtərəfli razılaşmada bəhs, bunun bir daha müzakirə edilməsinin lüzumsuz olduğunu bildirib. “Əslində, bu, düşmənimizin irəli sürdüyü gündəmdir və o, Ermənistanın gündəmi üzərində üstünlük təşkil etməyə davam edir. Kəlbəcərdən çıxış və Laçın dəhlizinin təhvil verilməsi kimi gündəmə daxil olmayan maddələr İsveçrə saatının dəqiqliyi ilə həyata keçirildiyini və hələ də icra olunduğunu” kədərlə bildirərək, Marukyan Bakıda erməni əsirlərini müzakirə etməkdən imtinanı xatırladıb.

“Əsir məsələsi iki səbəbdən müzakirə olunmayıb. Birincisi, Azərbaycan tərəfi əsirləri hərbi cinayətkar elan edib və onların talelərini əlavə danışıqlar bəndinə çevirməyə çalışır. İkincisi, erməni tərəfi bu yanaşmanın təsirsizliyini izah etmək üçün kifayət qədər inandırıcı dəlil tapmayıb”, – deyə erməni politoloq Hrant Mikaelyan “Kommersant”a verdiyi müsahibəsində bildirib.

Azərbaycanlı politoloq, “Valday” beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədov “Kommersant”ı həbsdə olan ermənilərin hamısının Bakıda hərbi əsir sayılmadığına inandırıb: “Münaqişə öncəsi və münaqişə zamanı tutulan insanlar artıq ekstradisiya edilib. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Noyabr ayının sonunda, atəşkəs bəyannaməsi imzalandıqdan sonra onlar Ermənistanın Şirak bölgəsindən gələrək 5 Azərbaycan vətəndaşını öldürüblər. Buna görə də, təxribatçı kimi qəbul edilirlər”.

Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Fərhad Məmmədovun fikrincə, Bakının mövqeyi daha sərt olacaq. “Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edəcək. Dağlıq Qarabağ münaqişəsi bitib və Qarabağ ermənilərinin gələcəyi yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər, ancaq İrəvanla deyil”.

Danışıqlarda əldə etdiyi digər uğurlarla öyünə bilməyən Nikol Paşinyan diqqəti iqtisadi əlaqələrin inkişaf perspektivlərinə yönəldib. Onun fikrincə, “bölgənin iqtisadi görünüşünü ciddi şəkildə dəyişdirə, investisiya potensialını və investisiya cəlbediciliyini ciddi şəkildə artıra bilərlər”.

Lakin “Kommersant”ın İrəvandakı həmsöhbətləri onun nikbinliyini bölüşmürlər. “Orta müddətdə Rusiyanın Azərbaycan infrastrukturu ilə yük daşınması Ermənistan üçün, Yuxarı Lars və Qara dənizdəki Gürcüstan limanlarından istifadə ilə müqayisədə, baha başa gələcək. Səbəb – daşınmanın maya dəyərində qaçılmaz olaraq əksini tapacaq yeni infrastruktur həll yollarının axtarılmasına ehtiyacdır, – deyə Ermənistan “Enerji Təhlükəsizliyi İnstitutu” QHT-nin prezidenti Vahe Davtyan bildirib. – Siyasi komponent də mühüm rol oynayacaq. Azərbaycan nəqliyyat infrastrukturuna bərabər çıxış tələb etsə də, bunun erməni yük daşıyıcıları üçün əlverişsiz şərait yaradan proteksionist yanaşma olduğu aydındır. Hibrid müharibə davam edir və o, əsasən iqtisadi məzmuna sahib olacaq”.

“Carnegie Europe” Mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair əsas kitablardan biri olan “Qara bağ”ın müəllifi Tomas de Vaal üç ölkə liderlərinin danışıqlarında “ən maraqlı” məsələnin “qapı arxasında qaldığına” inanır. Bir növ, nəticə əldə edildiyini göstərmək üçün iqtisadi plan üzə çıxarılıb. “Paşinyan, şübhəsiz ki, əsirlər və itkin düşənlər barəsində razılığa gəlmək istəyib, lakin Əliyev hələ ki, bununla maraqlanmır. Əliyev, ehtimal ki, sülhməramlı missiyanın işindən narazıdır, lakin Putin bu məsələdə güzəştə getməyə hazır deyil. Yerdə nə qalır? Avtomobil və dəmir yollarının bərpasında səmimi və ortaq maraq”.

De Vaalın da etiraf etdiyi kimi, bu plan uzunmüddətli kimi qəbul edilməlidir: onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də “hazırda çatışmayan siyasi iradə və təməl səviyyədə razılaşmalar” gərəkdir.

Kirill Krivoşeyev, Ayk Xalatyan (“Kommersant”)
Tərcümə: Strateq.az
13.01.2021 13:59:00
Oxuma sayı: 38