Rus həkimlər Qarabağda ermənilərə tibbi xidmət göstərməyə başladı
Ölçü:

Rusiya sülhməramlılarının həkimləri Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərib.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirlib. Məlumata görə, həkim qəbuluna ehtiyacı olanlar Azərbaycanın Ağdərə şəhərindəki səhra xəstəxanasında qəbul edilib və onlara tibbi yardım göstərilib.

Nazirlik bildirib ki, Dağlıq Qarabağda yerli sakinlərin müraciətləri və müalicələri Xankəndi və Ağdərə şəhərlərində qurulan səhra xəstəxanalarında aparılır. Uzaq olan bəzi ərazilərə isə səyyar həkim qrupları tibbi xidmət göstərir.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, xəstəxana fəaliyyətə başladığı gündən bu günə qədər 157-i uşaq olmaqla 1200-dən çox erməni ixtisaslı tibbi yardım alıb. Nazirlik bildirib ki, pasiyentlərin müraciətləri daha çox müxtəlif xroniki xəstəliklərin, ürək-damar və endokrin sistem xəstəliklərinin kəskinləşməsi və diş müalicəsi ilə əlaqədar olub.

Sülhməramlıların tibbi şöbələrində hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar da daxil olmaqla 60-dan çox tibb mütəxəssisi çalışır.

Xatırladaq ki, noyabrın 10-da elan edilən üçtərəfli atəşkəs bəyanatından sonra Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingenti buradakı ermənilərə hər cür dəstək həyata keçirir.
13.01.2021 12:22:00
Oxuma sayı: 34