İlham Rəhimov fenomeni
Ölçü:


Sakit HÜSEYNOV
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası
şöbəsinin müdiri, professor


İlham Rəhimov kimdir? - sualını mənə versələr,
belə cavab verərdim: “İlham Rəhimov sadə xarakterə,
dərin zəkaya,  xeyirxah xüsusiyyətlərə,
güclü yaradıcılıq qabiliyyətinə və geniş ürəyə
malik olan müdrik elm adamıdır.”

Həyatda elə adamlar var ki, onlar öz xoşməramlı davranışları ilə ətrafdakıların ehtiram və rəğbətini qazana bilirlər. Belə adamlar həyatda baş verən hadisələrə daha reallıqla yanaşır, ətrafdakı sosial problemləri məntiqi cəhətdən təhlil etməyi bacarırlar. Bu cür insanlar cəmiyyətdə humanist dəyərləri hər şeydən üstün tutaraq yaşa dolduqca özləri daha da müdrikləşirlər. Belə insanlar harada yaşamasından asılı olmayaraq öz elinə-obasına, dostlarına, bütövlükdə, Vətənə olan sevgisini qəlbində daima yaşada bilirlər.
Belə insanlardan biri də uzun illərdən bəri tanıdığım – Azərbaycanın əməkdar hüquqşünası, keçmiş SSRİ məkanında ən gənc (37 yaşında) hüquq elmləri doktoru elmi dərəcəsini almış, professor Rəhimov İlham Məmmədhəsən oğludur.

Professor İ.Rəhimovun mənalı tərcümeyi-halı ilə tanış olaq:
14 yanvar 1951-ci ildə Azərbaycan Respublikası Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub. 1969-cu ildə Bərdə şəhəri 2 №-li orta məktəbin rus bölməsini bitirib. 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə, buranı bitirdikdən sonra isə 1975-ci ildə həmin universitetin cinayət hüquqi üzrə aspiranturanın əyani şöbəsinə daxil olub. 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını alıb.
O, 1978-1980-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışıb. 1982-1996-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müxtəlif məsul vəzifələrdə işləmiş, Kollegiyanın üzvü olub. 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olub. 1996-cı ilə professor elmi adını alıb.
2006-cı ildə Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidentidir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı ilə təltif olunub. 2014-cü ilin mart ayında “Qara Dəniz və Xəzər Dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə Beynəlxalq Fondun (QDXDƏTBF) fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə” mükafatına layiq görülüb.
12 noyabr 2014-cü ildə Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının “Doktor Homoris Kauza” fəxri adına layiq görülüb. 2015-ci ildə Rusiyanın qocaman və nüfuzlu mükafatlarından biri olan “Femida” ali hüquq mükafatı ilə təltif olunub.
İlham Rəhimov 2016-cı ildən Rusiya Federasiyası İstintaq Komitəsi Akademiyasının fəxri professoru sayılır. Rusiya Vəkillər Gildiyasının “Vəkilliyin inkişafına verdiyi töhfəyə görə” fərqlənmə nişanı ilə təltif olunub. 2016-cı ildən hal-hazıra kimi Qara dəniz və Xəzər dənizi regionu ölkələri hüquqşünasları Assosiasiyasının prezidentidir. 2017-ci ilin sentyabr ayında Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsində göstərdiyi xidmətlərə görə Mahmud Kaşgari adına Beynəlxalq Fondun mükafatına layiq görülüb.

Prof. İ.Rəhimov öz iş otağında monoqrafiyası üzərində işləyərkən

İ.Rəhimovla 1978-ci ildə tanış olmuşam. O vaxtlar mən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasının əyani şöbəsini bitirdikdən sonra konkret-sosioloji tədqiqatlar şöbəsində elmi işçi işləyirdim. İlham isə 1978-ci ildə Leninqradda müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasına gələrək Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Cinayət hüququ” şöbəsində elmi işçi vəzifəsində çalışırdı.

İlham Rəhimov bizim İnstituta gələn gündən öz davranışı, sadəliyi, təvazökarlığı və mədəniyyəti ilə institut əməkdaşlarının, o cümlədən də mənim diqqətimi cəlb etməyə başladı. Onun xoşxasiyyətli və mehriban insan olması aramızda səmimi münasibətlərin yaranmasında mühüm rol oynayıb. Eyni zamanda sosiologiya ilə bağlı tez-tez müzakirələr aparmağımız da bizi bir-birimizə yaxınlaşdırıb. Doğrusu, digər hüquqşünaslardan fərqli olaraq İlham müəllimin öz ixtisasından başqa sosiologiya ilə bağlı mövzuları dərindən bilməsi və bu haqda maraqlı fikirlər söyləməsi mənim diqqətimi daha çox cəlb edirdi. O vaxt bizim şöbə yeni yaranmışdır və demək olar ki, bu sahədə mütəxəssis yox idi. Bizim şöbədə sosiologiya ilə bağlı mövzular üzrə diskussiya apara bilən işçilər olmadığına görə mənim bu ixtisası az-çox bilən tədqiqatçıya ciddi ehtiyacım var idi. Məhz bu mənəvi ehtiyac məni İlham müəllimlə sosiologiyanın mahiyyəti, funksiyası və onun cəmiyyətdəki rolu haqqında müzakirə etməyə və onunla geniş ünsiyyət qurmağa vadar edirdi. Bu sosial-mənəvi ehtiyac günbə-gün bizi bir-birimizə yaxınlaşdırırdı. Sosiologiya ilə bağlı elmi maraqlardan yaranan insani ünsiyyət zaman keçdikcə bizdə səmimi dostluq duyğuları yaratmışdır. Məhz buna görə də 1978-ci ildə yaranmış elmi maraqlara əsaslanan münasibətlər səmimi olduğu üçün bizim aramızda formalaşan təmənnasız və səmimi dostluq bugünə kimi davam etməkdədir.

Mənim  1978-ci ilin dekabr ayında Sverdlovsk (indiki Yekatrinburq ) şəhərinə uzun müddətli elmi ezamiyyətə getməyimdə İlham müəllimin mənəvi-psixoloji dəstəyi olmuşdur. Doğrusu namizədlik dissertasiyamın müdafiəsinin obyektiv və subyektiv səbəbdən çox gecikməsi əvvəllər məni ruhdan salmışdır. Hətta həmin vaxtlar mən bədbinləşərək sosiologiya şöbəsindən fəlsəfə şöbələrindən birinə keçmək haqqında düşünürdüm. Lakim İlham müəllimlə tanış olduqdan sonra o sosiologiyanın aktual bir elm sahəsi olduğunu və bütün dünyada cəmiyyətin bir çox sahələrində mövcud olan sosial problemlərin araşdırılmasında sosiologiyanın mühüm rol oynadığını müxtləf faktlarla mənə izah edirdi. İlham müəllim aspirant olduğu dövrdə namizədlik dissertasiyasını yazdığı vaxtlar cinayət və cəzanın araşdırılmasında həbsxanalardakı məhbuslar arasında konkret-sosioloji tədqiqatlar apardığı haqqında mənə maraqlı məlumatlar verirdi. İlham müəllim apardığı sosioloji tədqiqatlar zamanı rast gəldiyi maraqlı hadisələri mənə danışarkən məndə sosiologiyaya qarşı daha çox maraq və istək yaranırdı.

1978-ci ilin oktyabr ayında mən Sverdlovsk şəhərinə getməyə qərar verdiyimi ona danışarkən, o, mənim bu qərarımı ürəkdən dəstəklədi. Mən Sverdlovskda heç vaxt olmadığımı və bu şəhərdə heç kimi tanımadığımı İlham müəllimə deyəndə o birdən mənə tərəf dönərək qayğıkeşliklə dedi: “Sən narahat olma, mənim orta məktəb yoldaşım və dostum Quliyev Nizami hal-hazırda Sverdlovskda yaşayır. Sən gedəndə onun ünvanını verərəm, sən onunla görüşərsən. Nizami Bakıda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Sverdlovsk şəhərinə getdi və orada hansısa rayonun polis şöbəsinin cinayət-axtarış sahəsində işləyir, həm də orada Universitetin hüquq fakültəsinin axşam şöbəsində oxuyur. Nizami çox yaşxı oğlandır, sən özün görəcəksən Nizaminin orda yaxşı hörməti və çoxlu tanışları var.”
İlham müəllimin bu sözündən sonra mən xeyli arxayınlaşdım və xəyalımda öz-özümə düşündüm ki, nə yaxşı ki, nabələd şəhərdə bir həmyerlim var. Mən 1978-ci il 7 dekabrda Sverdlovsk şəhərinə getdikdən sonra Nizami ilə tanış oldum. Mənim ezamiyyətdə olduğum dövrdə Nizami mənəvi cəhətdən mənə böyük dəstək olmuşdur. Nizami Quliyevlə tanış olduqdan indiyə kimi onu - geniş dünyagörüşə, milli-mənəvi dəyərlərimizə sadiq, rus dilinin incəliklərini dərindən bilən və rus xalqının mədəniyyətinə və həyat tərzinə yaxından bələd olan, dosta sədaqətli, cəsarətli və vətənpərvər bir azərbaycanlı kimi tanımışam. Bizim Nizami ilə Sverdlovskdan başlayan dostluq münasibətlərimiz sonradan daha da möhkəmlənərək bu günə kimi də davam etməkdədir. Mən o vaxt bilmirdim ki, İlham müəllimin vasitəsilə tanış olduğum Nizami Quliyev kimi dəyərli bir insanla əsl dost olacağıq. Tale elə gətirdi ki, mən İlham Rəhimovla birlikdə Nizaminin toyunda iştirak edərək ona xeyir-dua verdik.
İllər keçdikcə insan həyatında hər şey dəyişir və hər bir kəs yeni-yeni insanlarla tanış olur. Bu baxımdan Nizami də məni həyatda yeni-yeni insanlarla tanış etmişdir. Bu insanlardan biri Nizaminin yaxın dostu, uzun illər polis sistemində birgə çalışdığı savadlı hüquqşünas, mədəni və dəyərli br insan olan Fizuli Hacıyevdir. Həddən artıq öz peşəsini sevən, dostlarına sədaqətli olan Fizuli müəllim istefaya çıxdıqdan sonra da müstəqil hüquq müdafiəçisi kimi fəaliyyət göstərməkdədir. Fizuli müəllimin peşəkarlığına, hüquqi savadına və ədalətli hüquqşünas olduğuna görə hüquqi problemlərlə üzləşən bir çox insanlar Fizuli müəllimə həmişə müraciət edirlər. Həm Nizami, həm də Fizuli istefada olan polis polkovniki və hər ikisi Birinci Qarabağ müharibəsinin veteranı kimi vətənə sədaqətlə xidmət edirlər. Mən, Nizami və Fizuli uzun illərdir mehriban dostlar kimi vaxtaşırı görüşürük və bir-birimizlə həmişə hal-əhval tuturuq.

İlham müəllim nəinki respublikamızda yaşayan yaxın dostları ilə, eyni zamanda xarici ölkələrdə yaşayan öz yaxın dostları ilə məni tanış etmişdir. Onlardan biri İ.Rəhimovun tələbə yoldaşı olmuş, hal-hazırda Tiflisdə yaşayan Amiran Şamatavadır. Bir neçə il bundan qabaq mən Tiflis şəhərinə elmi ezamiyyətə getməyimdən xəbər tutan professor İ.Rəhimov Amiranın ünvanını mənə verərək, onunla görüşməyi mənə məsləhət gördü. Mən Tiflisdə olarkən Amiranla görüşüb tanış oldum və O, məni çox mehribanlıqla qarşıladı. O vaxtdan indiyə qədər mən Amiranla yaxın dostluq edirik. Əvvəllər Abxaziya Respublikasının Baş prokuroru olmuş, indi isə istefada olan general-leytinant Amiran hazırda Tiflisdə ailəsi ilə birlikdə sadə həyat tərzi yaşayır. Biz Amiranla görüşərkən O, professor İ.Rəhimovun vaxtilə onun ailəsini ölümdən necə xilas etdiyini kədərli şəkildə mənə danışır və hər dəfə də kövrəlir. O, öz ailə üzvlərinin indiyə qədər sağ qaldığına görə professor İ.Rəhimova mənəvi cəhətdən borclu olduğunu həmişə vurğulayır.

Professor İ.Rəhimovun mənimlə tanış etdiyi dəyərli ziyalılardan biri də qazaxstanlı tanınmış alim, hüquq elmləri doktoru, professor Alauxanov Esberqen Orazoviçdir. Professor İ.Rəhimov bir neçə il bundan qabaq Bakı şəhərində keçirilən hüquqla bağlı Beynəlxalq konfransda məni E.Alauxanovla tanış etmişdir. O vaxtdan indiyə kimi mən professor E.Alauxanovla elmi əməkdaşlıq və dostluq əlaqəsi saxlayıram. E.Alauxanov uzun illərdir Qazaxstanda 2012-ci ildən nəşr olunmağa başlayan “Qazaxstanın elm və həyatı” adlı nüfuzlu beynəlxalq elmi jurnalın yaradıcısı və baş redaktorudur. Mənim elm sahəsindəki həmkarlarımın, eyni zamanda bir çox doktorantlarımın elmi məqalələri bu jurnalda nəşr olunmuşdur. Əlbətdə bu məsələlərdə professor İ.Rəhimovun əsas rol oynadığını unutmaq olmaz. Qeyd etmək istəyirəm ki, yaxşı və dəyərli insanları bir-biri ilə tanış etmək cəmiyyətdə xeyirxah əməllərdən biri hesab olunur.  

İndi isə İ.Rəhimovun elmi yaradıcılıq fəaliyyəti haqqında öz fikirlərimi qısa şəkildə bildirmək istəyirəm. Professor İ.Rəhimovun zəhmətkeş tədqiqatçı, dəyərli alim, peşəkar hüquqşünas olduğunu, onun cinayət hüququ sahəsində yazdığı sanballı əsərləri təsdiq edir. İ.Rəhimovun elmi yaradıcılığını zamana görə iki mərhələyə bölmək olar. Birinci mərhələ: 1980-2000-ci illəri, ikinci mərhələ isə 2010-2020-ci illəri əhatə edir. 2010-2020-ci illərdə İlham müəllimin yazdığı əsərlər öz əhatə dairəsinə, fəlsəfi-sosioloji mahiyyətinə və elmi-nəzəri əhəmiyyətinə görə həm mütəxəssislərin, həm də digər peşə adamlarının daha çox diqqətini cəlb etmişdir.

Ümumiyyətlə, İ.Rəhimovu Respublikamızın digər hüquqşünas alimlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun cinayət və cəzanın fəlsəfəsi və sosioloji problemlərini ilk dəfə olaraq araşdırmasıdır. Bu baxımdan İlham müəllimin 2010-cu ildən sonrakı dövrdə elmi yaradıcılığının demək olar ki, əsas hissəsi cinayət və cəzanın fəlsəfi mahiyyəti, cinayətin sosiologiyası, cəmiyyətdə baş verən cinayətlərin sosial-psixoloji problemlərinin araşdırılmasından bəhs edir ki, bütün bunlar da cinayət hüququ sahəsində yenilik və aktuallıq kəsb edir.

Məhz, İ.Rəhimovun 2010-cu ildən sonrakı illərdə yazdığı monoqrafiyaların məzmunu ilə tanış olduqdan sonra onun əsərlərində cinayət və cəzanın fəlsəfi və sosioloji istiqamətləri tam aydın görünür. Məsələn, 2012-ci ildə Moskvada “OLMA Media Qrup” nəşriyyatında rus dilində çap olunmuş “Cinayətkarlıq və cəza” kitabı 2015-ci ildə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur. Bu kitabda cəzanın mahiyyəti, onun formaları və növləri şərh edilmiş, cəzanın anlayış və mənasının tarixi aspektləri əhatəli şəkildə araşdırılmış, eyni zamanda cinayətkarlıq və cəza ilə bağlı tarixən müxtəlif məktəblər və ayrı-ayrı ölkələrin tanınmış mütəxəssislərinin yanaşmaları fəlsəfi cəhətdən təhlil edilmişdir. Monoqrafiyanın “Əlavə” bölməsində Azərbaycanda, MDB (Müstəqil Dövlətlər Birliyi) və Dünya ölkələrində cinayətkarlıqla bağlı bəzi statistik məlumatları oxucuların diqqətini cəlb edən maraqlı faktlardan biri kimi qeyd etmək olar.

Bu kitabdan sonra prof. İ.Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı əvvəlcə, 2013-cü ildə RF-nın Sankt-Peterburq şəhərində Rus dilində, 2014-cü ildə isə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, “Cinayət və cəzanın fəlsəfəsi” monoqrafiyası 2014-cü ildə Azərbaycan dilində nəşr olunandan sonra bu kitab bir çox dillərdə: 2014-cü ildə İstanbulda Türk dilində, 2015-ci ildə Londonda İngilis dilində, 2015-ci ildə Turin şəhərində İtalyan dilində, 2015-ci ildə Qüds şəhərində İvrit dilində, 2015-ci ildə Sofiya şəhərində Bolqar dilində, 2016-cı ildə isə Pekində Çin dilində və s. dillərdə nəşr olunmuşdur. Bundan başqa İ.Rəhimovun digər kitabları da Azərbaycan dilindən başqa rus, ingilis, alman, italyan və başqa dillərdə nəşr olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, elmi əsərlərin bir çox xarici dillərdə nəşr olunması hər bir elm adamına nəsib olmur.
Prof. Sakit Hüseynov, prof. İlham Rəhimovla AMEA-da elmi konfransda

Professor İ.Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabı öz mahiyyətinə görə tədqiqatçıların diqqətini cəlb etmişdir. Müəllif bu kitabda cinayətin mənbəyi və səbəbləri, cəzanın mahiyyəti, cinayət və cəzanın gələcək problemləri haqqında fəlsəfi aspektdə geniş təhlillər aparmışdır. Professor İ.M.Rəhimov kitabda cinayət və cəzanın hüquqi tərəfləri ilə yanaşı, bu anlayışların fəlsəfi, sosioloji və psixoloji məsələlərini də təhlil etmiş, eyni zamanda irəli sürdüyü elmi müddəaları dünyanın tanınmış filosof və sosioloqlarının (Hegel, Durgheym və s.) fikirləri ilə əsaslandıra bilmişdir. Müəllif kitabda cinayət və cəzanın fəlsəfəsini araşdırarkən etikanın xeyir və şər kimi kateqoriyalarını da geniş şəkildə şərh etmişdir. Monoqrafiyada elmi cəhətdən diqqəti cəlb edən bir çox maraqlı məqamlar vardır. Diqqəti cəlb edən belə məqamlardan biri cinayətin səbəblərinin müəyyən edilməsində cinayət fəlsəfəsinin öyrənilməsi zərurətinin irəli sürülməsidir. Bu baxımdan prof. İ.Rəhimov cinayətin səbəblərini müəyyənləşdirərkən insan davranışının mahiyyətinin dərk edilməsini vacib hesab edir. Kitabda diqqəti cəlb edən digər maraqlı cəhətlərdən biri də cinayətin baş verməsi səbəbinin izahında dinin mövqeyinin şərh edilməsidir. Bu baxımdan İ.Rəhimovun cinayət və cəzanın təhlili ilə əlaqədar olaraq kitabda Qurani-Kərim və Bibliyaya müraciət etməsi də diqqəti cəlb edir. Kitabda cinayət və cəzanın formalaşmasında adət və ənənələrin rolunun şərh edilməsi də müəyyən maraq doğurur. Monoqrafiyada cinayət və cəzanın məkan və zaman baxımından müxtəlif xarakter daşıdığını vurğulayan müəllif müxtəlif tarixi dövrlərdə cinayət və cəzanın öz tipinə və xarakterinə görə fərqləndiyini fəlsəfi cəhətdən aydın şəkildə şərh edə bilmişdir. Buradan aydın olur ki, əvvəlki dövrlərdə qeyd edilən cinayət halları və tətbiq edilən cəzalar, indiki dövrdə baş verən cinayət və cəza tiplərinin norma və prinsiplərinə uyğun gəlmir. Bəs indiki qanunvericilik cinayət və cəzanı təyin edərkən hansı sosial meyarlara, hansı fəlsəfi prinsiplərə və hansı mənəvi-psixoloji dəyərlərə əsaslanır?

Məhz bu suallara cavab tapmaq üçün son illərdə İ.Rəhimovun böyük zəhməti nəticəsində meydana gələn zəngin və dəyərli kitablarla tanış olmaq lazımdır. Bu kitablar aşağıdakılardır:
Prof. İ.Rəhimovun fəlsəfi mahiyyət daşıyan əsərlərindən biri də “Cəzanın əxlaqiliyi haqqında” (Bakı, 2016) adlı kitabıdır. Bu kitab müəllifin Rusiya Federasiyasında Rus dilində çap olunmuş “Cinayətkarlıq və cəza” (Moskva, 2012) və “Cinayət və cəzanın fəlsəfəsi” (Sankt-peterburq, 2013) əsərlərində cəzanın fəlsəfi mahiyyəti haqqında irəli sürülən fikirlərinin davamıdır. Dörd fəsildən ibarət olan bu kitabda cəzanın əxlaqi əsaslarını araşdıran müəllifin, hər şeydən əvvəl xalqın adət-ənənələrinə və dinə müraciət etməsi oxucularda müəyyən maraq doğurmuşdur.
İ.Rəhimov cəzanın əxlaqiliyini sosial-fəlsəfi askpektdə şərh etmək üçün bu kitabda müasir insanları düşündürən bir neçə mənəvi - etik və sosial-psixoloji suallar irəli sürmüşdür:
- Cəza növlərindən biri olan ölüm cəzası əxlaqidirmi?
- Cəza: əvəzçıxma, qorxutma, psixoloji təsir sayılırmı?
- Cəzanın əxlaqi əsası nədir?
- Cəmiyyət qarşısında qoyduğu məqsədə cəza vasitəsi ilə nail ola bilərmi?
- Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü?

Bu kitabı oxuyan hər bir şəxs yuxarıda irəli sürülən suallara cavab axtararkən bu sualların təsir dairəsindən çıxa bilmir, eyni zamanda insan həyatının sosial-fəlsəfi, psixoloji və sosioloji aspektləri haqqında dərindən düşünmək məcburiy-yə¬tin¬də qalır.
Professor İlham Rəhimovun 2018-ci ildə çapdan çıxmış “Ölməz Ölüm cəzası” monoqrafiyasında oxucuların diqqətini cəlb edən əsas məsələ ölüm cəzasının fəlsəfi, psixoloji və sosioloji cəhətdən araşdırılmasıdır.

Öz strukturuna görə müqəddimə, giriş, beş fəsil və nəticəni əhatə edən kitabda ölüm cəzasını tarixi prosesdə şərh edən müəllif bu fenomeni sosial-fəlsəfi, dini, mənəvi, sosial, əxlaqi amillərin qarşılıqlı asılılığında araşdırmışdır. Əsərdə maraq doğuran cəhətlərdən biri müxtəlif dinlərin tarixində (xristianlıq, iudaizm, islam və s.) ölüm cəzasının dini köklərinin nəzərdən keçirilməsidir.

Soldan: Arif Hüseynov, prof. İlham Rəhimov, polkovnik Nizami Quliyev, prof. S.Hüseynov və Fizuli Hacıyev

Kitabın II fəsli (səh. 62-91) “Ölüm cəzasının fəlsəfəsi”nə həsr edilmişdir. Kitabda ölüm cəzasının fəlsəfi  mahiyyətinin şərh edilməsinin zəruriliyini əsaslandırmaq üçün İlham Rəhimov yazmışdır: “...Ölüm cəzasının əlehdarlarının və tərəfdaşlarının mövqelərini sübuta yetirə bilmələri üçün hərfi mənada “müdriklik sənəti” adlandırılan fəlsəfəyə müraciət etmələrində təəcüblü bir şey yoxdur” (səh. 62). Müəllif ölüm cəzasının sosial-hüquqi əsaslandırılmasında fəlsəfənin yeri və rolunu göstərmək üçün kitabda yazmışdır: “Mövcudluğun idrakına cəhd edən fəlsəfə bu suala cavab verir. Fəlsəfə idrakın mənasını kainatın və dünya düzəninin ilk əsaslarına qatmağa cəhd etməkdə görür” (səh. 62).

İnsan həyatının bütün sahələrinin öyrənilməsində fəlsəfənin rolunu dəyərləndirən  professor İlham Rəhimov qeyd edir ki: “Fəlsəfə vahid və rəngarəngdir, insan həyatının heç bir sahəsi onsuz keçinmir və əbədi olaraq “dünya-insan” problemləri üzərində düşünür” (səh. 63). Bütün bu fikirlərə əsaslanaraq müəllif ölüm cəzasının şərhində fəlsəfi kateqoriyaların rolunu yüksək dəyərləndirərək qəti şəkildə bildirir ki: “...Fəlsəfi kateqoriyalar olmadan ölüm cəzasının anlayışı mənasında varlığı qeyri-varlıqdan fərqləndirmək mümkün deyildir” (səh. 63). Professor ölüm cəzasının şərh edilməsində fəlsəfi kateqoriyaların əhəmiyyətini  göstərmək məqsədilə yazır: “Çünki xeyir və şər, əzab və cəza, əvəzçıxma və ədalət, əxlaqilik və məqsədəuyğunluq məsələləri etikaya aiddir. Başqa sözlə, bunlar hüquqi deyil, etik kateqoriyalardır və onlarsız ölüm cəzası fenomeninin dərk və ya izah edilməsi mümkünsüzdür” (səh. 64). Ölüm cəzasının fəlsəfi mahiyyətini şərh edən müəllif kitabda oxucuları sanki dialoqa cəlb etmək üçün tədqiq edilən problemlə bağlı bir çox maraqlı və düşündürücü suallar irəli sürür. Bu suallar aşağıdakılardır:
- “Cəzanın bir növü olaraq ölüm cəzası prinsip etibarilə əxlaqidirmi?
- Bu cəza növünə münasibətdə ədalət və humanizm prinsiplərini neçə başa düşmək lazımdır?
- Bu cəza növünü yalnız əvəzçıxma və qorxu yaratma aktı kimi başa düşmək və tətbiq etmək lazımdırmı?
Ölüm cəzasını tətbiq etmək hüququ kimə məxsusdur və bu hüququ kimi vermişdir?(s.63).

Bütün bu suallar ölüm cəzasının fəlsəfi mahiyyətini dərk etmək üçün irəli sürülmüşdür ki, bütün bunlar da oxucuları dərindən düşünməyə vadar edir. Ölüm cəzasının əxlaqi xarakteri haqqında filosofların mühakimələrini təhlil edən İ.Rəhimovun qədim yunan filosoflarından Platon, Aristotel, Seneka, Siserona alman filoslarından Kant və Hegelə, məşhur rus yazıçısı L.H.Tolstoya, rus alimlərindən V.S.Solovyov, S.V.Poznişevə istinad etməsi onun müxtəlif fəlsəfi nəzəriyyələrə bələd olduğunu və geniş fəlsəfi təfəkkürə malik olduğunu göstərir. Müəllifin bu xüsusiyyətləri də mövcud monoqrafiyanın yüksək fəlsəfi-nəzəri səviyyədə yazılmasına müsbət təsir etmişdir.

Beləliklə, ölüm cəzasının fəlsəfi baxımdan əsas məsələsinin əxlaqi mahiyyətinin mühüm əhəmiyyət kəsb etdiyini bir daha elmi-nəzəri cəhətdən əsaslandıran professor İlham Rəhimov kitabda yazmışdır: “Fəlsəfi baxımdan ölüm cəzasının əsas məsələsi onun əxlaqi mahiyyəti ilə bağlıdır”. (s.65) Kitabda ölüm cəzasının əxlaqi mahiyyətini şərh etmək üçün müəllif ölüm cəzası ilə bağlı dini prinsiplərə də müraciət edir: “Hesab edilmişdir ki, insan həyatdan məhrum edilməsi qeyri-əxlaqdır, çünki həyatı verən Uca Yaradan yalnız onu geri ala bilər”. (s.65) Bu dini prinsipi əsas gətirən İlham Rəhimov qeyd edir ki, insan həyatı Uca Yaradanın hər bir insana verdiyi hədiyyədir, bu səbəbdən də insan həyatı müqəddəs və toxunulmazdır. Əgər Uca Yaradanın insana verdiyi həyat müqəddəs və toxunulmaz sayılırsa deməli onda ölüm cəzası da qeyri-əxlaqidir.

Ölüm cəzasının hüquqi tərəflərinə gəldikdə professor kitabda cəzanın əxlaqiliyindən danışarkən qeyd edir ki, burada söhbət nisbi mənada əxlaqilikdən gedir, çünki insanın həyatdan məhrum edilməsi məcburi qaydada həyata keçirilir. Deməli, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarının pozulmasına görə cəzanın müəyyən edilməsi əxlaqi cəhətdən əsaslıdır.
Bununla yanaşı hər bir cəza növünün əxlaqiliyi məsələsinə gəldikdə İlham Rəhimov cəzanın tətbiq edildiyi tarixi dövrün, xalqların xarakterinin, adət və ənənəsinin, onların əxlaqi səviyyəsinin nəzərə alınmasını da zəruri hesab edir. Bu fikri müəllif kitabda belə şərh etmişdir: “Məsələn, XVII-XIX əsrlərdə yaşayanların həyat tərzində labüd və faydalı olan qaydalar dövrümüzdə nəinki faydasız, hətta zərərli və amansız ola bilərlər”(s.70).
Müəllif ölüm cəzasının sosialogiyasını kitabın III fəslində araşdırmışdır. Burada əsasən İ.Rəhimov tərəfindən cinayət və cəzanın sosiologiyası şərh edilmiş, ölüm əzasının səmərəliliyinin şərti olaraq dörd pilləsi təqdim edilmişdir ki, bu da hüququn sosiologiyası ilə bağlı elmi cəhətdən müəyyən əhəmiyyət kəsb edir.

Ölüm cəzasını sosioloji cəhətdən təhlil edən İlham Rəhimov dünyanın tanınmış sosioloqlarından O.Kont, M.Veber, E.Dürkheym, Ş.Monteskye, rus alimlərindən A.V.Kornev, V.A.Baçinin, V.Vaysberq, A.V.Mezyayev və başqalarının əsərlərinə istinad edərək cinayət və cəzanın sosiologiyasının əsas istiqamətlərini şərh etmişdir.  
Ölüm cəzasının qalıb-qalmaması problemi bütün insanların diqqətini cəlb etdiyinə görə “Ölməz ölüm cəzası” kitabı, təkcə ali məktəblərin tələbə və müəllimlər, hüquq sahəsində çalışanlar üçün deyil, eyni zamanda cinayət və cəza problemləri ilə maraqlanan bütün insanlar üçün bu kitabı faydalı hesab etmək olar.
Qeyd etmək lazımdır ki, İ.Rəhimovun son illərdə başqa müəlliflərlə birgə yazdığı kollektiv monoqrafiyalar da öz aktuallığına görə diqqəti cəlb edir. İ.Rəhimovun həmmüəliflərlə birgə yazdığı “Müsir dövrdə Rusiyada və dünyada terrorizm: ümumi kriminoloji xarakteristikası və siyasi-hüquqi əks fəaliyyətin vəziyyəti” adlı kitabı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2018-ci ildə Rus dilində nəşr olunmuşdur. İlham müəllimin Rusiyada tanınmış hüquqşünas alimlərlə - (Qolik Y.V., Korobeyev A.İ. və Lobaç D.B.) birlikdə yazdığı bu kollektiv monoqrafiya terrorizmlə mübarizənin müasir problemlərinin hüquqi təhlilinə həsr edilmiş maraqlı bir tədqiqat işidir.
Terrorizmlə mübarizənin müasir problemlərinin araşdırılmasına həsr edilmiş bu kollektiv monoqrafiya regional və qlobal terrorizmin müxtəlif problemlərinə və bu sahədə mövcud olan qanunvericilik sənədləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Professor İ.Rəhimovun sonuncu kitabı həmmüəlliflərlə (S.N.Baburin, J.V.Qolik, J.İ.Duk, A.İ.Korobeyev) birlikdə yazdığı “Qlobal transformasiyalar dövründə müasir dövlətçilik” (Sankt-peterburq, 2019) adlı kitabı da müasir dövlətçiliyin  mqsəd və mahiyyəti haqqında maraqlı tədqiqat əsəridir. Bu kollektiv monoqrafiya hazırki şəraitdə cəmiyyət və dövlətin inkişaf istiqamətləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Öz strukturuna görə altı fəsildən ibarət olan bu əsərdə müasir dövlətçiliyin əsas inkişaf istiqamətləri, hazırki dövlətlərin daxili və xarici çağırışları geniş şəkildə şərh edilmişdir.
Əlbəttə mən əminəm ki, İ.Rəhimovun cinayət hüququ sahəsindəki elmi yaradıcılığı yuxarıda qeyd etdiyimiz əsərlərlə bitməyəcək. Cəmiyyətdə baş verən dəyişikliklər və onun inkişaf dinamikası göstərir ki, başqa sahələrdə olduğu kimi cinayət hüququ sahəsində də araşdırılması zəruri olan mövzular çoxdur. Mən uzun illərdən bəri İlham müəllimi yaxşı tanıyıram. Məhz onu yaxşı tanıdığıma görə, onun elmə bağlılığını, elmi-tədqiqat sahəsində yorulmadan çalışmaq qabiliyyətinə bələd olduğuma görə inanıram ki, İ.Rəhimov cinayət və cəzanın sosial-fəlsəfi problemlərinin yeni aspektlərinin tədqiq edilməsi ilə bağlı elmi yaradıcılığını davam etdirəcəkdir.

Mən bu kiçik həcimli yazıda həm Rusiya Federasiyasında, həm də Azərbaycanda tanınmış hüquqşünas alim, professor İ.Rəhimovun elmi yaradıcılığı haqqında öz düşüncələrimi yazmağı özümə borc bildim. Mən onun elmi yaradıcılıqdan başqa cəmiyyətdəki digər fəaliyyətləri haqqında heç nə yazmadım. Çünki mən bilirəm ki, İ.Rəhimovu tanıyanlar onun öz elini-obasını sevdiyini, xalqımıza, dövlətimizə qəlbən bağlı olduğunu yaxşı bilirlər. Son illərdə İ.Rəhimovun cəmiyyətimizdə sosial-iqtisadi və humanizm baxımından xeriyyəçilik fəaliyyəti hamıya bəlli olduğu üçün mən bu haqda heç nə yazmadım. Mən bu məqalədə İ.Rəhimovun geniş elmi yaradıcılıq fəaliyyətini dəyərli oxucularımıza qısa şəkildə şərh etməyə çalışdım.  
Bu baxımdan İlham Rəhimova uzun illərdən bəri tanıyan köhnə dostlarından biri kimi mən də onu 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, tükənməyən yaradıcılıq enerjisi və əzizləri ilə birlikdə mənalı ömür arzulayıram.


Prof. İ.Rəhimovun son illərdə cinayət hüququnun fəlsəfi və sosioloji problemlərinə həsr edilmiş azərbaycan, rus, ingilis, alman, italyan və çin dilində olan kitabları

 

09.01.2021 13:31:00
Oxuma sayı: 11711