Sabiq müşavirin qızıl qalmaqalı: “Sən məmur adamsan, 10-20 kiloqram qızılın haradandır?”
Ölçü:


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin həbs etdirdiyi qohumu Rövşən Əhmədovun səhhəti  ağırlaşıb. Böyrəyində kəskin ağrılar əmələ gələn Rövşən Əhmədov təcili şəkildə Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Koordinat.az xəbər verir ki, bu barədə musavat.com-a onun vəkili Türkel Süleymanlı bildirib. O, deyib ki, müvəkkilinin müayinəsi zamanı onun böyrəyində ciddi fəsadların olduğu üzə çıxıb. Onun sözlərinə görə, müvəkkilinin böyrəyində təcili əməliyyata ehtiyac var.

Vəkil qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən müvəkkili barəsində qeyri-qanuni olaraq həbs qərarı verilib: “Bununla bağlı Ali Məhkəməyə şikayət vermişik. Məhkəmə şikayəti baxılmamış saxlayıb. Həmin qərardan Konstitusiya Məhkəməsinə şikayət edəcəyik. Tamamilə qanunsuzluq edib bəraət almış şəxs barədə qətimkan tədbiri seçib. Bundan başqa, Rövşən Əhmədov həbs olunan anda psixiatrik xəstəxanada olub. Məhkəmə bilə-bilə ki, Rövşən Əhmədov xəstəxanadadır, barəsində həbsli axtarış verib. Bu, məhkəmənin qərəzlindən başqa bir şey deyil. Hakim Əmir Bayramovun ittihamedici əsasla hökm çıxaracağına da əminəm”.

T.Süleymanlı deyib ki, bu, hakim  Əmir Bayramovun ilk belə qərarı deyil: “2017-ci ilin dekabrında müdafiə etdiyim digər bir şəxs barədə Bakı Ağır Cinayətlər Məhkəməsi 70-ci maddəni tətbiq etməklə şərti cəza çıxarmışdı. İş üzrə zərərçəkənlərin heç bir şikayətləri yox idi. Həmin adam xəstəxanada idi. Hakim Əmir Bayramov xəstəxanaya sorğu vermişdi və xəstəxanada olması haqda cavab da almışdı. Bunu bilə-bilə şəxsin barəsində axtarış verib həbs eləmişdi. Hakimin yeri bilinməyən, qaçıb gizlənən deyil, xəstəxanada olan şəxs barəsində axtarış qərarı verməsi hansı məntiqə sığır? Məhkəmənin qərəzi burada görünür”.

Rövşən Əhmədovun 700 min manatlıq ev alması ilə bağlı Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifovun fikirlərinə Türkel Süleymanlı belə cavab verib: “Həmin fikirlər də hamısı ağ yalandır. 700 min manatlıq ev alınmayıb. Mən bütün jurnalistlərdən xahiş edirəm ki, belə bir yalan onlara deyilirsə, sənəd tələb etsinlər. Həmin evin ünvanı, harada yeləşməsi, nə vaxt və kim tərəfindən alınması haqda məlumatları alsınlar”.

Vəkil iş üzrə şahidlərlə bağlı da danışıb: “Dırnaqarası şahidlər iş üzrə istintaq və məhkəmə dövründə olmayıblar. Şahid dedikləri kimlərdir - Çingiz Baxşıyev özü, həyat yoldaşı, onun qızları və yeznəsi. Bildiyimə görə, qarşı tərəf apelyasiya mərhələsində kənar şahidlər tutub gətirib. Sual olunur, 1 ildən çox istintaq, ardından da məhkəmə gedib, əgər şahidlər var idisə, niyə həmin vaxt təqdim olunmayıb? Bildiyim qədər bir taksi sürücüsü tapıblar və o da deyib ki, Rövşən Əhmədov gəlib mənə dedi ki, 30-40 dənə qızıl onluğum var, kömək edə bilərsən bunları sataq.  Sual olunur, indiki vaxtda kimin qızıl satmaqda kimə ehtiyacı var? Taksi sürücüsünə müraciət etmək əvəzinə gedib istənilən zərgərə həmin qızılı sata bilməzdi?”

Vəkil deyir ki, ittiham ancaq və ancaq Çingiz Baxşıyevin quru ifadəsinə əsaslanır: “Çingiz Baxşıyevdən pulların mənbəyi haqda bir fikir soruşulmur. Ondan soruşmalıydılar ki, sən məmur adamsan, sənin 10-20 kiloqram qızılın haradandır? Bu gün kimsə çıxıb deyə bilər ki, mənim 80 min manatlıq kompüterimi oğurlayıblar. Ondan, hər halda, dediyini sübut edəcək kompüterin sənədini soruşan olacaq. Çingiz Baxşıyevdən soruşmayıblar ki, ay məmur, 800 min manat qiymətləndirdiyin qızılları haradan, nə vaxt almısan? Çingiz Baxşıyev istintaqda deyir ki, qızılları fevralın 12-də qızına təhvil verib. Rövşən Əhmədov isə deyir ki, fevralın 2-də təhvil verib. Çingiz Baxşıyev qızılları 12-də təhvil alıb və deyir ki, sonrakı dövrdə  xəstə olduğundan martın 28-də skoçla bağlanmış bağlamaları açıb və görüb ki, qızılları əskik gəlir.  Halbuki o, Gömrük Hospitalında fevralın 12-dən 14-nə qədər müalicə alıb. Bundan başqa, istintaq və məhkəmə dövründə sorğular verilib və deyilən dövrdə Çingiz Baxşıyevin Azərbaycandan xarici ölkələrə bir neçə dəfə gedib qayıtdığı məlum olub. Onun xarici ölkəyə gedib gəlməyə vaxtı olubsa, demək, Bakının içində gedib qızının evində qızılları olan bağlamaları açıb baxmağa da vaxtı olub. Ay yarım içində həmin qızılların içinə bomba da qoymaq olardı, açıb götürmək də. Bundan heç kimin xəbəri də olmazdı. Fevralın 12-də Rövşən Əhmədovun qızının toyu olub. O da qızılları ona görə fevralın 2-də qaytarıb ki, evə gedib gələnlər çox olub. Tutaq ki, Rövşən Əhmədov qızılları qızının toyundan əvvəl oğurlayıb və toy günü də bağlamanı aparıb verib. Yəni ən azı düşünərdi ki, Çingiz Baxşıyev bağlamaları həmin gün, ertəsi gün açıb baxar və qızılların oğurlandığını görərdi, şikayət edərdi. Onu da tutub aparardılar. Heç şikayət etməyib, toyda gəlib onu biabır edərdi. Üstəlik, həmin bağlamalara ay yarım ərzində Çingiz Baxşıyevin qızının, kürəkənin, qulluqçularının da əl vurmaq imkanı olub. Bu adamlar deyirlər ki, biz toxunmamışıq. Onların dedikləri Quran ayəsi olur, Rövşən Əhmədovun dedikləri isə yalan olur? Rövşən Əhmədov supermendir ki, aylarla həbsdə qalır, məhrumiyyətlərə məruz qoyulur və qızılların yerini demir?”  

Bakı Apelyasiya Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin həbs etdirdiyi qohumu Rövşən Əhmədovun işi üzrə proses başlanıb. Çingiz Baxşıyev R.Əhmədovun onun qızıllarını oğurladığını iddia edir. Sonuncu isə ittihamı qəbul etmir və onun Çingiz Baxşıyevin “qara biznesi”nə bələdçiliyi olmasına görə susdurulması üçün şərləndiyini bəyan edib.
07.02.2018 12:07:21
Oxuma sayı: 3694