Cəcur döyüşçü Şəhriyar Ağalı haqqında ballada
Ölçü:


Oqtay SALAHLI,
"Yenilik" qəzetinin keçmiş əməkdaşı

(Kəlbəcər)

Gözünü dünyaya açandan vətən həsrətli şeirlər ona ana laylasını əvəz etmişdi.Şəhriyar doğulmamışdan iki il əvvəl doğma yurdu  Ermənistanın təcavüzünə məruz qalmış,valideynləri  döğma Kəlbəcər rayonunun  Başlıbel kəndini  tərk edərək Bərdə rayonunda məskunlaşmağa məcbur olmuşdular.

Nənəsi Bağdat Mirzəyeva yurd nisgilli şeirlərin müəllifi kimi məşhurlaşmışdı:
Düşmən vəhşi, yolum yoxdu qaçam mən,
Çovğun qoymur gözlərimi açam mən.
Aman Allah, kaş quş olub uçam mən
Qanad çalıb Vətənimə gedəydim.    

Nənəsinin Vətənə qayıtmağa səsləyən şeirlərini daha çox bəyənirdi. Həmin şeirlərə qulaq asdıqca düşmənə nifrəti gündən-günə artır,işğalda olan torpaqlarımızı  azad etmək,düşməndən şəhidlərimizin intiqamını almaq həvəsi qəlbində alovlanırdı. Şəhriyar Oktay oğlu Ağalı 1995-ci ildə Bərdə rayonunda məskunlaşmış kəlbəcərli məcburi köçkün ailəsində anadan olmuşdur. Hərbi xidməti  başa vurandan sonra  ata-anasına müddətdən artıq hərbi xidmətçi kimi yenidən hərbi xidmətə  yollanacağını bildirəndə əvvəlcə ona etiraz etdilər. Lakin övladlarının vətənpərvərliyindən xəbərdar  olan valideynləri  onun təklifi ilə razılaşmaqdan başqa çarələrinin qalmadığından ona xeyir-dua verdilər.

Vətən müharibəsi başlayanda Şəhriyar Tərtər rayonundakı  "N" saylı hərbi hissədə xidmət edirdi. Həmişə həsrətlə düşmən tapdağı altında qalmış obalarımıza tərəf baxar, qəlbində bir nisgil yaşardı. Bu,Vətən nisgili idi. Ötən yay  Birinci Qarabağ Müharibəsində  kəşfiyyatçı kimi eldə-obada ad qazanan dayısı Natiqlə  Kəpəz dağının zirvəsinə çıxanda  oradan görünən Murovdağ yüksəkliklərindəki hərbi hissələrimizin mövqelərini müşahidə edərkən qəlbindən belə bir fikir keçmişdi: "Az qalıb, lap az qalıb! Bu mövqelər  tezliklə  Azərbaycan-Ermənistan sərhədlərində  qurulacaq.Ona görə də mən  mütləq ordu sıralarına qayıtmalıyam!"  Ordu sıralarına qayıtdı və  düşmənə qan uddurdu Şəhriyar. Ağdərə istiqamətində gedən döyüşlərdə  neçə-neçə düşməni məhv etdi. Döyüşlərdən birində özü də başından və qolundan qəlpə yaraları aldı.Yaralıları arxa cəbhəyə daşıyan təcili yardım maşınının sürücüsünə düşmən gülləsi dəydi.Sürücü ağır güllə yarası aldı. Şəhriyar sürücünün vurulduğunu görüb,özü də yaralı olmasına baxmayaraq tez sükan arxasına keçdi.Bütün gücünü toplayaraq maşını sürətlə sürüb döyüş ərazilərindən uzaqlaşdı.Arxadan atılan güllələrdən bir neçəsi təcili yardım maşınına dəysə də  Şəhriyar maşını sağ -salamat Bərdə rayon mərkəzi xəstəxanasına çatdırdı. Bununla da həm yaralı sürücünün,həm də  maşında olan digər yaralıların həyatını xilas etdi. Şəhriyar Ağalı xəstəxanada olanda da həkimlərdən xahiş edirdi ki, onu yenidən ön cəbhəyə buraxsınlar. Həkimlər onun israr etdiyini nəzərə alıb,yaralarının yüngülləşdiyinə görə ona ön cəbhəyə  getməyə icazə verdilər. O, xəstəxanadan birbaşa ön cəbhəyə yollandı. Dəfələrlə döyüşlərdə iştirak etdi,qəhrəmanlıqlar göstərdi. Nəhayət, 44 günlük Vətən Müharibəsi şanlı ordumuzun qələbəsi ilə başa çatdı.

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən Ağalı Şəhriyar Oktay oğlu Vətən Müharibəsində xidmətlərinə görə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur. Artıq milyonlarla soydaşlarımız kimi Şəhriyarın da arzusu həyata keçmiş,işğalda olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə  qəhrəman döyüşçülərimizin şücayəti, şəhidlərimizin qanı bahasına düşmənlərdən azad edilmişdir. İndi Şəhriyarın qəlbindən keçən  yeni arzular işğaldan azad edilmiş ərazilərimizdə  hərbi xidmətini davam etdirmək və  doğma kəndi Başlıbeldə  həyatın qaynadığını görməkdir.  
 
21.12.2020 15:11:00
Oxuma sayı: 3211