Növbədənkənar seçki haqqında… növbənöv ehtimallara ehtiyac varmı?
Ölçü:


Elşən ƏLİYEV
    
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyev dövlətin Əsas Qanununun ona verdiyi səlahiyyətdən istifadə edərək belə bir qərar qəbul edib.

Gözlənilən idimi?

Əslində, hələ 2016-cı ili yayında keçirilmiş referendumun nəticələrini qiymətləndirərkən bəzi siyasi təhlilçilər növbədənkənar prezident seçkiləri keçiriləcəyini proqnozlaşdırırdılar. Hətta ötən ilin martını konkret tarix kimi göstərənlər də var idi.

Müxtəlif arqumentlərə istinad olunurdu: Seçki Məcəlləsinə edilən dəyişikliklər, dövlət idarəçiliyində yeni institutların tətbiqi, “yaşlı” hökumətun “cavanlaşdırılması” və s. Müzakirələrin qızışdığı vaxtda dövlət başçısı özü xarici KİV-ə müsahibəsində bu məsələyə nöqtə qoydu: növbədənkənar seçki olmayacağını bildirdi…

Bəs indi nə baş verir? “Növbədən kənara çıxmağı” zəruri edən nədir?

Yenə öncə deputatlar, sonra da müxtəlif yönümlü təhlilçilər rəylərini ictimaiyyətə çatdırmağa başlayıblar.

Bir nəfərin bu mövzuda isti-isti yazdığı və feysbukda paylaşdığı qeydləri oxudum…  Prezident seçkisinin altı ay irəli çəkilməsini bəzi məlum və məchul amillərlə bağlayır. Dövlət başçısının qərarının da məhz bunları “qabaqlamaq və zərərsizləşdirmək” məqsədi daşıdığını ehtimal edir.

Oxuduqca xoflanırsan: xarici qüvvələrin ölkəmizdə iğtişaş törətmək planları, ermənilərin “Aprel” qisası və bunlar da olmasa, təhlükəsizliyimizə qarşı yönəlmiş hansısa hədədən ali rəhbərliyin xəbər tutması…

Məncə, belə yersiz və əsassız ehtimallar irəli sürüb, özünü və başqalarını bunlara inandırmağa cəhd göstərmək “analitik ədəbazlıq”dan başqa bir şey deyil.
Siyasi rəyləri, bir çoxları kimi, məndə də rəğbət və etimad doğuran hörmətli Tofiq Abbasovun dövlətimizin başçısının gözləniməz addımına münasibəti daha obyektiv hesab edilə bilər. Növbədənkənar seçkilər ölkə həyatında islahatların yeni bir mərhələsinin başlanğıcıdır və ölkə rəhbərinin öz komandasını bu mərhələnin dinamikasına uyğunlaşdırmaq istəyini ifadə edir.

Prezidenti növbədənkənar seçkiyə aparan öz gücünə inam və bu inama söykənərək müəyyənləşdirdiyi strateji məqsədlərə daha tez çatmaq istəyidir. Bu istəyi hücum taktikası da hesab etmək mümkündür. Bütün istiqamətlərdə… O cümlədən Qarabağ məsələsinin həlli məsələsində… Xalqın yekdil dəstəyi Prezidentə qarşıdakı yeddi illik müddətin lap əvvəllərindəcə bu bir qərinəlik problem həll etmək imkanı verə bilər. Ən azı, biz bunu arzulayırıq.

Qaldı, seçkinin növbədənkənarlığı ilə bağlı ehtimallara, indi bunların heç bir əhəmiyyəti yoxdu! Bizə yalnız seçmək düşür…
 
06.02.2018 17:44:22
Oxuma sayı: 1466