Dizelin bahalaşması müzakirə də olunmamalıdır - fermerlər səksəkədə
Ölçü:


"“Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil".

Koordinat.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlər dizel yanacağının bahalaşa biləcəyi barədə söz-söhbətlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır: "Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var”.

Ekspert qeyd edib ki, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac yoxdur.

Xatırladaq ki, "Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirərkən, Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini qeyd edib. O, Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərclərinin “Premium" markalı benzinin qiymətinə təsir edən amillər olduğunu bildirib.
14.11.2017 10:18:00
Oxuma sayı: 60