Türkiyə Qafqazda geosiyasi mənzərəni dəyişir
Ölçü:

"Üçtərəfli anlaşmadan sonra Türkiyə Cənubi Qafqazda görünməmiş diplomatik və hərbi rol oynayacaq. Aydındır ki, Türkiyənin sülh prosesində iştirakı Rusiya ilə gərgin müzakirələrdən sonra qazandı. Türkiyənin iştirakının hansı səviyyədə olması, Rusiya sülhməramlıları ilə birlikdə ortaq monitorinq mərkəzindəki heyətindən başqa qoşunların olub-olmayacağı qeyri-müəyyəndir".

Koordinat.az xəbər verir ki, bunu  ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib. O, Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacağı barədə eşitdiyini deyib: "Bu, həqiqətən geosiyasi reallığı dəyişir. NATO-nun ikinci böyük ordusu Azərbaycan ərazisində iştirak edir və Rusiya buna qarşı çıxmır. Bu, əvvəllər heç vaxt baş verməmişdi. Türk dəstələri sonuncu dəfə razılaşma ilə Cənubi Qafqazda 1796-cı ildə yerləşmişdi. Ermənistan üzərindən Azərbaycana çəkiləcək Naxçıvan dəhlizi ilə Türkiyə özünün və Azərbaycanın idarəsində olan ərazidə quru tranzit yolunu əldə etdi və bu, Türkiyə və NATO üçün böyük geosiyasi qazancdır".

Metyu Brayza əmindir ki, de-fakto olaraq üçtərəfli sülh razılaşması mövcuddur və bu anlaşma qüvvədə qalacaq: "Yeni döyüşlərin baş verəcəyini düşünmürəm, çünki Ermənistanın Dağlıq Qarabağı əhatə edən 7 rayondan geri çəkilməsi və Azərbaycanın Şuşanı işğaldan azad etməsindən sonra edəcəyi bir şey yoxdur. Qarabağda Ermənistandan ancaq Xankəndi, Xocalı və Xocavənd kimi ərazilərdə mülki şəxslər qalıb. Ermənistanın Azərbaycanla heç bir müharibə etmək qabiliyyəti qalmayıb. Ermənistan ordusu məhv edilib və beləliklə, razılaşma öz qüvvəsində qalacaq".

Sabiq səfir bundan sonra bölgənin gələcək geosiyası durumu barədə də nikbindir: "Gələcək geosiyasi vəziyyət çox əhatəli olacaq və biz bunu görəcəyik. Rusiya və Türkiyənin Azərbaycanda görünməmiş bir rol oynadığını bilirik. Ermənistan uzun müddət zəif olacaq və kənarda qalmış bu dövlət Azərbaycana heç bir təhdid təşkil etməyəcək".


O ki, qaldı İranın regiondakı geosiyasi dəyişikliklərdə iştirak imkanlarına, Brayza deyib ki, İran Azrəbaycanın işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərində öz mövcudluğunu arzulayır. Ancaq Azərbaycanın rəsmi Tehranın bu cür təkliflərinə hansı qarşılıq verəcəyi, İrandan hər hansı gözləntisinin olduğu tam aydın deyil.
05.12.2020 15:47:00
Oxuma sayı: 267