Şəhid ailələrinə sosial ödənişlərin məbləği artırıla bilər
Ölçü:


Azərbaycanda şəhid ailələri və müharibədə yaralanmış şəxslər üçün "hərtərəfli proqram müəyyənləşdirilir və onlara bütün sahələrdə imtiyazların verilməsi nəzərdə tutulacaq".

Koordinat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa BBC-yə bildirib. O, deyib ki, bu müavinətlər ilkin dövr üçün nəzərdə tutulur və bu məsələyə gələn il baxıla bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb ki, şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə üst-üstə aylıq təxminən 600-700 manat ödənildiyini açıqlayıb.

Azərbaycan sentyabrın 27-də Ermənistanın işğalı altında olan torpaqlarının azadlığı üçün əks-hücum əməliyyatlarına başlayaraq 44 gün müharibə aparandan sonra belə bir açıqlama sosial mediada birmənalı qarşılanmayıb.

Bəzi sosial media istifadəçiləri həyatını və ya sağlamlığını döyüşlərdə itirmiş şəxslərə və ya onların ailələlərinə veriləcək bir müavinətdə əmək stajı məsələsinə diqqət yönəldiblər.

Azərbaycanda ölkə suverenliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirərkən həyatını və ya sağlamlığını itirən şəxslərlə bağlı müxtəlif müavinətlər və Prezident təqaüdü var.

Sosial mediada narazılıq necə yaranıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı "Facebook" hesabında bildirib ki, şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir: "Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir".

Nazirlik rəsmisi şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əlavə olaraq, əmək stajından asılı olaraq pensiya və ya müavinət (orta məbləğ 400 manat), onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) və Prezidentin aylıq təqaüdü (210-300) ödənildiyini açıqlayıb. Bundan başqa şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları müxtəlif sosial proqramlarla təmin olunurlar, o cümlədən dövlət vəsaiti hesabına təhsil haqqından (ehtiyac olduqda) azad edilirlər, mənzil və avtomobillə təmin olunurlar.

"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib,"- Fazil Talıblı qeyd edib.

İkinci Qarabağ Müharibəsində əsasən, gənclərin döyüşdüyünü əsas gətirən bəzi sosial media istifadəçiləri yazırlar ki, 2000-2001-ci ildə doğulanların əmək stajları nə qədərdir ki, ortalama 400 manat pensiya verirlər?

700 manatlıq sosial ödənişi yetərli məbləğ saymayan bəzi sosial media istifadəçiləri deyirlər ki, həlak olmuş və ya sağlamlığını itirmiş bəzi hərbçilərin iki, ya üç övladı var və bu məbləğ onların zəruri tələblərini qarşılamayacaq.

BBC News Azərbaycanca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən suallarına hələ cavab ala bilməyib.

"İmtiyazların verilməsi bütün sahələrdə nəzərdə tutulacaq"

BBC-yə danışan millət vəkilləri şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə ödəniləcək müavinətlərin məbləğinə gələn ilin büdcəsində baxıla biləcəyini bildiriblər. Deputat Fazil Mustafa şəhid ailələri üçün "nəzərdə tutulan müavinətlərin məbləğlərinin artırılması təklifinin ancaq may ayında, büdcəyə təkrar baxılarkən verilə biləcəyini" deyir: "İndiki məqamda müavinətlərə artım təklifini verməyimiz ona görə doğru deyil ki, biz dövlətin zəifləməsinə də yol verə bilmərik, çünki sıxıntılar çoxdur. Bu qazilərə olan münasibət deyil, sadəcə müavinətlərin məbləği büdcənin imkanına görə və deyərdim ki, büdcə imkanlarından daha da artıq müəyyən olunub.

Həm də bir şeyi unutmaq lazım deyil ki, dövlətin müharibədə çoxlu maliyyə imkanları sərf olunub, "hər bir silah-sursatın alınması, istifadəsi, günlük xərclər, logistik çalışmalar, eyni zamanda şəhid olan şəxslərin ailələrinə edilən yardımlar hamısı büdcədən gedən vəsaitlərdir və elə-belə rəqəmlər deyil".

Fazil Mustafa vurğulayır ki, şəhid ailələrinin hamısına 11 min manat vəsait verilir, "digər tərəfdən bank borcu olan şəhid və qazilərin də, həmçinin təhsil alan şəhid övladlarının da problemləri həll olunur. Bunlar hamısı böyük vəsaitlərdir, elə-belə rəqəmlər deyil".

Bu gün Azərbaycan Banklar Assosiasiyası qərar verib ki, müharibə zamanı həlak olmuş hərbçilərin və həlak olmuş mülki şəxslərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək, yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq.

Bu barədə Azərbaycan Banklar Assosiasiyası elan edib. Qurum bildirib ki, bu, bankların yekdil olaraq qərarıdır. Onun sözlərinə görə, müavinətlərdən başqa, sözügedən şəxslər üçün müəyyən medallar və ordenlər yaradılıb.

Fazil Mustafa onu da qeyd edir ki, əlavə güzəştlər və digər imkanların yaradılması üçün yaralananların və həlak olanların sayının dəqiqləşdirilməsi məsələsi gündəmdədir.

"Üstəlik indi dövlətin koronavirusla bağlı da xərcləri artıb. Ona görə də neft gəlirlərinin də aşağı düşməsi ilə büdcə imkanlarına görə bu məsələdə müəyyən problemlər ortaya çıxıb. Bu məsələ ətrafında hökumət də düşünür. İlkin mərhələdə bu büdcənin imkanları səviyyəsində məbləğlər müəyyənləşdirilir. Gedişat zamanı, yəni, büdcə imkanları artdığı təqdirdə müavinətlər də artırılacaq, çünki qazilərə verilən diqqət həm ölkə başçısı və Azərbaycan cəmiyyətinin ən yüksək prioritet məsələsidir," cənab Mustafa deyib.

Büdcənin müzakirəyə çıxarılmasının bir ay yarım gecikdiyini vurğulayan Fazil Mustafa dəqiq tarix verməsə də bildirib ki, yaxın günlərdə büdcə müzakirəyə çıxarılacaq və qərar veriləcək.

"Çalışacağıq ki, hökuməti bu müavinətləri artırmağa yönəldək"

Deputat Rasim Musabəyov deyir ki, "şəhid ailələri və qazilər üçün nə mümkündürsə, maliyyə vəziyyətini nəzərə almaqla, hər şey artıqlaması ilə ediləcək".

"Milli Məclisdə də imkan çərçivəsində bütün xərcləri heç bir maneə görmədən, əksinə harda imkanımız olsa, Maliyyə Nazirliyinin təqdimatına əlavə də edərik. Biz çalışacağıq ki, hökuməti bu müavinətləri artırmağa yönəldək. Ancaq biz indi hələ büdcəni heç görməmişik. Büdcə qaydalarına görə o, çoxdan müzakirə olunmalı idi. Ancaq o dəyişiklər ki, ortaya çıxdı, Maliyyə Nazirliyi artıq hazır büdcəni yenidən işləməyə məcbur oldu. Hələ gəlib çıxmayıb".

Milli Məclisdə də Covid-19-la bağlı problemlərin olduğunu deyən Rasim Musabəyov hələlik heç komitələrdə də müzakirələrin başlamadığını deyir.

Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə ödəniləcək müavinətlərin məbləğinə gələn ilin büdcəsində baxıla bilər: "Şəhid ailələrinə verilən aylıq müavinətin məbləğinə yenidən baxılması təklifinin parlamentə verilməsi gözləniləndir".

Aydın Mirzəzadənin sözlərinə görə, hökumət dövlət tərəfindən verilən müavinətlərin, sosial yardımların məbləğinə vaxtaşırı yenidən baxır: "Ona görə də bununla bağlı, yəni müavinətlərin artırılması təklifinin gəlməsi tamamilə gözləniləndir".
04.12.2020 19:21:00
Oxuma sayı: 49